Свобода людям, независимость нациям!

Ayaqqabı bolluğu

2012 04.01.2023 20:50 Колумнисты A A

Uca millətimizin heykəllərlə bağlı nəsə problemi var. Öncə biz Leninin, Kirovun, Marksın heykəllərini sökdük. Lakin xoşbəxtlik tapmadıq. Müstəqillik dönəmində siyasi məhbuslarımız siyahısında “heykəl məhbusları” adlı xüsusi qrafa yarandı. Burada siyasi liderin heykəlini yazanlardan tutmuş, bulvardakı rəssam heykəlini dümsükləyənlərə qədər hər cür adama rast gəlinirdi. “İçərişəhər” metrosunun qənşərində Hacı Zeynalabdin Tağıyevin təsbehini qıran cavanlara da nəsə cəza verildi. İndi isə hüquq-mühafizə orqanları Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atanları axtarırmış.

Açığı, mən burda ciddi problem görmürəm, söhbətin şişirdilməsinə də qarşıyam. Birincisi, videodan açıq görünür ki, gənclərin Üzeyir bəyi təhqir eləmək, abidəyə qarşı xüsusi vandallıq fikirləri yoxdur, sadəcə, şit zarafat eləyirlər, biri o birisinin ayaqqabısının bir tayını heykəlin əlçatmaz hissəsinə atır. İkincisi, Üzeyir bəyə o ayaqqabıdan nə olasıdır? Dahilər belə bambılı işlərlə aşağılanmaz. Hətta Üzeyir bəyin orda heykəli heç olmasaydı da, guya nə dəyişəsiydi? Bakıda Məhəmməd Əmin Rəsulzadənin heykəli yoxdur, bəyəm xalq onu sevmir? Çox sevirik, hətta bir ara manatın “1 məmməd” nominalı vardı.

Üçüncüsü, əsas odur xalq bu saat başqa Üzeyirin mahnılarının azarkeşidir. Ona bir şey olmasın. Üzeyir Hacıbəyov indi bizim kumirimiz olmaqdan çox uzaqdadır. Elementar bir suala cavab tapmağa çalışın: necə oldu ki, çarşabın altındakının kişi və ya arvad olduğunu tapmağın müşküllüyünü ölməz satirasıyla damğalayan sənətkarın yurdunda cəmi yüz il keçməmiş camaat yenidən çarşablanmağa başladı? Üzeyir bəyi biz çoxdan yıxmışıq, heykəl-meykəl boş mövzulardır. Maarifçilərimizin əziyyəti faktiki boşa getmişdir. Məktəblərdə Babəkdən danışanda “Lənətullah” epiteti işlədən tarix müəllimlərinin dönəmində yaşayırıq. Nazirliklərdə cin çıxardanlar işləyir.

Sözgəlişi, keçən ilin axırlarında bir internet mediamız Bakıda hansı şair və yazıçıların adına küçə-prospektlərin olması haqda xəbər hazırlamışdı, mən o siyahını oxuyanda, necə deyərlər, səsli güldüm. Çünki həmkarlarımız orda Mirəli Qaşqayın da adını siyahıya daxil etmişdilər. Mirəli Qaşqay geoloq alim olub. Görünür bizim jurnalistikada elə nəsil yetişib ki, Mirəli müəllimi soyadına görə şair hesab edirlər.

İndi mən daha bir mənasız sual yazım: jurnalistləri geoloqla şairi ayıra bilməyən ölkənin boş-bekar gəncləri Üzeyir bəyin heykəlinə ayaqqabı atanda nə olacaq? Düzgün cavabı yazıram: heç zad olmayacaq.

Başqa tərəfdən, biz Üzeyir irsinin qorunmadığını da iddia edə bilmərik. Məsələn, pis-yaxşı bəstəkar məktəbimiz fəaliyətini davam etdirir. Hər ay orda-burda simfonik musiqi konsertləri, muğam festivalları keçirilir. Manıslar arasında xalq artistlərinin dozası ən yüksəkdədir. Haçan da televizora baxsan millətə ağıl öyrədirlər. Manıslarımız istənilən sferanın ekspertləridir. Bütün Azərbaycanda cəmi 1 riyaziyyat-fizika, 1 kimya-biologiya təmayüllü məktəb var, ancaq neçə musiqi məktəbi var, bilirsinizmi? 300-dən çox! Ta nə lazımdır? Tar çalan, nağara çalan, rəqs eləyən, zəngulə vuran... Maşallah. Dövlət səviyyəsində musiqi sahəsinə böyük qayğı vardır. Çünki musiqili həyat vacibdir. Bunu hələ Leonid İliç zamanında xüsusi qeyd etmişdi, balacalar bilməz, burda yazım, oxusunlar: “Mahnı olarsa, çörək də olar”. Bəlkə də tərsinə demişdi, ancaq indi arxivləri qurdalamağa vaxtım yoxdur.

Üzeyir bəy, sözgəlişi, uşaqlar üçün dərslik problemini görüb “Riyaziyyat” dərsliyi də yazıbmış. Ancaq bu informasiyanı niyə yazdım heç bilmirəm. Bir ayaqqabı da mənə atın.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости