Свобода людям, независимость нациям!

Batanları dartmaq

1258 16.09.2023 11:22 Колумнисты A A

Ötən yazımda söz verdiyim kimi, Batandart toponiminə aydınlıq gətirirəm. Bunu mənə dostum, cəsur kəşfiyyatçı, qazi İlham Ağalar söyləmişdir. Bir dəfə hansısa yazımda Bakıdakı bu qəsəbənin adını rəsmi qəbul olunduğu şəkildə - Badamdar yazmışdım. Onda İlham bəy mənə zəng vurdu, belə maraqlı nəzəriyyə irəli sürdü:

“Əslində o yerin adı Batandart-dır. Batanları dartıb çıxartmaq mənasında. Qədimlərdə Lökbatan yaxınlığından karvan yolları keçirdi, dəvələr-atlar bəzən geniş ovalıqdakı bataqlıq ərazidə batırdı. Onları çıxartmaq üzrə ixtisaslaşan bir qrup adam, bəlkə də tayfa varmış, indiki Batandart ərazisində, yuxarıda yaşayırmışlar. Düşüb dəvələri dartırdılar, beləcə yerin adı Batandart qalmışdır. Əgər fikir versən, ruslar buranı sovet vaxtı Patamdart adlandırırdı”. Sitatın sonu.

Necə deyərlər, düşünməyə dəyər. Çünki Badamdar-ın indi qəbul edilmiş adının dəqiq elmi izahı yoxdur, əsasən Qılman İlkinin haçansa yazdığı ədəbi-bədii kitaba görə deyirlər ki, guya fars dilində badam ağacları bitən yer deməkdir. Halbuki ərazidə badam bağlarını kim görüb? Yalnız son 40-50 ildə bəlkə kimsə həyətində əkib. 19-cu əsrdə orada heç ağac yox idi. Nəsimi adına Dilçilik İnstitutumuzun hazırladığı etimologiya lüğətində isə “badam” sözünün farsa “yarğan, çapılmış yer”, “dar” sözünün “keçid, qapı” olması yazılıb.

Üstəlik, Abşeronda batmaqla bağlı başqa yer adları da var və eyni coğrafi ox üzərindədirlər: Lökbatan, Ceyranbatan...

Şəxsən mən Batandart variantına tərəfdaram. Bakıda, ölkəmizdə belə mübahisəli yer adları çoxdur. Məsələn, iddia edilir ki, Maştağanın adı massaget tayfalarıyla bağlıdır. Ancaq bəlkə də orda haçansa Məşədi Ağa adında adam yaşayıb, camaat öz ləhcələrində ona “Maşadağa” deyiblər.

Ən ilginc faktlardan birini ötənlərdə yazar dostum, lerikli Vüqar Van mənə xatırlatdı. Sən demə Lerikdə 2007-ci iləcən... Azərbaycan adında kənd olub. Dəyişib Günəşli ediblər. Doğrudan da 2007-ci il mayın 8-də bizim Milli Məclisin qəbul elədiyi belə qərar vardır. O çağacan həmin kənddə yaşayan 800-dən çox adam bioqrafiyasında belə qeyd edirmiş: “Azərbaycan Respublikası, Lerik rayonu, Azərbaycan kənd sakini filankəs...”

Eybi yoxdur, əsas odur indi kənd həmişə günəşlidir. Bu da ölkəmizdə aparılan dinc quruculuq işlərindən, islahatlardan xəbər verir. Yaxşı olardı payız sessiyasında sayın deputatlarımız Biləcərinin adını dəyişib Roma qoysunlar. Həm bütün yollar Romaya aparır mənasında, həm də Biləcəri sakinləri hər dəfə “Filankəsi Biləcəriyə qədər tanıyırlar” eşidəndə dilxor olurlar. Bu, sakinləri aşağılamaqdır. Öz adımdan yazıram, şəxsən mənə çox pis təsir edir. Lakin qəsəbəni Roma adlandırsaq “Filan şairimiz Romadan o tərəfə çıxmamışdır” deyiləndə o qədər acılı olmaz.

Hərçənd bu da Ramana qəsəbəsi sakinlərində qıcıq oyadar, çünki onlar ərazinin romalılardan qalma toponimi daşıdığı iddiasındadır. Üç Roma anlaşılmaz olar. Bəlkə Biləcəriyə Köhnə Roma deməklə (çünki Yeni Ramana artıq var, üçüncü elə bunu nəzərdə tuturdum) problemi kökündən həll edərik? Nə bilim. Düşünməyə dəyər.

Sonda bir lazımsız mövzuya da diqqəti yönəldək, azca yerimiz qalır. Bakı Hərbi Məhkəməsində müdafiə büdcəmizin 100 milyon manatını əkişdirmiş bir qrup zabitin məhkəməsi gedir. Başda Müdafiə Nazirliyi maliyyə-büdcə idarəsinin rəisi, general-mayor Nizami Məmmədov olmaqla, bu yoldaşların yaxşı iştahı varmış. 100 milyonla nə qədər uşaq pulu vermək olardı.

Eyni zamanda, onlar pulları baş qərargahın keçmiş rəisi Nəcməddin müəllimin əmriylə həzmi-rabedən keçirdiklərini söyləyir. Sitat: “Baş qərargah rəisinin qanunsuz əmrlərini həyata keçirmişik”. Ancaq maraqlıdır, məhkəmə Nəcməddin müəllimi heç çağırıb dindirmir. Yəqin Dubayda çimir yenə. Hakim jurnalistləri də formal olaraq açıq elan edilən məhkəməyə buraxmır.

Yəqin deyir jurnalistlər də Dubaya gedib çimsinlər, nə var Bakıda... Nəcməddin müəllimdən orda geyçimdə ifadə almaq olar.

Batarsa dartmaq da olar. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости