Свобода людям, независимость нациям!

Behbud xan Cavanşirə və Fazil Mustafaya atılan güllələr

1359 29.03.2023 12:11 Колумнисты A A

Azərbaycanın düşmənləri getdikcə daha da azğınlaşırlar, nümayişkəranə şəkildə terrora əl atmaqda davam edirlər. Millət vəkili Fazil Mustafanın həyatına sui-qəsd bu azğınlığın növbəti mərhələsi oldu. Bundan əvvəlki dövrlərdə sadəcə təhdid edirdilərsə, artıq silahları işə salıblar. Tehrandakı səfirliyimizdə törədilən terror aktında istifadə olunan avtomat silahdan bu dəfə Azərbaycan parlamentinin üzvünə atəş açıldı.

Çox təhlükəli tendensiyadır və terrorun açıq-aydın meydan sulamasıdır. Hələ ki, avtomat silahı istifadə edən cinayətkarın kimlərə, hansı ölkələrə bağlı olduğu aydın deyil, bunu Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları araşdırıb, ortaya çıxaracaq. Şübhəmiz yoxdur ki, dövlətimiz onu təhdid edənlərin cavabını verəcək, Qarabağda, Şərqi Zəngəzurda olduğu kimi...

Dövlət Təhlükəsizlik Xidməti birmənalı olaraq bəyan edib ki, Fazil Mustafaya qarşı sui-qəsd terror aktıdır. Şübhə yoxdur ki, bu, yalnız bir deputata, partiya sədrinə, fikir adamına, siyasi xadimə qarşı törədilən terror aktı deyil, həm də Azərbaycan dövlətinə açılan güllələrdir. Azərbaycan bayrağının ucalıqlarda qərar tutması, dövlətimizin imzasının imzalar içində olması bir sıra məkrli qüvvələrə, ölkələrə göz dağıdır, odur ki, fürsət düşən kimi dövlətimizi, millətimizi sarsıtmaq istəyirlər.

WhatsApp Image 2023-03-29 at 11.53.06.jpeg (212 KB)

Fazil Mustafa dəyərli fikir adamı, Azərbaycanın əvəzsiz aydınlarından, ictimai-siyasi xadimlərindən biridir. Bir çox hallarda özünəməxsus yanaşmaları ilə seçilir, gündəmə yeni-yeni mövzular təqdim edir, diskusiya mövzusu olan baxış bucağına sahib insandır. Orijinal yanaşmaları, cəsarətli fikirləri ilə bəzən onu hədəfə də gətirir. Fazil Mustafa gənclik illərindən Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparmış  vətənpərvər insandır. Parlament fəaliyyətində məmurlarla, ayrı-ayrı sahələrlə bağlı əsaslı, sərt tənqidi fikirlərini davamlı şəkildə səsləndirən millət vəkili hər zaman dövlətin yanında olub, milli maraqları müdafiə edib. Ölkəmizin milli maraqlarına qarşı yönəlmiş hər hansı çıxış, təhdidə ilk reaksiya verənlərdən olub Fazil bəy. Sosial şəbəkələrdə, mediada yorulmadan milli maraqların müdafiəçisi olaraq çıxış edib, eyni zamanda ölkəmizin daxilindəki neqativlərlə mübarizə də sözünü deyib.

Fazil Mustafanın cəhalətə, fanatizmə, insanları qaranlığa sürükləyən kəsimə qarşı da aydın mövqeyi olub hər zaman, bu da onu çox hallarda hədəfə gətirib, amma heç vaxt sözündən, yolunda çəkinməyib. Fazil Mustafa insanları aydınlığa səsləyən ziyalılardandır, hər zaman kitabı, kitabxananı, elmi, təhsili təbliğ edib. Bu isə “qaranlıq aşiqi” olanları hövsələdən çıxarırdı, hətta sosial şəbəkədə millət vəkilini təhdid edirdilər. Bütün bunların fonunda deputata avtomatlı hücumun arxasında dayanan qüvvələrlə bağlı konkret birmənalı fikir bildirmək çətindir təbii ki...Amma...

Terror aktının DTX-nın yaranmasının 104-cü ildönümü günündə törədilməsi təsadüfə heç oxşamır. Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyinin keşiyində əzmlə dayanan, tarixi əsasları olan bir qurumun yaranma günündə ölkənin paytaxtında sükutu, sabitliyi pozmağa yönəlik addımın öncədən planlaşdırıldığı şübhəsizdir. 90-cı illərin əvvəllərindəki belə sui-qəsdləri xatırlayırıq. Müstəqilliyimizin ilk illərində silahların tətiyini çək(dir)ənlər Azərbaycanın BMT üzvü olaraq var olmasına qarşı çıxanlar, torpaqlarımızda gözü olanlar, millətimizin bu sərhədlər daxilində azad, firavan yaşamasını istəməyən xəbis niyyətlilər idi. Bu günlərdə yenə də aktivləşiblər, xüsusilə də Azərbaycan öz torpaqlarını erməni faşistlərindən və onların dəstəkçilərindən bağırda-bağırda azad edəndən sonra! Kirimirlər, zəfərimizi sinirə bilmirlər, hər bəhanə ilə üstümüzə gəlirlər. Elə dünən, Fazil Mustafa evinin qarşısında güllələnən saatlarda Ermənistan mediası Zəngəzur dəhlizinə qarşı çıxan, Ermənistanın sərhədlərini “qırmızı xətti” hesab edən daha bir iranlı erməni sevdalısının çıxışlarını manşetlərdən tirajlamışdı. Hər vəcdlə çalışırlar ki, Azərbaycan qarışsın, həm də dövlətin başına özünə qarışsın, Qarabağ, Zəngəzur məsələləri arxa plana düşsün. O məkrli qüvvələr Azərbaycan ordusunun Qarabağdakı gizli yollara nəzarəti ələ almasını, Xankəndidəki erməni sakinlərin Bakıya dəvət olunmasını, ermənilərin reinteqrasiyasını da qəbul etmirlər. Odur ki, Azərbaycan dövlətinin ali qanunverici orqanı istiqamətinə də atəş açırlar artıq. O parlamentə ki, bu günədək hansısa hərbi kontingentlə bağlı status qərarı qəbul etmir və bu gedişlə etmək niyyətində deyil. Qarabağa yolları kəsilən terrorçular özlərinə tərəf çəkdikləri xainləri hərəkətə gətiriblər ölkəmizin paytaxtında, inşallah hamısı cəzalarını alacaq. Narkobiznesə qarşı dövlətimizin müvafiq qurumlarının, polis və təhlükəsizlik xidməti əməkdaşlarının amansız mübarizəsi gözümüz önündədir. Digərləri də layiqli cəzasına çatacaq.

WhatsApp Image 2023-03-29 at 11.53.07.jpeg (328 KB)

Dünyada nadir hallarda rast gəlinən terror aktlarıdır: toxunulmaz sahələrə və insanlara qarşı teraktlara başlayıblar. İki ay əvvəl Tehrandakı səfirliyimizə, bu dəfə də Azərbaycan parlamentinin toxunulmazlıq hüququ olan deputatına qarşı avtomatlı hücum edildi. Fazil Mustafaya hücumun elə Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının ikinci ayının tamamında baş verməsi də düşündürücüdür. Ən əsası: martın 29-da, yəni bu gün İsrailin paytaxtı Təl-Əvivdə Azərbaycanın səfirliyinin açılışı olacaq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin böyük bir nümayəndə heyəti İsrailə səfər edib. Bir anlıq adama elə gəlir ki, bu güllələr həm də Milli Məclisə atılıb.

Yeri gəlmişkən, Ermənistanın İsraildəki səfirliyi 2020-ci ilin sentyabrında açılıb. İran İrəvanın bu addımına nəinki sərt qarşılıq vermədi, ondan sonra bütün varlığı ilə bu, terrorçu, işğalçı ölkəni himayəsinə götürdü, İrəvanla “bacılıq” müqaviləsi imzalandı, Anna Akopyan Qumda məscidə aparıldı, üstəlik Qafanda İranın baş konsulluğu açıldı. İndi İsraildə Azərbaycan səfirliyinin açılması bunlara niyə bu qədər yer eləyir, anlaşılmır...

Azərbaycan təkcə bölgədə deyil, bütün dünyada sülhün, əminamanlığın bərqərar olmasına çalışan ölkədir, dövlətimizin rəhbərliyinin siyasəti humanizm prinsiplərinə əsaslanır. Azərbaycan dövləti öz ərazisindən digər ölkələrə qarşı istifadəyə heç zaman imkan verməyib. Amma bütün bunların qarşısında dövlətimizə qarşı xain planlar hər zaman birilərinin masasında olub.

Dövlətimiz bu sınaqlardan da çıxacaq, onu təhdid edənlərin cavabını verəcək, cinayətkarları cəzalandıracaq, günün günorta çağı Bakıdakı ticarət mərkəzinə avtomatlı (!) hücum edən canilərin axırına çıxdığı kimi, buna əminik!

Dəyərli Fazil Mustafaya qarşı terror aktının törədilməsi xəbərini İstanbulda eşitdim. Özü də bu hadisənin baş verməsindən bir neçə dəqiqə əvvəl jurnalist həmkarım Rəsul Mirhəşimli ilə birgə Behbud xan Cavanşirdən danışırdıq, onun qətlə yetirildiyi məkanı ziyarət edərək. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xanı – Pənahəli kötücəsi olan dəyərli dövlət xadimini - ASALA terror təşkilatı İstanbulda, 18 iyul 1921-ci ildə 42 yaşında aradan götürüb. Behbud xan Cavanşirin erməni terrorçusu daşnak Misak Torlakyan tərəfindən qətlə yetirildiyi məkanda, Azərbaycan Respublikasının Baş konsulluğunun təşəbbüsü ilə, 2019-cu ildə xatirə abidəsi qoyulub. Fazil Mustafaya qarşı terror xəbəri yayılan anlarda biz o abidənin qarşısındaydıq...Təsadüfdürmü, yoxsa...Görünən budur ki, əsrlər dəyişsə də, Azərbaycanın düşmənləri dəyişmir, dəyərli ziyalılarımızı, ictimai-siyasi xadimlərimizi aradan götürmək, dövlətimizi sarsıtmaq üçün fürsət gəzirlər. Dövlətimizə, ordumuza, polisimizə, təhlükəsizlik xidməti əməkdaşlarına güvənirik!

Allah dövlətimizi və millətimizi qorusun, Fazil bəyə şəfalar versin!

İstanbul

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости