Свобода людям, независимость нациям!

Bəlucların dövlət davası – İran və Pakistan onlara görə müharibə etməyəcək

2389 17.01.2024 11:46 Колумнисты A A

Məlum olduğu kimi, yanvarın 16-da İranın “Sepah” adlanan xüsusi qvardiyası Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə raket zərbələri endirib. Tehran iddia edib ki, hədəf oradakı “terror qruplaşmaları” olub. Eyni zamanda, İslamabad hadisə nəticəsində iki uşağın öldüyünü, daha üç nəfərin yaralandığını açıqlayıb.

İndi bir çox ekspertlər bildirirlər ki, bu, regionumuzda yeni bir müharibəyə səbəb ola bilər.

Əslində elədir. Bir dövlətin başqa dövlətin sərhədlərini, suverenliyini pozması, onun ərazisinə atəş açaraq mülki insanları öldürməsi müharibə səbəbidir.

Ötə yandan, İran ətrafında həlqənin daraldığı bir məqamda rəsmi Tehranın belə bir hərəkəti irrasional addımdır. Ona görə ki, bu dövlət hazırda İran/Ərəb körfəzi ölkələri ilə qeyri-dost münasibətdədir, Əfqanıstanı idarə edən “talib”lərlə gizli bir intriqa içindədir, İsraillə açıq və qatı düşməndir, ABŞ və Avropa ölkələri ilə uzun sürən düşmənçilik büsatına malikdir, Yəməndə müdafiə etdiyi şiə-zeydilər (“husiçilər” – yəni Husi soyadlı liderin ardıcılları) ABŞ və Britaniyanın bombardmanına məruz qalır və s.

Bir də bu yandan onun ABŞ-ın bölgədəki köhnə müttəfiqi Pakistana hücum etməsi heç yerinə düşmür və onu ətrafı sarılmış hala gətirir.

Ancaq “Sepah”da cürətə baxın ki, güclü orduya və nüvə silahına malik ölkəyə epizodik də olsa hərbi təcavüz edir.

Güman ki, Tehran bu aqressiyanın davamlı olmasını gözə almır, əks təqdirdə İslamabad vəd etdiyi kimi qəti tədbirlər görər və regionda vəziyyət qarışar.

Əgər bu təxribatı Pakistan tərəfi törətsəydi, o zaman çoxları güman edərdi ki, bu, Pakistanın müttəfqilərinin iradəsi ilə baş verir, onlar qərbdən hücum gözləyən İranı şəqrdən müharibəyə cəlb etmək istəyirlər. Ancaq bu dəfə hərbi gərginlik yaratmaq təşəbbüsü İranın özündən gəlib. Başqa sözlə desək, qaşınan tərəf İran özü olub.

Bununla belə, əminliklə demək olar ki, İranın Pakistana hücumu epizodik xarakter daşıyacaq, davamlı olmayacaq. Gerçəkdən də burada hədəf Pakistan dövləti deyil, bu ölkənin qərbində, İranla sərhəd bölgələrdə məskunlaşan bəluclardır.

Bəlli olduğu kimi, bir hissəsi də İranda yaşayan bəluclar separatçı ovqatdadırlar, öz dövlətlərini qurmaq üçün fəal mübarizə aparırlar. Onlar əslində İranla yanaşı, Pakistan (hətta Əfqanıstan) dövləti üçün də təhlükə kəsb edirlər. Çünki bəluclar bu ölkədəki Bəlucistan regionu ilə İrandakı eyni adlı vilayəti hər iki dövlətdən ayırararaq vahid Bəlucistan dövləti qurmaq istəyirlər. İranda vaxtaşırı olaraq dar ağacından asılan bəluc mənşəli şəxsi təqsiri əsasən fəal separatçı olmalarıdır.

Bəlucların bu xətti Yaxın Şərqdəki 4 dövlətin (İran, Türkiyə, Suriya və İraq) ərazisində yaşayan və öz milli dövlətlərini qurmaq istəyən kürdlərin hərəkatına bənzəyir. Yeri gəlmişkən, bu iki xalqın dilləri bir-birinə yaxın olduğu üçün qohum xalqlar sayılırlar.

Hazırda İranın Pakistanda bəluclardan ibarət “terror qruplaşmaları”nı hədəf alması Türkiyənin vaxtaşırı Suriya və İraqdakı PKK terrorçularını bombalamasını xatırladır. Məlum olduğu kimi, Türkiyə ordusu Şimali İraqdakı və Suriyanın şimalındakı PKK sığınacaqlarını bombalamaqla kifayətlənmir, bəzən bu ölkələrin sərhədlərini keçir, içərilərə dalır və əməliyyat keçirir. İraq və Suriya hökumətləri də növbəti dəfə bəyanat verir, suverenitetdən, sərhədlərin toxunulmazlığından danışırlar. Ancaq Türkiyədən fərqli olaraq, özləri həmin bölgəyə qoşun yeridə bilmirlər. Üstəlik, PKK militanlarının zərbə alaraq zəifləməsi onlara da sərf edir.

Bu baxımdan İslamabadın separatçı bəluclara görə İranla müharibəyə girişməyəcəyi, hətta diplomatik münasibətləri pozmayacağı ehtimalı daha yüksəkdir.

450px-Major_ethnic_groups_of_Pakistan_in_1980.jpg (56 KB)

Hazırda Pakistanda 6,2 milyon, İranda 1,48 milyon, Əfqanıstanda 567 min, Omanda 425 min , BƏƏ-də 100 min, Türkmənistanda isə 28 min bəluc yaşayır.

Bəluclar İranın Zahedan şəhərinin əhalisinin əksəriyyətini və Kvettada puştunlardan sonra ikinci ən böyük icmanı təşkil edir.

Pakistanın Bəlucistanında puştunlar istisna olmaqla, mahiyyət etibarilə bütün əhali özlərini bəluçlər adlandırır. Dehvarlar kimi farsdilli bəluc tayfaları da var.

1960-cı illərdən Pakistan bəluclarının torpaqlarının iqtisadi inkişafı başlayıb, Bəlucistanda böyük təbii qaz yataqları, həmçinin qızıl, mis, xromitlər, kömür, kükürd və neft yataqları aşkar edilib. Bəluc qəbilə başçıları və ağsaqqalları inanırlar ki, Pakistan hakimiyyəti kasıb bölgənin inkişafı üçün az iş görür və onları istismar edir.

1963 və 1973-cü illərdə bəluclar Pakistanda üsyana qalxıb və bu zaman muxtariyyətdən tutmuş müstəqilliyə qədər xüsusi hüquqlar tələb edib. 1973-1976-cı illərdə silahlı mübarizəyə Bəluc Xalq Azadlıq Cəbhəsi rəhbərlik edirdi.

2000-ci illərin əvvəlindən Bəlucistanda separatçı etirazlar güclənib və “Bəlucistan Azadlıq Ordusu” adlanan qrup onların məsuliyyətini öz üzərinə götürməyə başlayıb.

Yəni bəluc separatizmi əslində İrandan çox Pakistana qarşı yönəlib, ancaq İran daha sərt reaksiya verir.

Beləcə, Hind çayının aşağı hissəsindən Hörmüz boğazına, Sistan və Süleyman dağlarından Ərəb dənizi sahillərinə qədər uzanan seyrək məskunlaşmış səhra yaylasından ibarət olan Bəlucistanın yaxın perspektivdə dövlət ola bilməyəcək. Bundan ötrü böyük siyasi kataklizmlər, böyük hərbi kampaniyalar olmalıdır və ən azı üç dövlət (Pakistan, İran və Əfqanıstan) özlərindən daha güclü qüvvələrin hücumuna məruz qalaraq parçalanmalıdır. Belə şeylər, bir qayda olaraq, dünya müharibələri zamanı olur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости