Свобода людям, независимость нациям!

Bakının baş planı

2724 18.09.2022 14:42 Колумнисты A A

“Qaş düzəltdiyi yerdə, vurdu gözün çıxartdı”
(Azərbaycan ata sözü)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri (bunun hamısını qəzetdə yazsaq bir hektar meşəni qırmaq lazımdır – internetin qədrini bilməliyik) Mirsalam Qənbərov bu günlərdə Bakının yaşıllıq problemləri ilə bağlı çıxışında diqqətimi çəkən bir cümlə işlətdi: “Bakının baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur” (APA).

Açığı, şəxsən mən paytaxtımızın, gündən-günə gözəlləşən Bakımızın baş planının yoxluğunu bilmirdim. Təzə öyrəndim. Prinsipcə, Bakıda çox şey yoxdur. Məsələn, tramvay və trolleybus yoxdur. Qabaqlar vardı, sonra Hacıbala müəllim onları söküb dəmirini qara metal sexlərinə satdı, bir qədər dolanışığını düzəltdi, yoxsa kasıb adam idi, çörək pulu tapmırdı, axşam işdən çıxanda “İçərişəhər” metrosunun girişində gül alveri eləyirdi.

Bakının tramvay və trolleybussuz qalması nəqliyyat ekspertlərimizə də xeyli mövzu verdi, çünki indi biz hamımız “Niyə bu şəhərdə normal ictimai nəqliyyat yoxdur” sualına gül kimi cavab əldə etmişik: “Tramvayları sökdülər, ona görə”. Guya tramvaylar qalsa hər şey düzəlirmiş. Halbuki, mənim dəqiq yadımdadır, 90-cı illərdə Nərimanovdan “28 may”a doğru gedən 6 nömrəli tramvaya iki-üç pensiyaçı qarıdan başqa kimsə minməzdi. Ancaq əsas odur adamın əlində bəhanə olsun. Qalanı düzələn şeydir.

Yaxud, Bakıda mer də yoxdur. Dünyanın bütün belə böyük-kiçik şəhərlərində bələdiyyə, yerli özünü idarə etmə orqanları, meriyalar yaradılır, camaat səs verir, bir adamı başçı seçir, həmin tip də şəhərin işini-gücünü fırladır. Lakin bizdə hökumət çoxdan belə qərara gəlib ki, Azərbaycan xalqı, xüsusilə də onun Bakı şəhərində yaşayan hissəsi özü özünü idarə eləmək qabiliyyətindən məhrumdur. Ona görə də Bakıya mer seçməyə icazə vermirlər, əvəzində icra hakimi qoyurlar. Prinsipcə, bizim üçün böyük fərqi yoxdur, camaatın, jurnalistlərin çoxu icra başçısı haqda elə “mer” sözü işlədir.

Hərçənd, biz milli mentalitetimizi, idarəçilik xüsusiyyətlərimizi, ana dilini qorumaq istəyini nəzərə alıb xarici söz olan “mer” əvəzinə milli sözümüz olan “ver” sözü də işlədə bilərik. “Bakı şəhərinin veri hörmətli Filankəs müəllim cənabları” – gör nə qədər verimli, görümlü səslənir.

Nəsə, filoloji təklifləri buraxaq şaqqalanmış Akademiyanın dərisi soyulmuş Nəsimi adına Dilçilik İnstitutunun ixtiyarına, bizi indiki halda Bakının baş planı və ağaclıq problemləri düşündürür.

Söhbət ondadır ki, neçə ildir biz Bakının baş planının hazır olduğu haqda xəbərlər eşidirik. 2005-ci ildə deyirdilər 2010-cu ildə plan hazır olacaq. Sonra xəbər gəldi ki, plan hazırdır, 2012-də təsdiq ediləcək. Ancaq 2017 gəldi, bu dəfə söz verildi 2019-da yeni təkliflərlə baş plan hazır olacaqdır. Daha sonralar da bir neçə dəfə baş planın hazır olması xəbərləri dolaşıbdır. O üzdən, adamda belə təəssürat yaranır ki, plan hazırdır. Hətta bir neçə dəfə hazırdır. Uşaq vaxtı pionerə keçəndə belə söhbət olurdu: “Hazır ol!” “Həmişə hazıram!”. Yəni, Bakının baş planı hardasa pioner kimi həmişə hazırdır, bir neçə dəfə hazırdır.

Bəs niyə bu plan təsdiq edilmir, onun təsdiqinə mane olan kimdir, daha neçə on il keçəcək və Bakının baş planı hazır olacaq, o müddətdə nə qədər ağac kəsiləcək, neçə kol susuzluqdan quruyacaq, mənzilqayırma şirkətlərinə bina yerlərinin satışında şapka hara qalxacaq, bu dövrdə bir mənzili neçə adama satmaq mümkün olacaqdır, yaşıllığı, küçəsi, səkisi, məktəbi, xəstəxanası və sairə infrastrukturu olmayan daha neçə “yeşik-evlər” üst-üstə qoyulacaqdır – bunu tapmağı gələcək nəsillərin ixtiyarına buraxaq.

Hətta mən 2050-ci ildə “Bakının baş planı hazırdır” xəbəri yazan jurnalist-robotu təsəvvür edirəm.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости