Свобода людям, независимость нациям!

Bambılı kadrlar

2940 12.01.2023 13:19 Колумнисты A A

 

Bu gənc məktəb direktorları niyə belə edirlər? Nə məcburdur? Kamera qarşısında qol götürüb oynamaq nədir, rola girmək, oyun çıxarmaq nədir?

Söz yox, hər kəsin içində bir art yanğısı, yaradıcılıq ehtirası var, amma bu cür incə sənətlərin öz məktəbi mövcuddur, gedirsən, girirsən, oxuyub gəlir, artist olursan, teatrlarda, kinostudiyalarda çalışırsan, tamaşalarda oynayırsan, seriallara çəkilirsən, telekanallarda aparıcı, şoumen olursan və içindəki artistlik ya yavaş-yavaş öləziyir, ya da “povvv” edərək daha bərk alışır, adına sənətkar deyirlər.

Yoxsa bu cür olmur, səni gətirib 3-5 yüz şagirdin təhsil aldığı məktəbə direktor qoyurlar, sən də şagirdlərə, rəhbərlik etdiyin müəllimlərə nümunə, örnək olmaq əvəzinə kamera qabağında meymunluq edirsən.

Yaxşı, deyək ki, özünü bunu etməkdən və videoya çəkməkdən saxlaya bilmirsən, ta niyə paylaşırsan ki, bir neçə günün içində bu paylaşımlar baxış rekordu qırır və dilə-dişə düşürsən? Adın bambılı kimi çıxır, beş kişinin arasına çıxa bilmirsən, barmaqla göstərirlər: “Bu, Moşu məllim deyil? Ha-ha-ha, hi-hi-hi, he-he-he”. Hələ bu gülüş sədalarının içində “ho-ho-ho” kimi qaba variantlar da var.

Bura sivilizasiyaların toqquşduğu və hamısının bir-birinə qarışıb həftəbecər olduğu yerdir, burada ehtiyatlı olmaq gərəkdir. Mendelson marşı ilə nikah bağladığımıza baxmayın, bura Avstriya deyil. Ölüləri fars şivəli ərəb dilində oxuya-oxuya dəfn etdiyimizə aldanmayın, bura İrandan və ya Ərəbistandan fərqli məkandır. Şampanı, arağı, pivəni əlimizdən yerə qoymadığımıza fikir verməyin, bura Finlandiyadan, Almaniyadan çox uzaqdır.

Burada açıq cinsi azlıqlara dövlət vəzifəsi vermirlər (Hərçənd vəzifə yiyələrinin içində gizli geylər ola bilər və mühəqqəq vardır). O Fransadır, Hollandiyadır, orada cinsi azlıqları deputat da seçirlər, mer də. Başqa vəzifələr də verirlər. Amma siz təsəvvür edin ki, bu ölkədə özünü bambılı kimi aparan və ya adı homoseksualist kimi çıxan bir kapitanı hansısa qəsəbəyə sahə müvəkkili qoyurlar. İşləyə bilərmi? Vallahi, o qəsəbənin xuliqan gədələri küçədə “petux-petux” deyə onun qoparağını götürərlər.

Qəribə və çətin yerdir buralar. Vəzifə yiyələri gərək həmişə ciddi olsunlar: cəmiyyət arasında daima qaşqabaqlı gəzməlidirlər, sifətləri həmişə acıqlı və qayğılı olmalıdır, bərkdən gülməməlidirlər, tələsik yeriməməlidirlər, ləngərli addımlamalıdırlar, hər zaman kostyum geyməli, qalstuk taxmalıdırlar. Türkün sözü, “ne day boq”, vəzifə yiyəsi səhər-səhər hansısa parkda idman paltarında qaçsın, görən olsa, zabitəsi azalar. Hətta o idman paltarında qırmızı rənglər varsa, adamın adı çıxacaq.

Uzun sözün kəsəsi, bu ölkədə artistliyə, müğənnilərə pis baxmırlar, əksinə, çox sevirlər, hətta o qədər sevirlər ki, onlara lüks avtomobillər bağışlayırlar, villa hədiyyə edirlər, hamı onlarla şəkil çəkdirir və həvəslə o şəkilləri bir-birinə göstərir. Amma bu ölkədə vəzifə yiyələrinin artistlik etməsini istəmirlər. Onun dərdindən bəzi böyük vəzifə yiyələrinin bəstələdikləri yaxşı mahnılar təxəllüs imzası daşıyır, adam da heç vaxt çıxıb “onu mən yazmışam” demir. Hərçənd Metrpolitenin sabiq rəisi Tağı Əhmədov yazdığı şeirlərə “Tağı Sadiq” imzası qoysa da, şeir yazdığını heç kəsdən gizlətmirdi. Ümumiyyətlə, Tağı müəllim səmimi adamdır, onun yerinə kim olsa, ləğv edilmiş MTN-in generalı Akif Çovdarova 3 milyon manat rüşvət verdiyini də deməzdi. (Görəsən, o pul öz yiyəsinə qaytarıldımı?).

Xüləs, mətləbdən uzaqlaşmayaq. Mövzumuz vəzifə yiyələrinin özlərini ciddi aparmalı olmasıdır.

Uzun illərdən sonra belə bir qənaətə gəlmək olar ki, əslində cavan adamlara yüksək vəzifə verilməməlidir. İşləyə bilmirlər. İçlərindəki yaradıcılıq eşqi, fərqlənmək ehtirası, gənclik enerjisi İslandiyadakı Eyyafyatlayokuldr vulkanı kimi püskürür, ətrafı tüstü və kül basır.

Biz gənc kadrlar olanda eləydi, deyirdilər, cavan adamlara vəzifə vermək olmaz, çox da ki, savadlıdırlar, istedadlıdırlar. Nəticədə yüzlərlə iddialı və səriştəli tay-tuşumuz məsul vəzifə üzü görmədən qocalıb getdi. Amma elə ki o nəsilin yaşı 50-ni keçdi, başladılar 27-33 yaşlı gənclərə yüksək vəzifə verməyə. Əməllicə dəb oldu. Bu nazir, o komitə sədri, bu biri idarə rəisi, başqa biri İH başçısı və s. Məktəb direktorlarının yaşı da xeyli cavanlaşdı.

Ancaq acı reallıq budur ki, “gəncləşdirmə” siyasətini ağıl-kamalla aparmaq lazım imiş. Kadrlar ucdantutma gəncləşdiriləndə ortalığa səy-səy Tik-tok videoları, düşük-düşük İnstagram paylaşımları çıxır, yüksək etimad göstərilmiş gənclər aşağı əyarlı bambılılıqlar edirlər. Camaatın da bir yarısı məyus olur, o biri yarısı mırtlaşmağa mövzu tapır.

İndi belə bir təklif var ki, vəzifəyə təyin olunanlar əvvəlcə psixatriya dispanserində müayinə olunsunlar. Zarafatsız, yaxşı təklifdir, aktual və zəruridir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости