Свобода людям, независимость нациям!

Bakının Tehran de-marşının səbəbi - uzun sürən təzyiqə etiraz

2097 26.11.2022 11:25 Колумнисты A A

 

Dövlət başçısının İrana yönəlik açıqlamaları, İranla yanaşı Azərbaycanda da aydın səmada çaxan şimşək effekti verib.

Çox adam belə de-marş gözləmirdi. Yəqin ki, “biz İranda yaşayan soydaşlarımıza hər cür dəstək verəcəyik” açıqlamasını İranda da gözləmirdilər və bu ölkənin mediasında Azərbaycana yönəlik mənfi çalarlı yazıların dərci bunu göstərir.

Doğrudan da indiyəcən belə şey olmamışdı. Hələ dövlət müstəqilliyinin ilk illərindən Azərbaycan rəhbərliyi qonşu dövlətlərlə problem yaratmamaq xətti seçmişdi.

Bu, bəzən ölkə daxilində tənqid olunurdu. Ancaq hər kəs aydın şəkildə başa düşürdü ki, himayədarları çox olan Ermənistanın qarşısında təklənmiş ölkənin xarici siyasətində sərt xətt tutması, dikbaşlıq etməsi yaxşı nəticələr verməz.

Fəqət bu o demək deyildi ki, Azərbaycan dövləti güclü və aqressiv qonşuların, eləcə də uzaqda yerləşən qüdrətli dövlətlərin qarşısında diligödək, başıqapazlı durumda qalırdı və həmişə müdafiə mövqeyində olurdu.

Elə də deyildi. Azərbaycanın xarici siyasətini müəyyənləşdirənlər, idman terminlərilə desək, yarımmüdafiə mövqeyini üstün tuturdular. Bu, qüdrətli qonşuların üstünə getməmək, amma onların da hücumlarını qətiyyətlə dəf etmək xəttiydi.

Bir ara ölkə siyasilərinin – deputatların, ayrı-ayrı məmurların, eləcə də politoloq və jurnalistlərin ABŞ və bəzi Avropa ölkələrinə qarşı necə sərt fikirlər səsləndirdiklərini xatırlayın. Ona qədər çoxları elə bilirdi ki, ABŞ artıq tamamən Azərbaycana yerləşib və bu dövləti öz saksofonunun melodiyasına oynada bilər.

Belə düşünənlər yanıldılar. Hətta cürətlə demək olar ki, ABŞ-ın Azərbaycanı ram edə bilməməsi bu ölkənin xarici siyasət idarəsində, eləcə də kəşfiyyat dairələrində şok effekti yaratmışdı. Ortalığa tökülən kompromat səciyyəli materiallar da bunun nəticəsiydi. Ancaq bu kampaniya da umulan effekti vermədi – nəticədə ABŞ-a açıq rəğbət bəsləyən, ondan maaş alan bəzi şəxslər həbs həyatı yaşamalı oldu.

Bu 30 ildə dövlət, millət, hökumət olaraq ən çox çəkindiyimiz ölkə Rusiya olsa da, zaman-zaman Bakının Kremlə qarşı sərt və boz sifət göstərməsi halları da olub. “Milyarderləri ittifaqı” olayı hər kəsin yadında olar. O zaman belə bir qənaət vardı ki, Kreml özünə daha sədaqətli və səxavətli qüvvələri Azərbaycanda hakimiyyətə gətirmək istəyir. Azərbaycan iqtidarının bu layihəyə münasibəti çox sərt oldu. Deputatlar, politoloqlar, iqtidaryönlü partiyaların rəhbərləri kəskin, qınayıcı açıqlamalarla çıxış etdilər. Belə bir kəskin reaksiyanı gözləməyən Putin iqtidarı öz proyektini nəyin bahasına olursa-olsun reallaşdırmaq fikrindən daşındı.

Abdulla Gülün prezident olduğu dövrdə bədnam “Sürix protokolları”na görə qardaş Türkiyənin iqtidarıyla Azərbaycan hakimiyyəti arasında qısa sürən söz çəpləşməsi də olmuşdu. O zaman ABŞ-ın tövsiyəsi və himayədarlığı ilə Fətullah Gülənin platformasında olanda türkiyəli siyasətçilər Azərbaycanın ümdə maraqlarını gözardı edərək, Ermənistanla yaxınlaşmaq, sərhədləri açmaq, sərhəd ticarətini genişləndirmək, diplomatik münasibətlər qurmaq xətti götürmüşdülər. Prezident Gül və onun tərəfdarları, deyəsən, düşünürdülər ki, Azərbaycan bu gəlişməyə sakit yanaşacaq və sanki başqa əlacı da yoxdur.

Ancaq elə olmadı. Abdulla Gül, Serj Sarkisyan və ABŞ-ın dövləti katibi Hillari Klintonun “könül verdiyi” bu layihə əvvəlcə Azərbaycan mediasında, daha sonra iqtidar dairələrində ciddi rezonans doğurdu, Türkiyə ilə Azərbaycan arasında münasibətlər gərginləşdi, nəhayət, daha ayıq düşünən, milli və geosiyasi xətt götürən baş nazir Rəcəb Tayyib Ərdoğan araya girərək Türkiyə rəsmilərinin buraxdığı səhvi düzəltdi.

İndi İranla gərginləşən münasibətlərə də o prizmadan baxmaq lazımdır. Nə qədər ki, İran rəsmiləri Azərbaycanın qırmızı xətlərinə toxunmurdular, rəsmi Bakı bu dövlətin ölkəmizə qarşı yeritdiyi qeyri-dost münasibətə dözür, münasibətlərin pozulmaması üçün əks-hücuma keçmirdi, eləcə, hücumları dəf etməklə kifayətlənirdi. Ancaq 2020-ci ildə Azərbaycan ordusunun əzəli torpaqlarımızı işğaldan azad etməsi və İranın buna kəskin mənfi münasibət sərgiləməsi, eləcə də Naxçıvan üçün nəfəslik, Türkiyə üçün etibarlı tranzit yolu demək olan “Zəngəzur dəhlizi”nə qarşı düşməncəsinə yanaşması kasanı daşıran son damla oldu.

Azərbaycan dövləti İrandan bu qədərini gözləmirdi. Din-məzhəb, tarix-mədəniyyət qardaşlığından dəm vuran ölkə sərhədimizin dibinə qədər gəlib hərbi təlim keçirir, Araz çayının üstündə bizə əzələ göstərirdi – həm də qısa müddət ərzində ikinci dəfə.

Bu davranışa Azərbaycanın cavabı ya aqressor qabağında boyunubükük durmaq olmalıydı, ya da müdafiədən hücuma keçmək. Bakı ikinci yolu seçdi. Ancaq noyabrın 24-də BMT-nin İnsan Hüquqları Şurasında İranda insan haqlarının pozulmasına dair keçirilən toplantıda Azərbaycanı təmsil edən nümayəndənin İranın əleyhinə səs verməməsi onu göstərir ki, Bakı yenə də başqalarının oyununa qoşulub Tehranın qapısına qol vurmaq istəmir.

Azərbaycan dövlətinin İrana münasibətinin qısa rezümesi belədir: Dost olmaq istəmirsən, düşmənimə dəstək verib düşmənçilik etmə, necə ki, biz sənin düşmənlərinin əlini güclü edib sənə düşmən olmuruq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости