Свобода людям, независимость нациям!

Axilles vesterni

1109 08.01.2024 13:06 Колумнисты A A

“Azançı çəkər soyuğu, 

Molla yeyər toyuğu"

(Azərbaycan ata sözü)

1979-cu ildə İranda islam inqilabı olanda ABŞ-ın Tehrandakı səfirliyini də ələ keçirmişdilər. Həmin hadisələr haqda 2012-ci ildə Ben Afflekin rejissorluğu və baş rol oyunçuluğuyla “Arqo əməliyyatı” adlı film çəkilib. Film “Oskar” mükafatı alıb. Xeyli dərəcədə maraqlı filmdir. Orada bir epizodda amerikalılar girov qalmış, o cümlədən Tehrandakı Kanada səfirliyində gizlənmiş soydaşlarını xilas əməliyyatına nə ad qoymaq üzərində düşünürlər. Daha dəqiqi, xilasetmə qrupu kinoçəkənlər adıyla İrana girməlidir və “çəkiləcək” filmə ad fikirləşirlər. Biri deyir ki, gəlin “Axillesin atları” adı qoyaq. O biri etiraz edir: “İndi vestern zamanı deyil”. “Axı bu qədim Troya haqda filmdir, nə dəxli?”Cavab daha möhtəşəmdir: “Əgər filmdə at varsa, deməli bu vesterndir”. Əslində bu, eyni zamanda orta statistik amerikalının dərrakəsi üzərində zarafat da sayıla bilər. 

Filmi və epizodu ABŞ Dövlət Departamentinin dünyada din azadlığının vəziyyəti haqda son hesabatında Azərbaycan tənqid ediləndə xatırladım. Çox qəribə hesabatdır. Təsəvvür edin, orada amerikalılar Azərbaycan hökumətini... şiə dindarlara qarşı təqiblərdə suçlamışlar. Anekdotdurmu? Yox. İçində yaşadığımız reallıqdır. Yoxsa qəhqəhə ilə gülərdik. 

Azərbaycan müstəqillik qazanandan bəri İranın xeyli badalağını görmüşük. Bunun içində sərhədi pozub az qala Salyana qədər hərbi təyyarə uçurtmaqdan tutmuş (o zaman mollaların qazını Türkiyə qırıcıları almışdı - yadımızdan çıxmayıb), işğalçı Ermənistanla qol-boyun olmağacan hər cür pislik var. Yazıçı-publisistimizə ölüm hökmü kəsiblər, icra ediblər. Deputata güllə atıblar. Ən müxtəlif kəndlərdə ara qarışdırıblar, radikal dini-terror təbliğatı aparıblar. Şairləri girov götürüblər və sairə - xüsusi olaraq pislikləri sadalamaq fikrində deyiləm, yoxsa bu siyahı yetərincə uzundur. Ordan üzü bəri daşınan tonlarla narkotikin bədbəxt elədiyi ailələri, insanlarımızı heç yada salmıram, o istiqamətdə durum lap ağlamalıdır. O cümlədən, İranda insan haqları pozulan türklərin acı durumu sözə-söhbətə sığışan deyil. 

İndi mən şəxsən başa düşmürəm, ABŞ nə istəyir? Bizdə də islam inqilabı olmasınımı? Əlbəttə, Azərbaycanda insan hüquqlarının durumunda çoxlu problemlər var. O cümlədən, dini sahədə. Ancaq bu problemlər nədən qaynaqlanır, səbəbləri, kökləri hardan gəlir, guya bunu bilmirlər? Qəşəng bilirlər. Məqsəd qaşınmayan yerdən qan çıxarmaqdır. 

Pis çıxmasın, dini problem hər yerdə var. Elə ABŞ-ın özündə keşişlərin uşaqbazlığı haqda cinayət işlərini yığıb-yığışdıra bilmirlər. Ən yaxşısı dinin ölkə siyasətinə qarışmadığı sistemlərdir, təəssüf ki, bizim bölgə bu sistemlərdən çox uzaqdadır. Azacıq imkan versən, mollalar hər yerdə başa keçər, çünki hökumətin uğursuz iqtisadi-sosial siyasəti uzun illərdir buna zəmin, bünövrə yaradıb. Təbii ki, burada yenə “səbəb-nəticə”, “toyuq-yumurta” əlaqələri, hansının əvvəl olduğunu müzakirə etməyin yeri deyil. Necə deyərlər, status-kvoya (axır ki, bu sözü yazdım) baxmalıyıq. Hazırkı vəziyyətdə isə hökumət dindarları nəzarətdə saxlayır. 

Üstəlik, bizim qanunlara görə din dövlət işlərindən ayrı olmalıdır, lakin heç belə deyil və az qala amerikalıların  arzuladığı kimidir. Məsələn, hansısa şiə dindarın həbsindən danışırsansa, eyni zamanda yüzlərlə şiə mollasına dövlətin maaş, hətta avtomobil ayırdığını da qeyd etməyə borclusan. Gəl “çötkəyə vuraq”, görək hansı ağır basır? Hökumətin dindarlara görüm-baxımı daha çoxdur. Hara baxsan minarələri ionosferə çatan məscidlər tikilib. Azan radio ilə verilir, gecə-gündüz şəhərin üstündə ucalır. Ocaqlar, pirlər hər yerdə remont olunur, televiziyalarda pirlər haqda verilişlər elmi verilişlərdən min dəfə çoxdur. Bütün polis rəislərimiz həcc ziyarətinə gediblər. Prokurorlar məşədi, deputatlar kərbəlayidir. Nəzir qutuları onlayndır. Şeyximizin 5 mərtəbəli xeyir-şər evində hər gün 10 ton aş bişirilir. O cümlədən, onun qudası 28 dəfə müqəddəs Məkkəni ziyarət etmişdir. Bəs bu çirkin hesabat nədən yaranıb? Bəlkə amerikalılar bunu “əsl islam” hesab eləmirlər? 

Məncə amerikalılar paxıllıqdan belə edirlər. Maraqlan, gör Bayden Məşhədə gedə bilirmi? Ancaq uzaqdan baxır. 

İnşallah, Tramp prezident olsun, yenə yaxşı hesabatlar görərik. Bizim adamımız odur.  

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости