Свобода людям, независимость нациям!

Azərbaycanlı mollanın ölümü

3060 04.03.2023 10:08 Колумнисты A A

“Bir yaralı molla uçar, sənə sarı, ilahi”

(Ramiz Rövşən)

İranda məktəbli qızları bir ucdan zəhərləyirlər. Bu da cənub qonşumuzdakı molla rejiminin ikiüzlü siyasətinin növbəti təzahürüdür. Qızlara oxumağa guya icazə var, ancaq o yandan da qazla boğursan ki, heç kəs qızlarını məktəbə buraxmasın. Elə bil 1944-cü ilin faşist düşərgəsidir. Adam düşünür bəlkə Əfqanıstandakı Taliban rejimi bunlardan daha səmimidir. Orda qızlara oxumağı ümumiyyətlə qadağan ediblər. Qız nədir, uşaq doğmaq üçün alət - “müqəddəs kitabda” belə nəql edilmişdir. Bəzi islam ölkələrində isə məktəbə gedən qız uşaqlarının üzünə sulfat turşusu atırlar.

“Riyakarlığın növbəti təzahürü” sözünü bayaq havadan yazmadım. İranın hər işi belədir. Guya özünü islam dövləti elan edib, ancaq əsas müttəfiqləri xristian Ermənistan və Rusiyadır. Sanki Paşinyanla Putin imam övladlarıdır, dünyanın bundan xəbəri yoxdur.

Guya İranda narkotik haramdır, ancaq Azərbaycana narkotikin əsas trafiki İran üzərindəndir. Sanarsan orda hər yer narkotik maddə plantasiyalarıdır.

Guya seçkilər keçirilir, ancaq hamı bilir ki, mollaların icazəsi olmadan heç bir müstəqil namizəd prezident və parlament seçkilərində nəinki seçilə, heç namizədliyini irəli sürə bilməz.

Riyakarlıqdan yazdım, bir əhvalat yadıma düşdü. Mirzə Fətəli Axundov uşaq olanda Mirzə Şəfi Vazehin yanında yazmağı öyrənirmiş. Bir gün Vazeh soruşur ki, hərfləri öyrənməkdə məqsədi nədir, balaca Fətəli deyir: “Ruhani, molla olmaq istəyirəm”. Vazeh deyir: “Sən də riyakar və şarlatan olmaq istəyirsən? Öz həyatını qaragüruhun içində puç eləmə, başqa məşğuliyyət seç”. Məncə bu, Azərbaycanın bütün tarixinin ən mükəmməl, ən möhtəşəm dialoqlarından biri, bəlkə də birincisidir.

İranın dünyadakı çox əlləm-qəlləm işlərin altında barmağının olduğunu bildiyimizdən ölkəmizdə nəsə pis hadisə olanda camaatın gözü cənuba dikilir. Din xadimi Hacı Şahin Həsənlinin qəfil, vaxtsız ölümündə də zəhmətkeşlərimiz ilk andan İran barmağı axtardılar. Çünki Hacı Şahin İranın ölkəmizdə dini qarışıqlıq salmaq yönündə addımlarını həmişə tənqid edib, əməlləriylə bunun qarşısında durub.

Yeri gəlmişkən, Hacı Şahinin ölümünə üzülənlər sırasında olduğumu bildirirəm, baxmayaraq ki, onun dünyagörüşünü bölüşmürdüm. Hacı Şahin sözün əsl mənasında azərbaycanlı dindar idi. Bizdə bəzi dindarlar var, İranın ağzı ilə, farslar kimi danışarlar, moizə apararlar, hətta sözləri də onlar kimi uzadar, əzib-büzərlər. Bəzi din xadimlərimiz Ərəbistan ağzıyla danışar. Misir ləhcəli, İstanbul boğazlı, nə bilim, əfqan çarıqlı... Maşallah, hər cür üləmalarımız vardır, bu işdə biz hökumətimiz demişkən, “çoxkonfensiyalı ölkədə” yaşayırıq. Hacı Şahin azsaylı din xadimlərindən idi ki, Azərbaycanın sözünü, azərbaycanlı ağzıyla danışardı. Xalqın onun üçün göz yaşı axıtması, izdihamlı dəfn mərasimi də bunun nəticəsidir. Həmişə radikallıqdan uzaq olardı, davamçılarını, dinləyicilərini sakitliyə, dincliyə dəvət edərdi. Həmçinin, əksər ali təbəqə ruhanilərdən, mollalardan fərqli olaraq adı korrupsiyada da hallanmamışdı. İndi “məşhur” ürək həkimi ortaya çıxıb deyir ki, Hacı Şahinin ölümü qəfil olmayıb, ürəyində problemlər vardı, əməliyyat təklif edilmişdi, lakin razı olmamışdı və sairə. Ola bilər. Ancaq kim nə bilir, bəlkə də Hacı Şahinin heç o əməliyyat üçün məsrəfləri qarşılamağa pulu, vəsaiti yox imiş.

Hökumətlə də münasibətləri yetərincə ilıq, isti idi və ola bilsin onu gələcək üçün, Qafqaz Müsəlmanları İdarəsinə başçı kimi hazırlayırdılar. Bu mənada Şahin Həsənli hökumətin də kisəsindən gedib. Azərbaycanda bütün cəmiyyəti, sinifləri, təbəqələri birləşdirən neçə belə adam tanıyırsınız? Bir əlin barmağı qədər olmaz.

 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости