Свобода людям, независимость нациям!

Bəxt açan məhkəmə

1667 23.12.2023 10:14 Колумнисты A A

“Falçı falçıya fənd qurmaz”

(Azərbaycan ata sözü)

Dövlətin gördüyü tədbirlər nəticəsində hər il minlərlə vətəndaşımızın bəxti açılır. Onlar ev, təqaüd, medal alır, ərə gedir, xoşbəxt gələcəyimiz üçün uşaq doğur, qəzetdə köşə yazır, efirdə şpaqat açırlar. 

Ancaq bəxti açılmayan yoldaşlar da, təəssüf ki, vardır. Yəqin hökumətimiz bu istiqamətdə hələ çox işlər görməlidir. Maşallah, bizdə sərhədlərdən başqa hər şey açıqdır, bəxt niyə bağlı olsun? Bəxti bağlı saxlamaq bəzən xaricdən maliyyələşən qara qüvvələrin pis niyyətindən doğur, lakin bugünkü mövzumuzda onlara toxunmaq istəmirəm, Allah vurmuşdu elə onları... Mövzumuz həqiqətən bəxti bağlı qalan sadə vətəndaşın əhvalatıdır. Yaxın oturun, yanınıza qarğıdalıdan-tumdan qoyun, maraqlı tema var. 

Demək, əhvalat cərəyan etmişdir Lənkəran tərəfdə. Türkəkəran kənd sakini Aytən xanım ərə getməkdə çətinlik çəkirmiş, ona görə rayon mərkəzində cadugər Sayalı xanıma müraciət etmişdir. (Adlar şərtidir; o da qəribədir ki, bizdə qəzetdə kiməsə şərti ad qoyanda cadugər adətən “Sayalı” adı daşıyır - Z.H.). Bundan qabaq isə Lerikdə mollaya gedib, molla deyib sənə cadu ediblər, həyətdə basdırıblar. Aytən xanımın Sayalı xanımla görüşməkdə məqsədi də həmin caduların aşkara çıxarılması olmuşdur. 

Nə başınızı ağrıdım, Sayalı xanım caduları həyətdən qazıb çıxarıb, bu məqsədlə Aytən xanımdan 600 manata yaxın pul alıbdır. (Sənətkar cadunun 1 ədədini 150 manata qazıb çıxarırmış, üst-üstə 2 cadu aşkar edilmişdir. Pulu artıqlamasıyla ödəməsini isə bəxti bağlı qız çəkilən əziyyətlə bağlamışdır). Ancaq sonra polisə şikayət edib. Nəticədə dələduzluq maddəsiylə cinayət işi açılıb. Lənkəran rayon məhkəməsində.

Zərərçəkənin orda dindirilməsindən sitat: “Əslində Sayalı xanıma yalnız həyətimdə 500 manat və 20 manat taksi pulu vermişəm. Bundan əvvəl Astara rayonuna Yetər xanımın yanına getmişəm. Ola bilsin, ona verdiyim pulla bu pulu qarışdırmışam. Mən polislərin qurbanı olmuşam və onlar mənə nə deyib, mən də onların dedikləri kimi etmişəm. Bunları müstəntiq Aqşin müəllim mənə deyib. Mən də Aqşin müəllimin dediyi kimi etmişəm. Hazıra mən ortalıqda tək qalmışam”. Sitatın sonu. 

Bəli, məhkəmə bu dolaşıq söhbətdən sonra ortada zərərçəkən və dələduzluq olmadığı üçün cadugərə bəraət hökmü çıxarmışdır. Allah bilir, bəlkə də Sayalı xanım Lənkəran rayon məhkəməsinə cadu oxuyubdur, onların qətnamə çıxaran əllərini qurutmuşdur. Nə biləsən... Qorxunun gözləri böyük olur. 

Hökmdən sitat: “Təqsirləndirlən şəxs qabaqcadan zərərçəkmiş şəxsi tanımayıb, hansı kənddə və hansı ünvanda yaşadığını bilməyib, qabaqcadan da bilə bilməzdi ki, zərərçəkmiş şəxs ona öz problemləri ilə əlaqədar müraciət edəcək. Buna görə də o, qabaqcadan orada hər hansı cadu basdıra bilməzdi”.

Möhtəşəmdir. Açığı, son vaxtlar heç belə kef eləməmişdim. Ancaq hələ durun, hökmün anekdot hissəsi qurtarmayıb. Sitat: “Məhkəmə qeyd edir ki, elə insanlar var, onlarda öncəgörmə qabiliyyətləri olur. Misal üçün, Nostradamusu, Vanqanı, gürcü xanımı Cunanı, azərbaycanlı Zirəddin Rzayevi göstərmək olar. Zərərçəkmiş şəxsin xahişi əsasında caduların yerini aşkar etməyə qabiliyyəti olan təqsirləndirilən şəxs heç vaxt olmadığı bir həyətdə basdırılmış caduların yerini dəqiq göstərirsə, bu dələduzluq əməli deyil. Onları neçə aşkar edir, artıq bu onun işidir. Bu qabiliyyətə görə şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Təqsirləndirlən şəxs müəyyən muzd qarşılığında xidmət göstərib və xidmət haqqı olaraq zərərçəkmiş şəxs təqsirləndirlən şəxsə 300 manat istədiyi təqdirdə 500 manat pul verib. Zərərçəkmiş şəxs 20 manatı da taksi fəaliyyəti ilə məşğul olan sürücüyə görə verib”. Sitatın sonu. 

Bəli, artıq öncəgörmə qabiliyyətinin varlığı Lənkəran rayon məhkəməsinin qərarıyla qəti şəkildə isbata yetmişdir, presedent hüququ qazanmışdır. O cümlədən, cadu basdırmaq sənəti. 

Lənkəran camaatına uzun ömür, can sağlığı və səbir diləyirəm. Onlar Zirəddinə və Vanqaya inanan hakimin əlinin altında yaşayırlar. Ta bəxt necə açılır?!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости