Свобода людям, независимость нациям!

Bioloji mərkəzdə bıçaqlanma

1516 11.05.2022 09:30 Колумнисты A A

“Qurdlu paxlanın kor alıcısı olar”

(Azərbaycan ata sözü)

Bu yaxında bir qəribə təkzib oxuduq. Təkzibin müəllifi hörmətli DTX idi və Rusiyaya ünvanlanmışdı. Deyir sizin açıqlamanız yalandır, Azərbaycanda heç vaxt bioloji silahlar üzrə elmi mərkəzlər, laboratoriyalar olmamışdır.

Təkzibin qəribəliyi isə onda idi ki, biz Rusiyanın adından belə rəsmi bəyanatın verildiyini heç yerdə görməmişdik. Görünür, haradasa veriblər. Cəsur çekistlərimizin ayıq-sayıqlığına şübhə etməyə hər hansı əsaslarımız ola bilməz. Ümumiyyətlə, biz dövlətə şəkk eləmirik. Hansı jurnalist şəkk eləyirsə, ən yaxşısı budur bıçağı qarnına soxub özünü öldürsün. Bu temaya sonra qayıdarıq.

Hələliksə bioloji silah qayıran elmi mərkəz təxribatının haradan qaynaqlandığı üzərində düşünməliyik. Rusiya Ukraynaya savaş açandan belə cəfəngiyyat iddiaları çox irəli sürmüşdür. Bir ara deyirdilər Ukraynada ABŞ-ın bioloji laboratoriyasını tapmışıq, orada xüsusi olaraq slavyanların genini dağıdan bakteriya və viruslar yetişdirilir, sonra həmin xəstəlik törədiciləri uçan quşlar vasitəsilə Rusiya ərazisinə yayılır. O qədər xəstə dezinformasiya idi ki, elə ukraynalıların özünün slavyan geni daşıdığını yaddan çıxarmışdılar, həmçinin quşu konkret hansısa ölkəyə necə yönəltmək olar? Birdən uçdu getdi Amerikaya...

Üstəlik, son 20 ildə kimyəvi-bioloji silahlar tətbiq edib öz siyasi rəqiblərini, müxalifəti həm Rusiyada, həm xaricdə öldürmək Putin rejiminin əsas xüsusiyyətidir. Burada el məsəlimiz yada düşür: “Necəsən, adımı sənə qoyum, səni də yana-yana?!”

Ancaq bizi, yekəpər politoloqlar demişkən, Azərbaycana yönəlik təhdidlər düşündürür. Mənə elə gəlir rusların bu iddiasının mənbəyini tapmışam. Yadınıza gəlirsə COVİD-19 pandemiyası qızışanda Azərbaycan Milli Elmlər Akademiyası bu xəstəliyin viruslarına qarşı elmi araşdırma apardığını, peyvənd saxlamaq üçün qablar düzəltdiyini açıqladı. Alimlərdən keçmiş nazir Əli Abbasov daha irəli gedərək ay ərzində neçə xəstənin əmələ gəldiyini qrafik əyrisiylə çəkdiyini söylədi. Bunlar fısqırıq elmi kəşflər idi, dərhal Çin, ABŞ, Almaniya, Rasiya, Burundi, Cibuti kimi fövqəldövlətlər əleyhimizə hərəkətə keçdilər. İran kəşfiyyatı gizli əsasnamə hazırlamışdı, orada ərəb əlifbasıyla açıq-aydın yazılmışdı: “Biz qorxuruq Azərbaycan alimləri bu minvalla aftafa düzəltməyi də öyrənsin, bazarımız bağlansın”. Davamlı təzyiqlər nəticəsində AMEA şefi Ramiz Mehdiyev istefa verməyə məcbur oldu. Azərbaycan elminə dərin itki üz verdi.

Təbii ki, Yasamalda başqa gizli, yeraltı laboratoriyalarımız da var, orada alimlərimiz xiyardan Günəş enerjisi, səbət dalından gilas almaq, babasili qaymoritlə müalicə etmək, Ayın yemiş dilimi şəklində görünməsinin İmişlidə bostançılığa təsirləri, Mirzə Ələkbər Sabirin şeirlərində sinonimlər, Mirzə Fətəli Axundovun dramlarında omonimlər, Zəlimxan Yaqubun sinonimlərində şeirlər kimi dərin, fəlsəfi, lazımlı mövzularda araşdırmaları davam etdirirlər. Bu da düşmənlərin diqqətindən yayınmır, ancaq qəti qorxmağa ehtiyac yoxdur, əlaqədar orqanlar həmişə xarici düşmənlərin cavabını verir. Allah bizi daxili düşmənlərimizdən qorusun!

Bax, elə o daxili düşmənlər yenə ölkəmizdə guya jurnalistlərə təzyiq olması mövzusunu qabardır. Deyir bir nəfər zənən xeylağı jurnalist evinə gedəndə hansısa quldur bunun boğazına bıçaq dirəyib, hansısa yazı-pozusunu dayandırmağı tələb edibdir. Polis cinayət işi açıb, araşdırma gedirmiş.

Mən başa düşmədim, burada cinayət işi açmağa nə ehtiyac var idi? Əvvəlcədən bilinir ki, bıçağı boğazına jurnalist özü dirəyibdir. Bizdə həmişə belə olur. Görürsən müxalifətçi özünü çırpır, göz-başını qaraldır. Başqa aktivist öz xain başına torba keçirdir, gedir şəhərdən qıraqda özü-özünü döyür. Yaxşı yadımızdadır, 2005-ci ildə martın 2-də də bir jurnalist var idi, blokda özünə yeddi güllə vurmuşdu ki, dövlətçiliyimizə xələl gəlsin. O vaxt da nahaq yerə cinayət işi açıldı, heç kəs tapılmadı.

Hətta indiki halda ola bilər ki, jurnalist mətbəxdə kartof soyanda bıçaq əlindən sürüşüb, dirənib boğazına. Qərara gəlib bundan istifadə eləsin, hökumətə şər atsın.

Belə şeylərin kinosu da var. “Döyüşçü klubu” filmində adam dalaşır, qana bulaşırdı, axırda məlum oldu rəqib gözünə görünürmüş, özü-özünü döyürmüş. Əhvalat realda olmasa, kinosunu çəkməzdilər.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости