Свобода людям, независимость нациям!

Bakının yaş planı

1693 10.01.2024 12:24 Колумнисты A A

“Qoy desinlər Qasıməlinin çustu var,

Kim nə bilir altı yoxdur, üstü var"

(Azərbaycan ata sözü)

Dünyada elə ölkələr var ki, orada camaat öz hökumətini seçir. Buna görə də hökumət məcbur olur camaata hesabat versin, gələcək planlarını açıqlasın, ölkəni necə qurmaq fikrində olduğunu detallı şəkildə göstərsin. Bəzi ölkələrdə isə tərsinədir. Camaat hökuməti yox, hökumət camaatı seçir. Kimdən xoşu gəlirsə, ona medal verir, ev verir, pul ayırır, xoşu gəlməyəni də ya türməyə basır, ya ölkədən qovur. 

Bizdə hansındandır, ya bəlkə indi modda olan sözlə yazsaq, “hibrid”dir, calaqdır - bunu müəyyənləşdirməyi əziz oxucuların öz ixtiyarına buraxıram. Bilənlər bilməyənlərə danışsın, mən siyasətə qarışmıram. 

Yeri gəlmişkən, bu yaxında bir parkdan keçirdim, gördüm ərazidə lokal münaqişə ocağı yaranıbdır. Bir dəstə cavan oğlan parkda it gəzdirmək istəyirdi, parkın müdiri isə buna imkan vermirdi, deyirdi burada it oynatmaq qadağandır. Həqiqətən parkın girişində içəri itlə keçməyin qadağan olunduğu haqda lövhə vardı, o cümlədən mənim də mövqeyim belədir ki, balaca, adam sıxlığı yüksək olan parklara it-mit doldurmaq, xüsusilə ağızlıqsız, itin nəcasətini təmizləmədən və sairə - düz deyil. Bəlkə şəhər planlaşdıranda heyvan gəzdirmək yerləri də nəzərə tutulmalıdır. Xülasə, adamlar gərgin şəkildə mübahisə edirdilər, birdən parkın qarovulçusu mənə üz tutdu, dedi ki, jurnalist, niyə bundan yazmırsan? Məni haradansa tanımışdı. Ona dedim ki, mövqeləri haqlıdır, ancaq mən siyasətə qarışmıram. Və çıxıb getdim. 

Son günlər Bakı şəhərinin baş planı yenidən gündəmə gəlmişdir. Hökumət nəsə belə bir şey qayırıbdır, orada 2040-cı iləcən Bakımızın (Hacıbala müəllim demişkən) küçələri, evləri-zadı necə olmalıdır, onu göstəribmişlər. 

Açığı, mən 1989-cu ildə Narxozun “iqtisadi və sosial planlaşdırma” ixtisasına qəbul olunandan bəri bəlkə hər il bu anekdotvari mövzu - Bakının baş planı teması üzrə xəbərlər oxuyuram. Aradan keçən illərdə Bakının anasını ağladıblar, səkilərdən parklara qədər satıblar, hərə ağlına və ağzına gələn proyektdə evlər tikib, Abşeron yarımadası böyük bir gecəqonduya çevrilib. Artıq paytaxtda tıxacsız küçə görəndə adamlar qurban kəsir, ocağa nəzir deyir. Metroda kiməsə sürtüşmədən hərəkət qeyri-mümkündür. Məktəblərdə hər sinifdə 40 uşaq “oxuyur”, müəllim jurnalı oxuyub qurtaranda dərsin bitdiyi haqda zəng çalınır. Xəstəxanalar basırıq, məhəllələr basırıq, parklar basırıq... Bakı rəsmən boğazlanmış vəziyyətdədir. Və hökumət qəfildən oyanıb guya baş plan təsdiqləyir. 2040-cı iləcən metro filan qədər olacaq, velosiped buradan girəcək, nə bilim, yaz gələcək, yonca bitəcək... 

Dostlar, axı elə bu metro temasında biz əski müdirlərin nə qədər nağıllarına qulaq asmışıq! Əvəzində nə var? İki cüt, bir tək stansiya. Amma yox, Tağı müəllimin milyonları da var idi, düzdür, əfəllik edib onları Çovdarova-filana qapdırmışdı, lakin nə dəxli? Əsas odur metromuzda planlı şəkildə korrupsiya olub. Bakının baş planı olmasa da, oğurluğun baş planı həmişə hazır olubdur. 

Bakı şəhəri bütün Avropa-Asiya məkanında bəlkə axırıncı və yeganə paytaxt şəhəridir ki, onun böyük şəhər bələdiyyəsi, meri-zadı yoxdur. Hökumət hətta formal, saxta seçki ilə mer qoymağı da Bakıya qıymır. Əvəzində baş planımız var. Çal oynasın, Əjdər əmi. 

Özü də böyük Üzeyir bəyin sözü ilə yazsaq, nəsə bizimkilər yekə, fil boyda işləri xoşlayırlar, heç siçan boyda iş görmək istəmirlər. Bizə Bakının baş planından qabaq bəlkə Biləcərinin, Yasamalın, nə bilim, 8-ci kilometrin balaca, əl boyda planlarını göstərəsiniz? Xırda-xırda başlasaq olmazmı? Özümüzü gücə salırıq, sonra kimsə qrıja olur - çekistlər gedib kabinetdən çoxlu pul yeşikləri tapır. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости