Свобода людям, независимость нациям!

Baltalı kişinin pəstahası – siyasi səciyyəli terror aktı

3533 06.07.2022 08:15 Колумнисты A A

 

Kimsə metroya baltayla (və ya çapacaqla) girən adamın pəstahasında İran izindən şübhələnsə, mütləq yenə kimlərsə ona kontr gedəcəklər, deyəcəklər, siz də lap paranoik olub getmisiz, nə olsa, İrandan, Rusiyadan şübhələnirsiz.

Səslənə biləcək arqumentlərə öncə atalarımızın “İlan vuran ala çatıdan qorxar” məsəli ilə giriş edərək, daha sonra 1999-cu ildə ABŞ-ın “birinci ledisi” Hillari Klintonun məşhur ifadəsini xatırlatmaqda fayda var.

O zamanlar, 23 il öncə ABŞ prezidenti Bill Klintonla Ağ Evdə praktika keçən Monika Levinskinin adına söz çıxanda, bütün dünya bundan danışanda, ABŞ konqresində bu məsələ ilə bağlı impiçment söhbəti aktuallaşanda Hillari Klinton demişdi: “Əgər işıq dirəyinin başında tısbağa varsa, bu, o anlama gəlir ki, onu oraya bir qoyan var, özü çıxmayıb”.

Məsələ bu qədər sadədir. Çünki tısbağada işıq dirəyinin başına çıxmaq kimi bir qabiliyyət olmadığı kimi, bu cür məsələlərdə özfəaliyyət olmur, onu təşkil edənlər olur.

Baltalı kişinin vaqiəsi özlüyündə terror hadisəsidir və siyasi aktdır. Adam insanların kütləvi toplaşdığı yerə əlində ağır kəsici-deşici alət tutaraq girib və bir qrup insanın ünvanına ölüm hədələri səsləndirib. Üstəlik, o, bəyanat verir, xalqa çağırış edir, həm də bu hərəkətini videoya çəkib tirajlayır.

Cinayət aktı danılmaz olduğu kimi, bunun siyasi səciyyə daşıması da təkzibolunmazdır. Bu hərəkəti bir başqası, sırf təsadüf nəticəsində çəkib yaysaydı, onda bunu qatı xuliqanlıq hadisəsi kimi qələmə vermək olardı. Adam isə hər şeyi ölçüb-biçibmiş kimi görünür.

Belə yerdə kriminalistlər bu cür suallar qoyur: “Bu akt kimə sərfəlidir?”; “Şəxsin belə hərəkət etməkdə motivləri nədir”; “Onu bu addıma nə və ya kim sövq edir?”

Bu suallar ətrafında düşünəndə görürsən ki, hazırda cinsi azlıqlar məsələsi aktual olmadığı, cəmiyyətdə hər hansı bir ciddi polemika doğurmadığı üçün baltalı adamın yuyulmamış çömçə kimi ortaya soxulmasının yeri yox idi.

Əksinə, bu saat ölkədə İranın havadarlıq etdiyi şəxslərin azadlığa buraxılması tələbi ilə çıxış edən və vaxtaşırı dini motivlərdən (“şiələrə təzyiq var”, “ölkədə din-iman əldən gedir” və s.) yararlanan adamlar var. Cinsi azlıqlara sərt münasibət onların əsas “kozır”larından biridir.

Məsələn, vaxtilə o dairələr bu “kozır”dan bir neçə dəfə istifadə etməyə çalışıblar. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində “cinsi azlıqlar məsələsi” İranın əsas qara piar elementinə çevrilmişdi və İranın, demək olar ki, bütün məscidlərində axundlar öz moizələrində cinsi azlıqların Bakıda parad keçirəcəyini vəz edir, Azərbaycanda dinin əldən getdiyini deyirdilər.

Bu, “stəkanda fırtına”ydı, bəhanədən başqa bir şey deyildi.

Cinsi azlıqların tarixi coğrafiyasına baxsaq, Fars körfəsi hövzəsindəki ölkələrdə bunun qədim izlərini görərik. Bu, hətta qədim Şərq nağıllarında belə əks olunub, Əfqanıstanda, İranda geniş yayılmış və xüsusi termin qazanmış həmin tendensiya o cəmiyyətə heç də yad deyil.

İndi min ildən sonra durub bunu “dinə-imana zidd”, “Allahın lənətlədiyi əməl” kimi qələmə verərək siyasi ixtilaflarda istifadə etmək o qədər də səmimi hərəkət deyil. Axtarsalar, öz ölkələrində cinsi azlıqlara mənsub olanlar başqa ölkələrdə olduğundan qat-qat çoxdur.

Başqa vaxt istənilən bir nəsnənin mahiyyətini izah edəndə hamısı “Allah belə yaradıb” deyirlər. Elədirsə, cinsi azlıqları da Allah belə yaradıb. Bu, tibbi-fizioloji baxımdan sapıntıdırsa da, Allahın, təbiətin yol verdiyi sapıntıdır.

Belə anlaşılır ki, özünü cinsi azlıqlara qarşı döyüşkən qladiator kimi aparmaq sırf dini baxımdan Allahın iradəsinə qarşı çıxmaqdır.

Ona görə də saç-saqqalıyla özünü mömin biri kimi göstərən, hədələri ilə özünü din-iman təəssübkeşi kimi aparan şəxsin hərəkətlərinin təsadüf olmadığı qənaəti yaranır. Onun ortalığı qarışdırmaq, insanları xoflandırmaq məqsədi daşıdığı açıq-aydın ortadadır.

Gözləyək, görək məsələnin mabədi necə olacaq...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости