Свобода людям, независимость нациям!

Belənçik işlər

2090 23.02.2023 10:16 Колумнисты A A

“Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz”

(Füzuli)

Dünənki “Bekarçılıq ödənişi” adlı yazımda akademiklərimizin “Meridian” akt zalı yaratmasını alqışlamışdım, bu adda şadlıq sarayı olduğunu güman etdiyimi yazmışdım. Varmış. Ehtimallarım doğruldu. Deyəsən, mənə vergi verilib, gələcəkdə olacaq təbii fəlakətləri də xəbər vermək fikrindəyəm. Gəlinlərin bəxtini açıram, cadu-pitini aradan qaldırıram, üstəlik. Nəzirlərinizi gözləyirəm. Pul yığıb rektor keçmək fikrindəyəm, çünki caduya inanmayanları bizdə rektor qoymurlar. Mən isə nəinki inanır, bunu eləyirəm.

Sözgəlişi, dünən uşağı universitetə güc-bəla ilə göndərmişik, getmək istəmirdi. Deyir mənim ora gedib-gəlməyim hər gün 40 qəpik ora, 40 qəpik bura, 80 qəpik peraşkiyə və sairə, minimum 2-3 manata başa gəlir. Hökumətin mənə verdiyi təqaüd isə heç bunun yarısı eləmir, yalan olmasın. Həqiqətən, bizim hökumət tələbələrin düşmənidir. Mənim yadıma gəlir, o axmaq, bəyənmədiyimiz sovet hökumətinin vaxtında tələbələrə cürbəcür güzəştlər, yataqxanalar-zad var idi, avtobus-metro isə 5-10 qəpik idi. Biz isə o hökuməti yıxanların önündə gedirdik. Allah Qorbaçovun evini yıxsın, başımızı pozmuşdu.

Uşaq təkcə yolpulunu bəhanə eləmirdi, deyir o boyda pulum gedir, barı təhsil təhsil ola... Sən demə, bunlara müəllimlər universitetdə Qoç bürcü ilə Buğa bürcünün fərqləri, göz dəyməsini necə aradan qaldırmaq olar, Qiyamət günü hansı dua oxunmalıdır kimi şeyləri öyrədirlər. Fakültə isə ilahiyyat deyil. Əlbəttə, bunlar da lazımdır. Mən özüm həmişə qabağıma qara pişik çıxanda yolumu dəyişirəm. 

Şadlıq sarayının fotosunu isə hörmətli oxucularımızdan Vüqar Babazadə poçtuma yollamışdır. Görünür, subaydır, evlənməyə yer gəzəndə qabağına çıxıb. Yoxsa bir adam şadlıq saraylarının fotosunu öz arxivində niyə saxlasın? Sarayın fotosuna nəzər salarkən bunun AMEA “Meridian” zalından çox cüzi fərqləndiyini gördüm. Nəinki gördüm, həmçinin hiss elədim. İstər-istəməz sual yaranır ki, alimlərimiz “Meridian” akt zalını ilk dəfə kəşf edib, yoxsa “Meridian” şadlıq sarayının yiyəsi? Ola bilərmi ki, sarayın yiyəsi elə akademiklərdən biri olsun? Bunların hamısını araşdırmalıyıq. Dünya meridianlarına çıxmaq, Azərbaycan həqiqətlərini yaymaq istəyiriksə, təbii ki. Ali Attestasiya Komissiyasının da üzərinə bu istiqamətdə böyük işlər düşür.

Hörmətli Vüqar müəllim bir iradını da yazıb göndərib, deyir başlıqdakı “bekarçılıq” sözünü uydurmusunuz, ana dilimizdə belə söz yoxdur, “bikarlıq” sözü var.

Doğrudan da, “bikarlıq” sözü fars dilindən alınmadır, “işsiz adam” deməkdir. Ancaq niyə “bekarçılıq” sözü olmasın? Burada türk dilindən “çı” və “lıq” şəkilçilərini qatanda yad söz sanki bizimki olur, doğmalaşır, suverenləşir. İranla münasibətlərimizin kəskinləşdiyi dövrdə təklif edirəm oradan alınma bütün sözləri milliləşdirək.

Oxucular imkan versəydi, əslində bu gün başqa mövzudan yazmaq istəyirdim. Məsələn, deputat Erkin Qədirlinin Kiyevə gedəcəyi haqda oxumuşdum. Hesab edirəm ki, Erkin müəllimin ABŞ Prezidenti Co Baydendən dərhal sonra Ukrayna səfərinə çıxması bizim regionda əhəmiyyətimizi artırır. Ola bilər Bayden Erkin müəllimdən öncə gedib, şəraiti yerində öyrənib, zəruri və hətta qeyri-zəruri təhlükəsizlik məsələlərini həll edib, ondan sonra Mərkəzi Kəşfiyyat İdarəsindən telefon açıblar, Erkin müəllim dəstəyi qaldırıb, məlumat verilib ki, bəy, gələ bilərsən, Kiyev təmizdir.

Vladimir Putinin xalqa müraciətinin də Erkin müəllimin səfərindən öncəyə təsadüf eləməsi təsadüfi deyildir. Çünki əgər Erkin müəllim Kiyevdə olanda Putin müraciət yaysa, bunun effekti az olardı. Adama rus xalqı irad tutardı ki, ayıb deyilmi, Erkin müəllim Kiyevdə ola-ola sən bu cür söhbətlər eləyirsən?

Rusların müdafiə naziri Şoyqu isə raket qoşunlarına göstəriş verib, Erkin müəllimin səfər müddətində Kiyev üzərindən nəinki bomba-dron, heç Sibir ağcaqanadı, Voronej milçəyi belə uçmayacaqdır.

Belənçik işlər var. “Belənçik” sözü də lüğətdə yoxdur, ancaq gördün, yazdım, oldu.  

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости