Свобода людям, независимость нациям!

“Bayraktar”a 2020-ci ildə “qatil”, 2022-də “mələk” deyən Qərbin “kaset siyasəti”

1978 10.07.2023 13:10 Колумнисты A A

ABŞ Rusiyanın hərbi təcavüzü ilə üzləşmiş Ukraynaya kaset sursatları göndərməyə qərar verib. Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan yerli medianın kaset sursatların Ukraynaya təhvil veriləcəyi ilə bağlı məlumatını təsdiq edib. Bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu silahlardan “öz ərazilərində, öz əhalisi üçün riskləri minimuma endirməklə” istifadə edəcək.

Müşavir vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynada kaset mərmilərin istifadəsinin mülki əhali üçün risklər daşıdığını qəbul edir və buna görə də onların ötürülməsi qərarını indiyədək təxirə salıb. O vurğulayıb ki, Birləşmiş Ştatlar Kiyevdən kaset sursatlardan “ehtiyatla” istifadə ediləcəyinə dair yazılı zəmanət alıb.

Pentaqon Ukraynaya kasetli sursatlar göndərəcək

Bundan əvvəl ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli demişdi ki, ABŞ Ukraynanı ksetli sursatlarla uzun müddət ərzində təmin etməyi düşünür. Mark Milli Rusiya qüvvələrinin Ukraynadakı döyüş meydanında kaset bombalarından istifadə etdiyini və Ukrayna qüvvələrinin digər müttəfiqlərdən kaset bombaları aldığını və silahları yerləşdirdiyini söyləmişdi. Sitat: “Bunu ukraynalılar istədi, digər Avropa ölkələri bu silahların bir hissəsini verdilər. Ondan ruslar da istifadə edir. Qərar vermə prosesi davam edir”.

Budur, qərar verildi. Baxmayaraq ki, hətta ABŞ demokratları da Ukraynaya kasetlərin verilməsinə qarşı çıxıb. Demokratlar Partiyasının nümayəndəsi Betti MakKollum ABŞ hakimiyyətinin kaset bombalarının Ukraynaya ötürülməsi qərarına reaksiyası zamanı bu qərarı prezident Co Bayden administrasiyasının “lazımsız və dəhşətli səhvi” adlandırıb. “Konqres birmənalı şəkildə partlamamış hərbi sursatların bir faizdən çox ehtimalı olan hər hansı kaset sursatının ötürülməsini qadağan edib. Ukraynadakı döyüş meydanında ABŞ-ın köhnəlmiş kaset sursatlarına icazə verilməsi bizim mənəvi nüfuzumuzu sarsıdır və Amerikanı kaset bombaları haqqında Konvensiyaya qoşulmuş 23 NATO müttəfiqimizlə qarşı-qarşıya qoyur”, – MakKollum deyib. Mətbuatın yazdığına görə, Konqres üzvünün fikrincə, bu silah növü yalnız əzab gətirir. Buna görə də o, Vaşinqtonun Kiyevə kasset bombalarının ötürülməsinə qəti şəkildə qarşı çıxıb və ABŞ-da bu silahların qalan ehtiyatlarının ləğv edilməsinə çağırıb.

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqladı

Yeri gəlmişkən, bundan əvvəl ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmişdi. Bildirilirdi ki, yeni hərbi yardım paketinin dəyəri təxminən 800 milyon dollardır. Buraya kasetli sursatlar, “Bradley” və “Stryker” zirehli maşınları, həmçinin haubitsa və HIMARS raket sistemləri üçün mərmilər daxildir.

Nə deyirik ki? Azərbaycan ədalətin tərəfindədir və şimaldan gələn bütün təzyiqlərə, təhdidlərə rəğmən, Ukraynanın beynəlxalq aləmdə mövqeyini birmənalı şəkildə dəstəkləyir, həmçinin bu ölkəyə humanitar səviyyədə yardımlarını davam etdirir. Rəsmi Bakının yüksək səviyyədə dəstəyini Ukrayna rəhbərliyi də etiraf edir, xalqı da. Azərbaycan xalqı və dövləti bir qərinə boyunca işğaldan əziyyət çəkib, odur ki, işğalın, savaşın nə demək olduğunu çox yaxşı bilir. Ona görə də Ukraynanın ərazi bütövlüyünün təmin olunması ölkəmizin siyasi xəttinin vazkeçilməz bölümünə daxildir. ABŞ Ukraynaya hərbi dəstək verir, lap yaxşı, qəti şəkildə bu addımın əleyhinə deyilik, baxmayaraq ki, amerikalı demokratlar belə Baydenin “kasetli siyasəti”nə qarşı çıxırlar. Azərbaycanın sadə vətəndaşları belə, hətta Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk günlərində ABŞ və Avropanın nədən ləng tərpəndikləri sualına cavab axtarırdılar, bu “təmkin” və “soyuqqanlı” davranışa əsəbi reaksiya verirdilər. Reallıq budur ki, müharibənin ilk həftəsindəcə rus tanklarının Kiyevə daxil olmasını Türkiyə “Bayraktar”ları əngəllədi...

ABŞ MN Ukraynaya kasetli sursat göndərilməsinin səbəbi barədə Baydenin  izahını təkzib edib - Naxçıvan TV

Qayıdaq Azərbaycana...Xatırlayırsınız yəqin, Azərbaycan 2020-ci ilin 27 sentyabrından etibarən Ermənistanın “yeni ərazilər” planına sarsıdıcı zərbələr endirməyə başladıqdan sonra ABŞ başda olmaqla Qərb dövlətləri ciddi əndişə keçirirdilər. Düzdür, o zaman ABŞ-ın başı daha çox prezident seçkilərinə, Tramp-Bayden savaşına qarışmışdı, bu da Azərbaycanın tarixi şansı idi. Amma fürsət tapan kimi, Azərbaycanı ittiham edirdilər, hətta BMT Təhülkəsizlik Şurasının fövqəladə sessiyasında anti-Azərbaycan qətnamənin qəbuluna bir addım qalmışdı. Təsəvvür edin, 28 il ərzində BMT TŞ-nin 4 qətnaməsini icra etməyən Ermənistana qarşı yox, Azərbaycana qarşı qətnamə qəbul etməyə “tədarük” görürdü “demokrat” Qərb. İkiüzlükmü, üçüzlükmü?! O zaman Azərbaycanı BMT müstəvisində cəzalandırmağı bacarmadılar, Fransanın Makronu nə qədər çığır-bağır saldı, xeyri olmadı, Azərbaycanın dostları ermənisifətli çevrələrin planını pozdular. Amma 44 günlük müharibə dönəmində xüsusi tezislərlə “silahlandırılıb”Azərbaycan Prezidenti cənab İlham Əliyevlə müsahibəyə gələn qərbli jurnalistlər də ittihamedici suallarla xitab edirdilər, öz ərazisini işğaldan azad edən ölkəni Ermənistana qarşı muzdlu döyüşçülərdən, qadağan olunmuş silahlardan, daha nələrdən istifadədə suçlamağa cəhd göstərirdilər. Qərbin ikiüzlü siyasətində bu iftiralar davamlı xarakter almışdı, usanmadan yalanlar uydudururdular, Azərbaycanın ədalətli savaşına ləkə salmağa çalışırdılar. Müharibə zamanı Azərbaycanın kasetli sursatlardan istifadə etdiyini iddia edən amerikalı, avropalı rəsmilər, qeyri-rəsmilər Ermənistanın müharibə cinayətlərini görməzdən gəlirdilər.

Gəncənin bombalanması Ermənistanın dövlət səviyyəsində terroru  dəstəklədiyini göstərir - Hərbi ekspert

Ermənistan ordusunun Gəncəyə, Bərdəyə, Goranboya, Naftalana, Tərtərə raket zərbələri, elə kasetli hücum nəticəsində çoxaylı dinc sakinlərimiz, o cümlədən qadınlar, uşaqlar, qocalar şəhid oldular, bir çoxları gecəyarısı, yatdıqları yerdə. Amma ikiüzlü Qərb susdu bu faktların qarşılığında. BMT TŞ fövqəladə toplanıb, nəinki Ermənistana qarşı sanksiya qərarları vermədi, əksinə, Azərbaycanın əl-qolunu bğlamaqdan ötrü çeşidli təzyiq planlarını işə saldı. O zaman təkcə Bərdəyə kasetli hücum nəticəsində 21 mülki vətəndaş həlak oldu, 70 nəfər xəsarət aldı. Ermənistanın qərbdəki himayədarları kal, lal, kor oldular bu dəfə də! Hansı ki, hətta Azərbaycana qarşı illər boyunca qərəzli mövqeyi ilə “fərqlənən” “Human Right Watch” da Ermənistan ordusunun 28 oktyabr 2020-ci il tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km qərbdə yerləşən Bərdə şəhərinin istifadəsi beynəlxalq səviyyədə qadağan edilmiş kassetli raketlərlə vurduğunu təsdiqləmişdi. Təşkilat silahlardan ikisinin “Smerç” klasterli döyüş sursatı və “Smerç” gecikdirici paraşütlü parçalanma raketinin olduğunu açıqlamışdı. O da bildirilmişdi ki, “Smerç” yaylım atəş raket sisteminə sahibdir, lakin qondarma “Dağlıq Qarabağ qüvvələri”ndə bu silah yoxdur. Yəni “Human Rights Watch” hücumun Ermənistanın həyata keçirdiyini birmənalı şəkildə təsdiqləmişdi. Adətən, “insan hüquqları və demokratiya məsələləri”ndə “Human Rights Watch”ın hesabatlarına istinad edən Qərb paytaxtları təşkilatın Ermənistanı müharibə cinayətlərində faktlarla ittiham etməsinə reaksiya vermədilər!

Nəinki ədalətin tərəfində dayanmadılar, hətta Azərbaycanın özünü Ermənistanın işğalçı ordusuna qarşı guya kasetli bombalardan istifadə etməkdə günahlandırdılar. Yəni əclaflığın son həddi! Hansı ki, Azərbaycan ağıllı raketlərlə legitim hədəfləri vururdu, 44 günlük müharibə zamanı Ermənistanın Mingəçevirə belə, raket zərbələri tolazladığı halda, Azərbaycan dinc erməniləri, şəhər və kəndləri hədəf seçmədi, yalnız hərbi mövqelərə nöqtəli zərbələr endirdi.  Ermənistanın Azərbaycana qarşı məhz kasetli sursatlardan istifadə etməsinə məhəl qoymayan Qərb “demokratları” hər cür şər-böhtana əl atdılar ki, təki torpaqlar işğalda qalsın, status-kvo davam eləsin, bölgə ilə bağlı məkrli planları üçün münbit şərait mövcud olsun.

Azərbaycan və Ermənistanda hansı silahlar var? - BBC News Azərbaycanca

Budur, 2020-ci ilin payızında Azərbaycanı istifadə etmədiyi raketlərdən “istifadəyə” görə ittiham edən Qərb indi Ukraynaya bu silahın verilməsini lazım bilir. Yenə də etirazımız yoxdur, olsun, təki Ukrayna xalqının yarasına dərman, dərdinə əlac olsun. Dinc ukraynalıların nə müsibətlər yaşadığını gördükcə, işğalı və işğalçını lənətləyirik, amma bu, yetmir. Müharibənin nə qədər dəhşətlərə səbəb olduğunu təsəvvür etməkdən ötrü 2 min ukraynalı uşağın məcburən Rusiyaya aparılması faktını xatırlamaq kifayətdir...Hələ mərmilərə “yem” olan körpələrin faciəsi...Azərbaycan 2 yaşlı Zəhranın, 9 yaşlı Farizin, hətta adını indiyədək öyrənə bilmədiyimiz 5 yaşlı xocalılı qızcığazın faciəsini yaşayan xalqdır, biganə ola bilməz dost ukraynalıların müsibətinə. Amma kaş ki, bizə münasibət də adekvat olaydı. Bu gün Rusiya ilə Ukraynaya görə sonadək döyüşəcəyini bəyan edən ABŞ rəhbərliyi nədənsə Azərbaycana görə Rusiyanın oyuncağı Ermənistanla döyüşməyi ağlına belə gətirmədi. Nəinki döyüşmədi, hətta Ermənistanın işğalçı siyasətinə qarşı təkbaşına dayanan, ilk illərdə ov siilahları ilə döyüşən Azərbaycana qarşı “907-ci düzəliş” adlı sanksiya qərarını da qəbul etdi ABŞ Konqresi. Ondan sonra isə sadəcə “dondurdular” bu qərarı, ləğv etmək də “ağıllarına gəlmədi“, prezidentlər dəyişsə də, münasibət dəyişmədi...

Bu gün Ukraynada az qalan dünyanın hər yerindən gəlmiş muzdlular, könüllülər döyüşür. Kimsə buna qarşı çıxmır, hesab edir ki, ölkə təcavüzlə üzləşib və bütün imkanlarından istifadə etmək hüququna sahibdir. Amma Azərbaycan Qarabağı azad edərkən Qərb paytaxtları ermənilərin təxribatçı təbliğatına “züy” tutub, Ermənistana qarşı “suriyalı muzdlular”dan istifadə etməklə bağlı sərsəm ittihamlar irəli sürürdülər. Kimsə Susiya, Livandan Ermənistana gətirilmiş muzdlulardan danışmırdı, işğalçını yox, işğala məruz qalanı suçlayırdı. Bax, bu cür simasızlarla üzləşdik çətin günlərimizdə...

İran 44 günlük müharibə zamanı Ermənistana gizli hərbi yardım TƏKLİF EDİB :  Türk "Bayraktar"larına qarşı... -YENİ FAKTLAR

44 günlük haqq savaşımızda qardaş Türkiyənin “Bayraktar”ları ilə təcavüzkara zərbələr endirdiyimiz zaman da üstümüzə gəldi Qərb “demokratiyası”. Azərbaycan “Bayraktar”lardan istifadə edən zaman bunu “ölüm silahı” elan etdilər, şivən qopartdılar, amma iki il sonra Ukrayna Türkiyənin bu, unikal silahından Rusiya təcəvüzünə qarşı istifadə esdəndə “Bayraktar”ı “mələk” adlandırdılar. Bax, budur adama təsir edən. Bu cür kəskin fərq ortada oldu, nə üzr istədilər, nə də yanaşmalarındakı ziddiyyəti əsaslandıra bildilər. Ukraynanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi haqlı müharibə kimi qəbul olunur Qərb tərəfindən. Qeyd etdiyimiz kimi, qəti şəkildə etirazımız yoxdur. Azərbaycan şimal qonşusunun qıcıqlı reaksiyaların rəğmən, Ukraynanın ədalətli mübarizəsini dəstəkləyir. Həmçinin Ukrayna azərbaycanlıları da qanları bahasına bu savaşda iştirak edirlər, çoxsaylı həlak olan soydaşlarımız var. Hətta Qərb çevrələrindən, Avropa strukturlarından, ABŞ-dan Ukraynaya verdiyimiz dəstəyə görə təşəkkür də eşidirik ara-sıra. Məsələn, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycanın Ukraynaya verdiyi humanitar dəstəyə görə ölkəmizə minnətdarlığını ifadə edib. Belə nümunələr az deyil...Bir sıra hallarda Azərbaycanın qarşılaşa biləcəyi riskləri görməzdən gəlib, Bakının Ukraynaya daha çox dəstək verməsini istəyir ayrı-ayrı anti-Rusiya qüvvələr. Anlaşılandır. Amma axı, onların bir çoxları Azərbaycanın öz torpaqlarının işğalı ilə barışmağa çağırırdılar, “reallığ nəzərə almağı” zəruri sayırdılar. Unutmamışıq, deyirdilər Ermənistan işğal edib, sülhün alternativi yoxdur, oturun, razılaşın, məsələ bitsin! Xülasə, Azərbaycan əraziləri işğal altında olan illərdə Qərb “münaqişənin hərbi həlli yoxdur” deyirdi, Ukraynanın ərazi işğalı zamanı isə “münaqişənin sülh həlli yolu yoxdur” mövqeyindən çıxış edir. İşğalçı Rusiyanın dondurulmuş aktivləri yüz milyardlarladır, Putin beynəlxalq tribunala verilir, terrorçu elan olunub, Rusiyanın qadın futboluna belə, sanksiya tətbiq olunub. Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana münasibətdə bənzər addımları görə bilmədik, hətta Xocalı caniləri Köçəryan və Sərkisyana beynəlxalq səviyyədə tribuna verdilər zaman-zaman...

Bütün bunlara rəğmən, Ukraynaya verilən dəstək qərarlarını təqdir edirik. Sadəcə, işğalçı ilə işğala məruz qalanlara eyni münasibətin sərgilənməsini tələb etmək hüququmuzu da özümüzdə saxlayırıq. Krım Ukrayna olduğu kimi, dağlı-aranlı Qarabağ da Azərbaycandır, unutmasınlar!!!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости