Свобода людям, независимость нациям!

Bədahatən tənqid/təhqir

1913 15.05.2022 21:14 Колумнисты A A

Sonra da bəziləri nahaq yerə ağız büzür. Dünyanın ən unikal, ən maraqlı ölkəsində yaşayırıq. Elə bir günümüz yoxdur ki, maraqlı gündəmimiz olmasın. Heç nə olmayanda da kiminsə gündəyməzinə bir şey qoşuruq, olur gündəm.

Söz xiridarı Rəşad Dağlının üstüörtülü şəkildə hansısa bədahatən dediyi sözə görə üzr istəyirmişcəsinə açıqlama verməsi, video yayması artıq bu gün günortadan sonranın gündəminə babat oturub.

“Bə, nə oldu, şir həmməşə şir idi, məim qərdeşim”,- deyə meyxanaçını öz sözüylə “prikol”a tutanlar da var, “üzr istəmək ayıb deyil, başucalığıdır” ifadəsiylə ona haqq qazandıranlar da. Bəzi adamlar (bunlar çoxluqdur) da nə baş verdiyini anlamağa çalışırlar, bu xüsusda yazılmış statusların altına şərhlər yazır, soruşurlar: “Rəşad kimə nə deyib?”; “Başa düşmədim, şair kimi təhqir edib?”; “Tapmaca deməyin də, deyin görək, Rəşad harda nə quşlayıb?” və s.

Düzünü heç kim bilmir. Bu işin məğzini yalnız meyxanaçı özü bilir, bir də əhli-beyt təmsilçiləri. Bilinən odur ki, hansısa məclisdə Rəşadın bədahatən dediyi bir beyt, ola bilər, bir misra, müəyyən dairələrdə narazılıq doğurub. Amma o misralar nədən ibarətdir, hələlik səhih bilgimiz yoxdur. Bəlkə də adi sözdür, heç ona görə üzr istəmək vacib deyil. Bəlkə də ağır sözdür və inciyənlər şairi bağışlamayacaqlar.

Hər nədirsə, ortada ayətullah söhbəti var. Bizim ölkəmizdə bu rütbədə kimsə olmadığı üçün, yəqindir ki, İrandakı və ya İraqdakı din xadimlərindən bəhs olunur.

Bir azca qəribə olan odur ki, başqa ölkənin din xadimlərinin ünvanına səslənmiş “bədahətən təhqir” üçün üzrxahlıq həmin adamın özünə yox, onun ölkəmizdəki “davamçılar”ına edilir.

Prinsipcə, bizim, eləcə də bütün Qafqazın dini lideri Hacı Allahşükür Paşazadə olduğu üçün burada anlaşılmazlıq var. Necə olur ki, cənab Paşazadənin ünvanına bir söz deyəndə yerli möminlərdən heç kəsin xətrinə dəymir, amma xarici ölkədəki din xadiminin ünvanına səslənmiş ehtiyatsız kəlmə inciklik doğurur?

Ona qalsa, budur, neçə ildir Putindən yazırıq, xüsusilə də son 3 ayda yazığı alaşalvar eləmişik, amma ölkəmizdəki Rusyayanlı 5-ci kolondan üzr istəyənimiz yoxdur. (Sadəcə, deyilənə görə, Kremlə qarşı artıq-əskik yazanların hamısının siyahısı tutulur, Yalamadan zirehli qatar yenə üzübəri keçsə, hamımızı yığıb divara söykəyəcək, ən azı üzr istədəcəklər, ən çoxunu da... bilirsiniz).

Üzr tələb edən olmasa da, Baydenə, ABŞ-a qarşı bir söz yazanda da ortalıq qarışır, adamı “hökumətə işləyən” elan edirlər. Şükür ki, bir adamın öz ölkəsinə işləməsinə görə cinayət məcəlləsində müvafiq müddəa yoxdur, yoxsa, vallahi, nə qədər adam Baydenə, Makrona görə türmədə yatar.

İndi bəzi dostlar deyirlər ki, Rəşadın sənətinin müştəriləri əsasən əhli-beyt nümayəndələri olduğuna görə o, bu video ilə onların könlünü almağa məcbur idi, yoxsa onu toylara aparmazlar, boykot edərlər, adamın dolanışığı kəsilər.

Kifayət qədər ciddi arqumentdir. Yadıma düşür ki, o vaxt Qərbə qarşı bədahatən tənqidi fikir söyləyən QHT rəhbərlərinin də qrantı qəfildən kəsilirdi, qanqaraçılıq olurdu. Yəqin ki, Rusiya da öz ünvanına bədahatən tənqid deyən “kolon”çuların odekolonunu kəsir, vermir ki, ağılları başlarına gəlsin.

Yəni elə-belə şey deyil, bu ölkədə oturub başqa ölkənin xadimlərini tənqid edə bilməzsən, təhlükəlidir. Salamatı öz ölkənin ictimai-siyasi, ədəbi-mədəni, din—mənəvi xadimlərini tənqid etməkdir. Bunun da xətalı tərəfləri var, söz yox, elə adamlar seçməlisən ki, təhlükəli olmasın. Məsələn, nə çoxdur 92-93-də vəzifədə olanlar. Nə olsun, aradan 30 il keçib? Yaxud 3-4 il əvvələ qədər pis işləyən, sonra ifşa olunan elə yetim nazirlər var ki, eninə-uzununa döşəmək olar.

Amma “daha vəzifədə deyil, nə yazsam, verəcək peysərə” deyə arxayın olmaq da olmaz. Elə sabiq nazir var ki, tənqidinin dozunu aşan adamı gecəylə evindən götürdüb hansısa tikilidə kamera qarşısında oturdub üzr istətdirə bilər. Üzr istəmək istəməyən üçün də sivri uclu alternativ oturacaqlar təklif edərlər, məcbur qalar.

Bu gün gecdir, sabah olsun, xeyir olsun, görək, Rəşad Dağlı nə deyib, necə deyib ki, ilk dəfədir qarşımızda ritmlə, qafiyə ilə çıxmır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости