Свобода людям, независимость нациям!

Bəxtiyar insan

1581 10.12.2022 09:41 Колумнисты A A

“Xalqilə titrəyən, xalqilə gülən,

Vətənçin yaşayan, vətənçin ölən

Səmimi bir insan nə bəxtiyardır!"

(Mikayıl Müşfiq)

1948-ci ilin 10 dekabrında BMT insan hüquqları üzrə beynəlxalq konvensiya qəbul etmişdir. Bununla da insan haqlarının hər hansı dövlətin daxili işi olmadığı rəsmən qüvvəyə minmişdir. Ona qədər hər hansı dövlət istəsə vətəndaşlarını sərbəst şəkildə asa, gülləbaran edə, şaqqalaya və doğraya, qaz kamerasında boğub, yandırıb külünü göyə sovura bilərdi. Baxırdı dövlətin və hökumətin “qanacağına”. O baxımdan, insan haqları konvensiyasının qəbulu insanlıq tarixinin çox önəmli bir səhifəsi, necə deyərlər, dönüş nöqtəsidir. Düzdür, yuxarıda saydığım əməlləri eləyən dövlətlər yenə var, ancaq ən azından kimisə tutanda cəzalandırmaq da var.

Konvensiya qəbul edilən gün indi bütün dünyada İnsan Hüquqları Günü kimi qeyd edilir, hətta Kiribati adlı balaca ada dövlətində qeyri-iş günü sayılır. İnşallah, bir gün bizdə də qeyd edilsin, yoxsa bu dəqiqə hər it-pişiyin hüquqları bayramı var, bircə insanlarımızın yoxdur.

Lakin ədalətsiz olmayaq, insan hüquqları günü ölkəmizdə də qeyd edilir. Məsələn, dünən bu münasibətlə ictimai fəal Bəxtiyar Hacıyevi tutub qazamata basdılar. Xuliqanlıq və məhkəməyə hörmətsizlik maddələriylə.

Əlbəttə, məhkəməyə hörmətsizlik olmaz. Hakimə hörmət eləməlisən, necə lazımdır. İmkan daxilində. Kimin imkanı nəyə çatırsa.

Bəxtiyar Hacıyevin hörmətsizliyi isə məhkəmə iclası zamanı bir topa kağızı masaya vurmasıdır. Doğrudan da, əgər bir topa kağızın içində su nişanları yoxdursa, niyə bunu məhkəməyə gətirirsən, hələ üstəlik ora-bura çırpırsan?

İkincisi, Bəxtiyar bəyin başına gələnlər mənə Yaşar Türkazəri xatırladır. Rəhmətlik Yaşar bəy Meydan hərəkatı fəallarından idi, 1990-cı illərdə, AXC-Müsavat devriləndən sonra isə onu hər mitinqdə, piketdə həbs edirdilər. Belə şayiə yayılmışdı ki, “Qorotdel”in rəis müavini Yaşar Əliyevin Türkazərlə arası yoxdur, hətta tələb edib adını dəyişsin. O vaxtın görkəmli yazarlarından Məmməd Nazimoğlu isə bir dəfə “Aydınlıq” qəzetinin axırıncı, satirik “Çayçı Məhəmməd” səhifəsində belə bir zarafat yazmışdı: “Əbülfəz bəy Kələkidən Yaşar Türkazərə ismarıc göndərib, deyir, Yaşar, bəsdir tutuldun, tutula-tutula axırda türemşik olub gedəcəksən”.

Bax, son illərdə bizdə elə ay, hətta yalan olmasın, həftə olmur ki, Bəxtiyar Hacıyevi də tutmasınlar. Ən müxtəlif “cinayətlərdə” suçlanmışdır: əsgərlikdən yayınmaqdan başlamış, qaz oğurlamağa (bunu dəqiqləşdirmək lazımdır), xuliqanlıqdan təhqirə, böhtandan nə bilim, qız qaçırmağa qədər. Adam Harvard Universitetini bitirib, hardasa bir işin qulpunu tapşırmaqdansa, qulp qoyub içəri basırıq.

Özü də maraqlıdır, hökumətin Hacıyevə laqeyd, biganə olmasını iddia edə bilmərik, çünki yazıq indiyəcən dəfələrlə müraciət yazıb, “Məni vətəndaşlıqdan məhrum edin, çıxım gedim” deyib, lakin buraxmaq istəmirlər. Qəribə vəziyyətdir. Bir növ hökumətimiz Bəxtiyar Hacıyevin timsalında “nə əldən qoyur, nə yardan doyur”.

Qayıdaq məhkəməyə hörmətsizlik temasına, çünki bu söhbət şəxsən mənim xoşuma gəldi. Qardaşlar, bacılar, yaxından-uzaqdan gələnlər, axı necə olur, məhkəmə bizə hörmətsizlik edəndə hakimlərə medal taxırlar, biz məhkəmədə kağız tullayanda cinayətkar oluruq? Heç nə demirəm, elə son Tərtər işində 19 nəfərin bəraət almasını xatırlayın. Axı o adamları saxtakar hakimlər içəri salmışdılar. Di gəl, həmin hakimlərə “gözünüz üstdə qaşın var” deyən yoxdur. Yalnız gözdən pərdə asmaq üçün hər il Məhkəmə Hüquq Şurası bir-iki nəfərə mənasız töhmət verir, bir də Sumqayıtda hakim tutulub. Vəssalam, şüttəmam. Azərbaycanda istənilən şüurlu, anlaqlı adamdan “Necə edək hüquqi dövlət qurulsun, yaxşı yaşayaq” sualını soruş, birinci cavabı “Müstəqil məhkəmələr lazımdır” olacaq.

Gələn dəfə Bəxtiyar Hacıyevi Bəxtiyar Vahabzadənin adını oğurlamaqda ittiham eləyəcəklər. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости