Свобода людям, независимость нациям!

Bazarlığın şərtləri

1740 04.08.2022 11:20 Колумнисты A A

“Xiyar puluna alınan eşşək suda boğular”

(Azərbaycan ata sözü)

“Meyvəli” bazarına şortiklə alış-verişə gəlməyi bazarın direktoru Anar müəllim qadağan edibdir. Nəyə görə, çünki xalqın anası-bacısı vardır. Maraqlıdır ki, ana-bacıların bazara şortikdə gəlməsinə bu qadağa aid deyilmiş. Ancaq kişilər qısa şalvarda gələ bilməzmiş.

Mən bu absurd vəziyyət haqda oxuyanda yadıma bir anekdot düşdü. Deyir bir gün kimsə qoz ağacının dibində uzanıb dincəlirmiş. Bu vaxt fikirləşir ki, pərvərdigarə, gör dünyanın işləri necə əlləm-qəlləm və kəlləmayallaqdır, qucaq dolusu qarpız nazik, yerdə sürünən tağın üzərində yetişir, cupbulu qoz isə nə boyda ağacın üzərində. Elə bu zaman budaqdan bir qoz qopur, düşür müdrik filosofumuzun başına, dərhal ürəyində deyir: “Hə, indi başa düşdüm”.

Məncə, bizim direktorların da çoxunun başına uşaq vaxtı qarpız düşübdür. Həm bazar direktorlarının, həm məktəb direktorlarının. Yoxsa bu yoldaşlara vaxtında düzgün təhsil versəydilər, gedib kənddən ucuz meyvə-tərəvəz daşınmasını təşkil edərdilər, ta şalvar balağı ölçməzdilər.

Balaq isə bizdə ciddi, dövlətçilik məsələsidir. Hələ gözləyin, dərs ili başlasın, yenə uşaqların, müəllimlərin geyim-kecim müzakirəsi qızışacaqdır. Necə deyərlər, dost başa baxar, direktor balağa.

Düşünürəm ki, bu milli dəyərlərimizin, balaqlarımızın, tüklü ayaqlarımızın qorunması işində bazarın direktoruna qoyulan ismin də hardasa rolu vardır. Axı o, dəyərli yazıçımız, AYB-nin əbədi sədri Anar müəllimin adaşıdır. Yüz faiz ona bu adı qoyanda valideynləri Anar müəllimi göz önünə gətiriblər. Anar müəllim milli dəyərlərimizin qorunmasına müstəsna xidmətlər göstəribdir. Məsələn, onun yaratdığı Təhminə obrazı müstəqilliyimizin ilk qaranquşlarından sayılır.

Nəsə, milli-mənəvi dəyərlərimizin keşikçilərinə uzun balaq, can sağlığı arzulayıb keçirəm başqa həlli vacib məsələlərə. Bunlardan biri jurnalistlərin hörmətinin artmasıdır. Əslində bir az köhnə əhvalatdır, haradasa keçən həftə olmuşdur, lakin mən gözlədim, gördüm buna heç kim fikir vermir, pis oldum. Geniş işıqlandırmaq, təbliğ etmək lazım idi.

Hadisə isə budur ki, nazirlikdə (adını yazmıram, böyük önəm daşımır) mətbuat konfransı keçirilirdi. İlk sıralardakı oturacaqlarda nazirliyin əməkdaşları oturmuşdular. Lakin tədbirin gedişində nazir göstəriş verdi, nazirliyin əməkdaşları arxa sıraya keçdilər, jurnalistlər qabağa gəldi. Düzü, mən xəbərin bu yerini oxuyanda o qədər kövrəldim, bir vedrə ağladım.

Hələ heç bir ölkədə mətbuat konfransında jurnalistləri birinci sırada oturtmayıblar. O təriflədiyiniz Amerikada görürsən prezident brifinq keçirir, birinci sırada “Makdonalds”ın işçiləri, kofe satanlar, papaq alverçiləri, kovboylar, şeriflər, artistlər, nə bilim, işsiz zəncilər oturublar. Moskvada Putin danışanda da iclas zalının birinci cərgəsində qorumalar əyləşir. Yalnız bizim Azərbaycanda jurnalistlərə sonsuz hörmət var. Ulu babamız, mətbuatımızın banisi Həsən bəy Zərdabi qəbrində rahat yatır. Gedib öz gözü ilə görənlər var.

Jurnalistə brifinqdə birinci yeri vermək nə deməkdir? O deməkdir bizdə söz azadlığı var. Hətta on ildir Mətbuat Şurasının sədri Əflatun müəllim jurnalistikanı və interneti bağlamaq üçün hökumətə çağırışlar edir, lakin hökumətimiz deyir etmə-eləmə, qoy yaşasınlar, hələ cavandırlar, qoy millətdə ruh yaşasın, şam yanmalıdır, əgər yanmırsa, deməli, qızdırma şamıdır.

Ayrı bir detal: iki-üç gün qabaq hökumətin nümayəndələrindən biri çıxış elədi, dedi qeyri-hökumət təşkilatları kor-koranə fəaliyyət göstərirlər, bilik və bacarıqları aşağı səviyyədədir.

Gör nə gözəl danışır... Halbuki hökumətin qeyri-hökumətin işinə qarışmağa hansı marağı olmalıdır? Bizdə isə qeyri-hökuməti də hökumət idarə edir.

Sözgəlişi, o qeyri-hökumət təşkilatlarında çoxlu şortik geyinənlər var, bunları indi bazara necə göndərək? Məcburuq hökumət özü bazarlıq eləsin.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости