Свобода людям, независимость нациям!

Beş qardaşdır, beşi də …pərəst – Müsyö prezidentlərin erməni sevgisi dastanlara sığmaz

2483 13.10.2023 14:35 Колумнисты A A

Son aylarda adama elə gəlir ki, Azərbaycan dövləti və Qarabağ erməniləri arasında 35 ildən bəri davam edən, ötən ay böyük ölçüdə öz həllini tapan münaqişənin tərəf-müqabili nə Ermənistan dövləti, nə də indiyədək zənn etdiyimiz kimi Rusiya deyil, Fransadır.

Bu fikrə gəlməyə bu dövlətin siyasi rəhbərliyinin, deputatlarının, diplomatlarının ard-arda verdikləri açıqlamalar, tutduqları mövqe, məsələni beynəlxalq təşkilatların gündəliyinə qaldırmaq təşəbbüsləri əsas verir.

Göz önündədir ki, Qarabağdan Rusiya əl çəkib, Ermənistan, demək olar ki, imtina edib, amma Fransa dincəlmir ki, dincəlmir.

Fransızların ermənilərə sevgisini bu qədər fenomenallaşdıran, platonik edən səbəblərdən bəhs etməyək. Uzun söhbətdir. Bunu artıq politologiya elminin bilgi və kriteriyaları izah edə bilmir.

Fransada siyasilər arasında erməni məsələsinə dair bir çatlaq səs yoxdur. Onlar iqtidarlı-müxalifətli bu məsələdə yekdildirlər. Hazırda Fransız siyasilərin yeganə ortaq məxrəci məhz erməni məsələsidir.

Təkcə son 30 ildə Fransanı idarə edənlərin Ermənistana, ermənilərə münasibətinə baxaq.

mitter.jpg (31 KB)

1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev Fransaya səfər edən zaman Fransua Mitteranla söhbətində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinin xəritəsini göstərib, burada aparılan etnik təmizləmələrdən danışıb. Dövrünün beş nüfuzlu siyasətçisindən biri olan F.Mitteran Əliyevi dinləyib, axırda çiyinlərini çəkərək hər şeyi başa düşdüyünü, lakin heç nə edə bilməyəcəyini deyib və əlavə edib ki, “çünki ermənilər Fransaya yaxın xalqdır”. Bu hadisəni mərhum politoloq Vəfa Quluzadə jurnalistlərə danışıb. İndi təsəvvür edin, dünyanı idarə edən 5 adamdan biri ermənilərin xatirinə beynəlxalq qanunları, o cümlədən 700 mindən çox azərbaycanlı qaçqın-köçkünün haqlarını heçə sayıb, etnik təmizləməyə göz yumub.

Mitteranı keçdik, bəs baxaq, görək, onun siyasi xələfi Jak Şirak ermənilərə münasibətdə necə mövqe tutub.

f5d8db9259f370_5d8db9259f3b0.thumb.jpg (109 KB)

Jak Şirak rəhbərlik etdiyi dövlətin ermənipərəst siyasətini daha açıq şəkildə izah edib: “Biz onları iki yüz ildir tanıyırıq, onlarla dostuq”.

Jak Şirak İrəvana səfəri ərəfəsində erməni və fransız xalqları arasında münasibətlərin tarixinin mənşəyinin səlib yürüşləri dövrünə gedib çıxdığını bildirib, Yerusəlim kralının erməni şahzadəsi Ardai ilə evləndiyini misal gətirib. Şirak iki xalqın müttəfiqliyinin I dünya müharibəsi zamanı sınaqdan çıxdığını da deyib. Xatırladaq ki, fransızlar və ermənilər həmin vaxt Osmanlı türklərinə qarşı bir səngərdə döyüşüblər, Antep, Maraş və Urfada birlikdə oyunca hökumətlər qurublar, axırda qəhrəman türk xalqı tərəfindən Suriyaya qovulublar.

Şirak həmin müsahibəsində deyib ki, iki xalq arasında uzunmüddətli təmaslar nəticəsində onlar arasında daxili birlik yaranıb.

Fransa prezidenti sözünə davam edərək deyib: “500 min erməni əsilli fransız Fransaya öz cəsarətini, istedadını və alicənablığını verib. Onlar Ermənistanla da əlaqələrini qoruyub saxlayırlar, minlərlə layihədə iştirak edirlər və iki xalq arasında əlaqələrin möhkəmlənməsinə töhfə verirlər”.

O vaxt məhz belə açıqlamalarına görə Azərbaycan parlamentinin qocaman deputatlarından biri fikrini lakonik şəkildə ifadə etmişdi: “Jak Şirak qudurub”.

nikola.jpg (140 KB)

Şirakın xələfi Nikola Sarkozi hələ 2007-ci ildə, prezidentliyə namizəd olanda “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulunu dəstəkləyəcəyinə söz vermiş, 2007-ci ili “Fransa-Ermənistan ili” elan etmişdi.

Prezident seçildikdən sonra isə o, vədini yerinə yetirib, “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsinin hazırlanmasına göstəriş verib.

Sarkozinin dəstəklədiyi bu qanun Fransa ilə Türkiyə arasında münasibətlərdə ciddi fəsadlara səbəb olsa da, onun ermənipərəst komandası qanun layihəsini qəbul etdirib. Halbuki bu, qanun söz və ifadə azadlığı ilə daban-dabana zidd idi.

699217.jpg (88 KB)

Sarkozinin siyasi varisi Fransua Olland da ermənilərə münasibətdə fərqli mövqedə olmayıb. O da səhərini ermənilərlə açıb, gecəsini ermənilərlə qapayıb. Olland da sələfləri kimi öz iqamətgahında Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının tərkibində Aleksis Qovciyan, Murad Papazyan və Ara Toranyanla görüşlər keçirib.

“Erməni soyqırımı”nın 100 illiyi Ollandın dövrünə düşdüyündən o, ermənilərə daha iltifatlı yanaşıb. Onlar Ollandla görüşdə “ildönüm”ə hazırlıqla bağlı məlumat verib, “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi ilə bağlı gözləntilərindən danışıblar, ayrıca, Türkiyənin Avropa İttifaqına qoşulması prosesi ilə bağlı narahatlıqları barədə danışıblar.

Fransanın 60 ildən bəridir Türkiyənin Avropa İttifaqına qoşulmasının qarşısını alan iki-üç əsas dövlətdən biri olması “erməni faktoru”na bağlıdır. Olland Türkiyənin Aİ yolunu kəsməklə seçki kampaniyasında ermənilərə verdiyi sözün üstündə durub.

pasmakro.jpg (56 KB)

Ollandın yerinə gələn Emmanuel Makronun erməni sevgisini hər kəs bilir. Bu xüsusda, nəinki qəzet, sayt məqaləsinə, heç kitablara belə sığmayacaq təfərrüatlar var. Adam rəsmən özünü Ermənistanın super-prezidenti kimi aparır, öz ölkəsinin problemlərindən çox ermənilərin qayğıları ilə yaşayır.

Paris meri Ann Hidalqo da eyni düşüncədə biridir. Bu yaxınlarda o, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi hadisəsini “erməni xalqına qarşı soyqırım” adlandırıb. Hidalqo X sosial şəbəkəsindəki mikrobloqunda yazıb ki, beynəlxalq ictimaiyyətin səfərbər olmasına baxmayaraq, Azərbaycan “artsax” ermənilərinə qarşı öz planını həyata keçirir.

Düşünmək olar ki, bu mövqedə olanlar əsasən hakimiyyətdə olan siyasilərdir, müxalifətçilər fərqlidir. Xeyr. Fransanın ana müxalifət partiyasının lideri, son president seçkilərində Makrona ciddi müqavimət göstərən Marin Le Pen də ermənipərəstdir.

lepen.jpg (1.62 MB)

O, vaxtilə “Nouvelles Armenie” qəzetinə müsahibəsində deyib: “Dağlıq Qarabağ tarixən və mədəni baxımdan erməni torpağıdır, lakin beynəlxalq hüquqi baxımdan Azərbaycanındır. Bütün problem də bundadır”.

Fransa prezidentliyinə müxalif namizədlərdən biri olan Valeri Pekres də öz ermənifilliyini sübut etmək üçün İrəvana, oradan da qanunsuz olaraq Xankəndiyə gəlmişdi.

Bir sözlə, ermənipərəst mövqe sərgiləmək Fransanın dövlət siyasətidir. İndən belə hakimiyyətə daha beş prezident gəlsə də, bu siyasət dəyişməyəcək. Namizədlər Fransa seçicilərindən səs almaq üçün özlərini mütləq ermənipərəst göstərməyə və elə olmağa məcburdurlar.

jakşirak.jpg (8 KB)

Maraqlı bir detal isə budur ki, Fransa prezidentləri ilə Ermənistan rəhbərlərinin son 30 ildəki gəliş-gedişləri müntəzəm xarakter daşısa da, Fransa-Ermənistan əlaqələri dinamik xətlə inkişaf etsə də, bu, özünü Ermənistanın ağası sayan və elə də olan Rusiyanı qıcıqlandırmayıb. Ancaq Paşinyan həmin xətti davam etdirəndə, Fransa ilə parallel ABŞ-a yaxınlaşanda dostluq zərbə aldı.

Bir sözlə, biz Fransadan yaxşı heç nə gözləyə bilmərik. Vaxtilə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmasına razılıq vermək yanlış hərəkət olub, amma indən belə bu dövlətin siyasətçi və diplomatlarının hər hansı vasitəçilik missiyası yerinə yetirməsinə imkan vermək olmaz.

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости