""Amerikada qəzetçilərə “cəmiyyətin keşikçi itləri” deyirlər; bunu hər bir qəzetçi də fəxrlə təkrar edir, özünə yaraşdırır." |
Amerikada qəzetçilərə “cəmiyyətin keşikçi itləri” deyirlər; bunu hər bir qəzetçi də fəxrlə təkrar edir, özünə yaraşdırır. ABŞ-da olanda bunları “Vaşınqton Post” qəzetinin rəhbərlərindən şəxsən eşitdim; o zaman da bu barədə yazmışdım. Burada məntiq budur ki, jurnalistlər dövlətin, bürokratiyanın, iqtidar, ya da müxalifətin cəmiyyəti və onu təşkil edən insanların maraqlarını tapdamasına imkan vermirlər; yazırlar, danışırlar, bağırırlar - keşikçi itlər kimi oğruya hürürlər. Kiminsə iti yox, cəmiyyətin “keşikçi itləri” olmaqdan da qürur duyurlar!!!
Azərbaycan cəmiyyətində standartlar tamamilə fərqlidir. Qəzetçilər tərəfsiz ola bilmirlər; bu istiqamətə addım atanı iqtidar satın almaq, müxalifət dərhal xain damğası, şübhə dalğası vurmaq üçün növbədədir...
Dünya standartlarına görə qəzetlərin bir neçə funksiyası var - məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək və reklam etmək... Kommunustlərə görə isə qəzetdə partiyalılıq öndə gəlir; qəzet həm də kollektiv təşkilatçı, təbliğatçı, təşviqatçı və s. kimi funksiyaları özündə daşımalıdır. Azərbaycanın demokratik və iqtidar düşərgələri də daxil, indi çoxlarının qəzetlərə baxışı məhz bu cürdür – yəni kommunistcəsinədir. Bəzi tanınan demokrat liderlər də əllərinin altında qəzet saxlamağa üstünlük verirlər və ondan mübarizələrində, siyasi hədəflərində silah kimi istifadə edirlər. Hansı ki, bu, demokratiyanın əlifbasına, söz azadlığı prinsiplərinə ziddir. İqtidar isə bu məsələdə kommunist rejimlərdən də irəli gedib. Hakim düşərgə nəinki özünə aid olanları, hətta müstəqil qalmaqda inad edən tənqidi və müxalif medianı da nəzarətlində saxlamağa çalışır və buna nail olmaq üçün hər şeyə gedir.
"Və bu müdhiş oyunun içində illərdir savaş verən, böyümək, millətin, cəmiyyətin “iti” olmaq istəyən, bütün oğruların hamısına “hürüb”, yatanları - ölkənin gerçək sahibini oyatmaq istəyən media mənsubları... Əsas hədəf onlardır." |
İqtidar da eynidi – o da müxalifətə “iqnor” qoyub, liderlərin soyadını ruslaşdırır; onları siyasi tərəf olaraq tanımır; məhv etməyə çalışır; amma o da son məqsədinə çata bilmir. Bəlkə də çata bilərdi – gücü var və onu işlətməyi sevir. Lakin son anda Amerika-Rusiya-Türkiyə-Avropa qoymur...
***
Və bu müdhiş oyunun içində illərdir savaş verən, böyümək, millətin, cəmiyyətin “iti” olmaq istəyən, bütün oğruların hamısına “hürüb”, yatanları - ölkənin gerçək sahibini oyatmaq istəyən media mənsubları... Əsas hədəf onlardır. Hər iki düşərgə həssaslıqla izləyir. Hər kəs istəyir ki, sözün “əsgərləri” (ya da ABŞ-dakı ifadədə...) onun yanında, səfində olsun. Hər kəs məsələni sadə qoyur – bizdəndirsə, bizim kimi söysün, qarşımızdakına cumsun, biz deyəni vursun, yazsın, yazsın, yazsın... Qəzetlər bizdəndirsə, səhifələrində ancaq bizimkiləri versin, başqalarını xəbər etməsin, görməzdən gəlsin...
Çağ dişi bir mühit. Ağ qara, zəif düşürülmüş, yardıma, əllə yedizdirilməyə, himayəyə möhtac qəzetlər, işğal olunmuş efir, partiyalı jurnalistlər... Gəldiyimiz nöqtə bu. Vahimdir, dözülməzdir, qorxuludur...
"Mənim üçün xəyanət doğru bildiyimi etməməkdi, nədənsə çəkinib, haqq bildiyimdən geri durmaqdı; 24 illik qəzetimi, qəzetçiliyi tərk etməkdi, ölkəmi, bu dəhşətli, lakin mənə möhtac mühiti başına buraxaraq, qaçıb getməkdi" |
***
Bu mühiti yarmağa, dəyişməyə, normal, standartlara uyğun bir media nümunəsi ortaya qoymağa doğru atılan hər addım bütün dəfələrdə mənəvi terrora mərz qalır. Təbii ehtiyaclarını necə gəldi, harda gəldi ödəyən (şəhərin xəlbət, qaranlıq bucaqlarına pəşov da daxil), burnunun çirkini ağzına çəkib, küçəyə tüpürən, onun üstündən ayağını basmağı yüksək mədəniyyət nümunəsi hesab edən, gerzəkalılıq sifətinə yazılı “ictimai”, “radikal” müşahidəçilər, reaksionerlər, tərəfdar dəstəsi; “yeganə radikal lider”in “fədakarları”...
***
"Ölkəmiz unikaldır; burada Allahı, kitabı, ədəb-ərkanı, milli dəyərləri, mentaliteti, ... tanımayanlar və ən dəhşətlisi, cəmiyyətdə daha çox bu sifətlə tanınanlar səni mühakimə edirlər, irad tuturlar, çımxırır, çirkab atırlar, üstünə gəlirlər, hədəf göstərirlər..." |
24 ildir qəzetçilikdə yol gəlirik; bir neçə ictimai-siyasi (iqtisadi) formasiya dəyişib bu müddətdə. Bəs, neçə iqtidar, neçə prezident, baş nazir, nazirlər yola salmışıq... ”Yeni Müsavat”a rəhbərlik etdiyim müddətdə ölkəyə başçılıq edənləri sayaq: Ə. Vəzirov, A. Mütəllibov, Y. Məmmədov, İ. Qəmbər, Ə. Elçibəy, H. Əliyev, İ. Əliyev...
***
Ölkəmiz unikaldır; burada Allahı, kitabı, ədəb-ərkanı, milli dəyərləri, mentaliteti, ... tanımayanlar və ən dəhşətlisi, cəmiyyətdə daha çox bu sifətlə tanınanlar səni mühakimə edirlər, irad tuturlar, çımxırır, çirkab atırlar, üstünə gəlirlər, hədəf göstərirlər...
***
Bütün bunlara rəğmən iddiamız və məqsədlərimiz dəyişməyib. Enində-sonunda müvəffəq olacağıq. Mənim üçün xəyanət doğru bildiyimi etməməkdi, nədənsə çəkinib, haqq bildiyimdən geri durmaqdı; 24 illik qəzetimi, qəzetçiliyi tərk etməkdi, ölkəmi, bu dəhşətli, lakin mənə möhtac mühiti başına buraxaraq, qaçıb getməkdi. Nə etdiyimi, niyə etdiyimi, yaranmış bu lənətlik status-kvonu necə dəyişəyimi məndən yaxşı kim biləsidir ki....
Bu yazının sonunda fəaliyyətini ümid, bəzən də heyranlıqla izlədiyim gənc bir liderin bugünlərdə mənə yazdığı mesajı oxucularımla paylaşıram. Gənc lider yazır:
“Bizim liderlik professorumuz deyirdi ki, bəzən status-kvonu dəyişdirəndə sizə çox güclü müqavimət olacaq, danlanacaqsınız, tənqidlərə məruz qalacaqsınız, insanlar sizi ittiham edəcəklər. Deyir ki, bu o deməkdir ki, futbol meydanında top sizdədir ki, sizə hücum edirlər. Sizə hücum edilməyini istəmirsinizsə, gedin oturun tamaşaçılar skamyasında, oradan topa sahib olub, qol vuran adamları siz də tənqid edin”.
***
Daha sonra isə öz məsləhətini yazır: “Məncə, siz topa sahib olmaq və qol vurmaq haqqında düşünün, stadionda kimin nə deyəcəyini yox...
***
Mənim də zatən işim bu. Bu yazı da, hesab edirəm ki, “qol”larımdan biridir...