Свобода людям, независимость нациям!

Bələdiyyələr və arabanın 5-ci təkəri

1837 22.01.2024 13:36 Колумнисты A A

 

Arabada beşinci təkərin funksiyası nədirsə, bu ölkədə də bələdiyyələrin funksiyası odur. Hər ikisi irəliyə doğru hərəkətdə heç bir əməli iş görmür, sadəcə, artıq yükdür.

Azərbaycan əlini ağdan-qaraya vurmaq istəməyən, eləcə ofisi və müəyyən inzibati funksiyası olan, dövlət büdcəsindən maliyyə alan, eyni zamanda xalqdan da vergi-xərac-cərimə yığan qurumlarla doludur. Onlardan biri də bələdiyyələrdir.

Şəhərlərdə, qəsəbələrdə, kəndlərdə ilin 12 ayı boyunca heç bir sakin bələdiyyə sədrinin, eləcə də bələdiyyə şurası üzvlərinin üzünü görməz, nə işlə məşğul olduqlarını bilməz, amma elə ki il təzə başlayar, onlar ünvanlara bildiriş göndərərlər, əmlak vergisi və sair xərclər tələb edərlər.

Hər bir yaşayış məntəqəsinin icra hakimiyyəti nümayəndəliyi də var, bələdiyyəsi də, hələ mənzil-kommunal təsərrüfatı idarəsi də.

Bunlar, prinsipcə, paralel qurumlardır və guya ki, sakinlərə xidmət üçün nəzərdə tutulub. Amma xırda istisnalarla heç biri bir iş görmür. Hansısa yeni küçəyə asfalt döşənməlidirsə, qaz, su, işıq xətləri çəkilməlidirsə, köhnə yaşayış məntəqələrində nəsə təmir edilməlidirsə, əksər hallarda həmin qurumların əvəzinə bu işi sakinlər öz vəsaitləri hesabına başa gətirirlər.

Bələdiyyə orqanlarına vaxtaşırı seçkilər də keçirilir, bir xeyli adam bələdiyyə şurası üzvlüyünə namizəd olur, küçədə, məhəllədə təbliğat aparır, “məni seçin, filan-filan işləri görəcəyəm” deyə vədlər verirlər və seçilirlər... Sonra ilim-ilim itirlər, “gördüm” deyən olmur. Kimin seçildiyi qısa müddətdən sonra seçicilərin yadından çıxır.

Bu da bir gerçəkdir ki, bu ölkədə bələdiyyə şurası üzvlərinin çoxu rayonların icra hakimiyyəti rəhbərlərinin iradəsi, tapşırığı əsasında “seçilir”, daha dəqiqi, təyin olunur. Bir ara bu məsələdə açıq bazar idi. Bələdiyyə sədri olmaq istəyənlər İH nümayəndəsi olmaq istəyənlər kimi orta ranqlı məmurlara cari məzənnəyə uyğun məbləğ ödəyir, vəzifəni satın alırdılar.

Satlıq vəzifəni hərrac artırması yoluyla (daha çox pul verənlər “seçilirdi”) əldə edənlər möhürə malik olduqdan sonra nə etməlidirlər? Əlbəttə ki, verdikləri pulu çıxarmalıdırlar. Sədrlər elə də edirdilər. Ona görə də paytaxtda, o biri şəhərlərdə, o cümlədən kənd rayonlarında bələdiyyə sədrlərinin adı eyzən torpaq alverində çəkilirdi.

Bir neçə il öncəyə qədər onların bir xeylisini, səlahiyyət həddini aşanları, quduranları qandallayıb içəri qoyurdular. Amma sonra bu kampaniya səngidi. Ya bələdiyyə sədrlərinin satması üçün torpaq qalmamışdı, ya da artıq təmiz işləyirdilər.

Bəzən ağlımız xarici ölkələrə gedir, orada bələdiyyə seçkisinin parlament seçkisi qədər önəmli olduğunu, gərgin və kəskin yarışma mühitində keçdiyini görürük. Məsələn, qardaş Türkiyədə bələdiyyə seçkisi hər zaman ajiotaj doğurur və bunun ciddi səbəbi var. Çünki İstanbul, Ankara, İzmir, Antalya kimi böyük şəhərlərin, o cümlədən digər vilayət mərkəzinin bələdiyyə başçısının kim olması çox şeyi həll edir. Bu şəhərlərin bələdiyyə sədri, meri olmaq o şəhərdə hakimiyyət sahibi olmaq, bir neçə milyonluq əhalini idarə etmək deməkdir.

Orada əsas idaəredici orqan məhz bələdiyyələrdir və onların rəhbərləri şəhərin, qəsəbənin təsərrüfatına, inkişafına, abadlığına, hər şeyinə cavabdehdir. Böyük işlər görmək üçün onların həm geniş səlahiyyətləri, həm də büdcələrində böyük maddi vəsaitləri olur.

Bizdə isə heç iri şəhərlərin bələdiyyə şurası yoxdur. Məsələn, illərdir ki, Bakı şəhərini xalq tərəfindən seçilmiş bələdiyyə sədri yox, dövlət rəhbərliyi tərəfindən təyin edilmiş İH başçısı idarə edir.

Bu ölkədə bütün hakimiyyət İH başçılarındadır, bələdiyyələr isə formal olaraq mövcuddur. Bu “ikihakimiyyətsizliyin” ömrü nə qədər uzanacaq, bilinmir.

Prinsipcə, ikisinin biri qalmalıdır. Yox, ikisinin də qalması vacib şərtdirsə, o zaman əsas idarəetmə funksiyaları bələdiyyə şuralarına, bələdiyyə sədrlərinə verilməlidir.

Yoxsa sakinlər artıq bu sayı-hesabı bilinməyən qoltuğu qovluqlu məmurlardan bezib. Heç olmasa, bir iş görsələr, dərd yarıydı. Yuxarıda dediyimiz kimi, iş görən yoxdur, parazitlik edənlər isə lap çoxdur.

Nəhayət, bu xüsusda da ölkədə bir qayda-qanun, işlək mexanizm yaratmaq lazımdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости