Свобода людям, независимость нациям!

Baş Komandanın Naxçıvan xəbərdarlığı: “Yaxşı olardı ki, gec deyil, tez olsun!..”

1879 08.10.2022 10:40 Колумнисты A A

 

Bu saatlarda Praqa görüşünün nəticələrindən danışılır. Ermənistanda sükut hökm sürür, qurbağa gölünə daş atılmış kimidir. Qarabağ separatçıları isə hərdən bir mızıldanırlar. Baş terrorçu Araik Arutyunyan Rusiya prezidentinə yubiley təbriki yazmaqla özünü adamlar cərgəsinə qoşmağa cəhd göstərib yenə...

Görünən budur ki, çıxılmaz vəziyyətdə, fəlakətin dibində olan ermənilər hansısa istiqamətdən işarə gözləyirlər. Türkü özünə düşmən hesab edən revanşistlər və ümumən sağalmaz xəstəliyə mübtəla olmuş ermənilər “türk casusu” adlandırdıqları Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə də sərt reaksiya vermirlər nədənsə. Görünür, getdikcə anlayırlar ki, onların xilası əslində türkdədir - Azərbaycan və Türkiyədədir. Amma sonadək bu reallığı qəbul edəcəklərmi? Çətin görünür.

Ən əsası ona görə ki, ermənilər özbaşına deyil, onlar maşa kimi istifadə olunur, “köz götürmək” üçün. Əgər öz ağılları, öz başları olsaydı, 1997-ci ildə Ter-Petrosyana qulaq asıb, Azərbaycanla indikindən qat-qat üstün şərtlər əsasında anlaşmaya gedərdilər, amma onlar Qarabağdakı quldurların və xarici ssenaristlərin fitnə-felinin qurbanı oldular.

Ermənilər öz taleyinə sahib çıxmağı bacarsaydılar, 1999-cu ildə anlaşmaya yaxınlaşmışkən normal qərar verərdilər. Amma nə baş verdi: həmin ilin elə oktyabr ayında Ermənistan parlamenti gülləbaran edildi, hökumət və parlament rəhbərləri, deputatlar qətlə yetirildi və Azərbaycanla hər hansı anlaşma olmadı.

Azərbaycan dəfələrlə sülh təkliflərini irəli sürdü, lakin qarşı tərəf imtina etdi, tanklarını Bakıya sürəcəkləri barədə axmaq hədələr səsləndirdilər. Ağıllıları Nikol Paşinyan idi, guya müharibə partiyasının üzvü deyildi, Sərkisyan-Köçəryana müxalif idi. Amma 44 günlük müharibənin baiskarı məhz o oldu, Xankəndidə “Qarabağ Ermənistandır. Nöqtə” deməklə.

Nikol Paşinyan o qədər ziddiyyətli adamdır ki, onun nə sözünə, nə imzasına, nə də atdığı addıma inanmaq, etibar etmək olmaz. Azərbaycan Prezidenti Nikolu çox yaxşı tanıyır, hələ 2018-ci ildə Düşənbədə ayaqüstü söhbətləşən zamandan. O zaman Paşinyan Əliyevə atəşkəsə sadiq qalacağı, dinc tənzimləməyə üstünlük verəcəyi barədə vəd vermişdi, bir neçə ay sonra Xankəndidə o sərsəm bəyanatı verdi, Şuşada çaxır içib, torpağa sərələndi, separatçıların “parlamenti”nin Şuşaya köçürüləcəyi haqda planlar cızdı...

Nəticəsi bəlli. Ağlı başına gəldimi? Yox. Sonuncu dəfə ağılsızlıqlarının bəhrəsini 13 sentyabr gecəsi törətdikləri təxribatdan sonra gördülər. İndiyədək nə qədər itki verdiklərini dəqiqləşdirə bilməsələr belə, yenə də “nala-mıxa” vururlar. Diqqət edin, Praqa görüşündə özünü “sülhpərvər” birisi kimi aparır, amma bir neçə saat sonra Azərbaycanın kommunikasiya xətlərinin açılmasına mane olması barədə cəfəngiyat uydurur. Twitter mikrobloqunda yazıb: “Praqada mən bütün regional kommunikasiyaların blokdan çıxarılması təklifimizi bir daha təsdiqlədim. Azərbaycan yenə də müsbət cavab vermədi”. Abırsızlıq, sadəcə!

Adam, sən Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəsini 30 ildən çox müddətdə kəsən ölkənin başçısısan, nə haqla Azərbaycanı ittiham edirsən?!

Dövlətimiz Qarabağdakı ermənilərin Ermənistanla əlaqəsini ən ağır dönəmlərdə əngəlləmədi, humanist davrandı. Amma Ermənistan Bakıdakı naxçıvanlıların öz ata-baba evinə gedib-gəlməsinə imkan vermir, müxtəlif bəhanələrlə 10 noyabr 2020-ci il anlaşmasından imtina edir.

Prezident İlham Əliyev də Praqada mediaya verdiyi müsahibəsində açıq mətnlə bildirdi ki, Paşinyandan Naxçıvana yol tələbinə dürüst cavab ala bilmir və bu, 10 noyabr bəyanatının pozulmasıdır. Sitat:  “Bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Bu hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.

Bu, ciddi xəbərdarlıqdır. İlham Əliyev sözü boşuna demədiyini dəfələrlə sübuta yetirib. Sonuncu xəbərdarlığı 13 sentyabr döyüşlərindən əvvəl olmuşdu. Ermənistanı vaxtın uzadılmasına xidmət edən oyunbazlıqlara son qoymağa çağırmışdı, əks halda... Əksini gördülər, yenə də eyni oyunbazlıq olacaqsa, daha artığını görəcəklər!

Praqa bəyanatına əsasən, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycanın dövlət başçısı xəbərdar etmişdi ki, Ermənistan ərazi bütövlüyümüzü tanımasa, bizim də adekvat cavabımız olacaq. Üstəlik, Azərbaycan torpaqlarında yaradılan bu, süni dövlətin yox olmasına səbəb ola biləcək prosesin anonsu olmuşdu. Masaya 19-20-ci əsrlərin xəritəsi çıxarılırdı artıq. Belə bir dönəmdə Paşinyanın əlacsız şəkildə bu mövqedən çıxış etməsi çıxılmazlıq sindromundan irəli gəlir. Amma unutmayaq ki, Paşinyan vaxtilə Qarabağın Ermənistana birləşdirildiyi barədə sərsəm bəyanatın da müəllifi olmuşdu. Nə həmin bəyanatından imtina edib, nə Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı iddialar çıxarılıb, nə də Ermənistan Ali Sovetinin Dağlıq Qarabğın Ermənistana birləşdirilməsi barədə axmaq “qərar”ından rəsmən imtina olunmayıb. Odur ki, bunlara etibarımız qəti şəkildə ola bilməz. 1918-ci ildə İrəvanı güzəştə getdik, ardınca digər ərazilərimizi qoparıb, faktı dandılar, dedilər İrəvan dədəmiz Tiqrandan bizə mirasdır. Bu qədər həyasız toplum yəni.

Ziddiyyətli adam olan Paşinyan cəmi bir ay əvvəl “Biz demişik ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və ”Artsax" (Qarabağ) ərazi yox, hüquq məsələsidir" demədimi? Odur ki, onun Azərbaycanın ərazi bütövlüyünü tanıdığına çox da inana bilmərik. Sabah durub deyəcək ki, mən Azərbaycanın ərazi bütövlüyü deyərkən Qarabağı nəzərdə tutmurdum, Bakı gərək Xankəndi ilə oturub danışsın.

Odur ki, nə diplomatiyamız, nə əsgərimiz, nə mediamız arxayınlaşa bilməz. Qarşıda hələ çox gərgin dönəmlər var. Ordumuzun qələbəsi masada, sülh sənədində əksini tapana qədər usanmadan çalışmalı, dövlət başçımızın qətiyyətli mövqeyini müdafiə etməliyik. İnşallah, qardaş Türkiyəmizlə birlikdə daha böyük qələbələrə doğru! Xanın kəndinə bayraq sancana, Zəngəzur dəhlizinin - Turan qapısının açarını əlimizə aldığımız günədək usandı yoxdur!..

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости