Свобода людям, независимость нациям!

Bələdiyyə imtahanı

1627 06.04.2022 09:20 Колумнисты A A

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Səyavuş Novruzov dünən parlamentin iclasında Bakı böyük şəhər bələdiyyəsinin niyə yaradılmadığına qəribə izahat veribdir. Deyir biz qabaqca Gəncə və Sumqayıtda vahid şəhər bələdiyyəsi qayıracağıq, əgər bu effekt versə, sonra Bakıda böyük şəhər bələdiyyəsi düzəldiləcəkdir.

Əcəb işə düşmüşük. Sanki velosipedi təzədən kəşf eləməklə məşğuluq. Az qalır bələdiyyəni testə salsınlar. Kimsə (məsələn, elə MSK sədri Məzahir əkə) bu deputatlara izah eləmir ki, axı şəhər bələdiyyəsi bütün dünyada uğurla sınaqdan çıxmış yerli özünü idarəçilik formasıdır. Bax, bu saat bütün Avropada Bakı, Gəncə və Sumqayıt yeganə şəhərlərdir ki, onların öz bələdiyyəsi yoxdur. Yəqin dünyada da, Şimali Koreyanı çıxmaq şərtilə, bələdiyyəsi olmayan şəhər qalmayıbdır. Orada bələdiyyə də, icra da, xalq da, seçki də - ümumiyyətlə, hər şey Səyavuş müəllimin böyük dostu və oxşarı Kim Çen In müəllimə aiddir.

Hələ 21 il qabaq, 2001-ci ildə Azərbaycan zor-xoş, dal qapıdan Avropa Şurasına girəndə üzərinə götürdüyü öhdəliklərdən biri məhz bu böyük şəhərlərə, xüsusən paytaxt Bakıya mer seçməklə bağlıydı. Lakin iqtidar indiyəcən bu seçkiyə izn vermir. Səyavuş müəllim isə deyir hələ baxacağıq, yoxlayaq görək Gəncədə, Sumqayıtda nə alınır.

Əlbəttə. Berlində, Parisdə, Londonda, nə bilim, lap elə Bombeydə aparılan bələdiyyə təcrübəsi bizim üçün əhəmiyyət daşımır. Bizim öz yolumuz var. Yadıma orta məktəbdə oxuyub əzbərlədiyim şeir düşdü: “Yolumuz Lelin yoludur, Partiyadır rəhbərimiz...” Dalı yadımdan çıxıb, partiya məni əfv eləsin.

İlk baxışdan bu qəribə embarqomu yazım, qadağanmı yazım, özüm də bilmirəm - addımın izahı mümkün görünmür. Nə üçün? Ondan ötrü ki, guya bizdə seçkiləri hansı formada düzüb-qoşmağı iqtidar bilmir? Bakı meri də olsun həmin saxta orqanlardan biri. Nə artıq, nə əskik. Formal olaraq hansısa “Məmmədqulu”ya vəsiqə verib Bakının meri elan etməyə kimin sözü var? Müxalifət yox, xalq yatıb, xaricdə də qırğın gedir. Xəlvət dərəyə tülkünü mer qoyursan, söhbət bağlanır.

Sözgəlişi, aşağı səviyyədə bələdiyyə seçkilərini 20 ilə yaxındır keçiririk və bu idarəçilik bizdə tam iflasa uğradılıb. Bələdiyyə icra hakiminin əlaltısı, saxta təyinatla qoyulan bir sürü avara, xeyrə-şərə yaramaz tiplərdən ibarət olur. Örnək üçün, hazırda İmişlidə keçmiş icra başçısı, Balıq Hafizin qohumu Vilyam Hacıyevin məhkəməsi gedir, orda Vilyam müəllimə rüşvət verdiyini açıqlayanlar içərisində çoxlu bələdiyyə sədrləri var. Sitatlar: “Bələdiyyə sədri Faiq Mehbalıyev: dövlətin ayırdığı dotasiyanın 50 faizini icra hakimiyyətinə verirdim”; “Bələdiyyə sədri Babək Kazımov: ikinci dəfə bu vəzifəyə keçmək üçün 30 min manat verdim. Şirinlik olmasa, maneçilik törədilirdi. Baş mühasib Cəmil Musayev mənə dedi ki, yenidən bələdiyyə sədri olmaq istəyirsənsə, 30 min verməlisən. Mən də 25 min manat bir verdim, sonra icra hakimiyyətində 5 min də bir verdim. O pul çatmasa, seçilməyə qoymurdular”.

Görəsən bu iddialara niyə təkcə Vilyam Hacıyev cavab verir, MSK sədri Məzahir müəllimə “sabahın xeyir” deyilmir?

Hökumət insanlarımızın azadlığını, müstəqilliyini, özü-özünü idarə etməsini istəmir, xalqı daim əsarətdə saxlamağa maraqlıdır. Ona görə bələdiyyənin inkişafına imkan vermir. Təsəvvür edin, bələdiyyə elə şikəst günündədir ki, hətta onun zibil pulu toplamaq səlahiyyətini də əlindən alıblar, qaytarıblar icra hakimiyyətinin mənzil-kommunal təsərrüfatı şöbələrinə. Hazırda bələdiyyə yalnız... dövlət büdcəsindən dotasiya almağa baxır.

Bakıda dotasiyanın yekəsini verməyə namizəd tapılmır yoxsa? İmişlidə əlli faizə işləyirdilər, mən 70 faizə işləyərəm, əlaqə saxlayın. Hətta 30 faizlə də xalqa gün ağlamaq olar, oxucular pis başa düşməsin, “bunu da belə itirdik” fikirləşməsin.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости