Свобода людям, независимость нациям!

Avtoqol seriyası, ofsayd qollar bombardiri

2140 23.06.2024 10:45 Колумнисты A A

 

Builki Avropa çempionatı nəylə yadda qalacaq, bilirsiniz? Avtoqollarla. İndiyə qədər heç bir çempionatda bu qədər avtoqol olmayıb. Futbolçular iki rəqib qapısına qol vuranda, bir də öz qapılarına vururlar.

Bunun nəsə bir mistik səbəbi-filanı yoxdur. Sadəcə, futbol sürətlənib, oyunçular isə təntiyirlər, qapılarını qoldan xilas etmək istərkən əl-ayaqları bir-birinə dolaşır, komandalarını geri salırlar. Ondan sonra xəcalətdən ya üzü üstə çəmənliyə sərilirlər, ya da köynəklərini başlarına çəkirlər. (Bəli, həyasızlıqdan tumanı başa çəkməyin antonimi xəcalətdən köynəyi başa keçirməkdir). Bu, “Allah mənə nəhlət eləsin, komandaya zərər verdim” jestidir. Yaxşı ki, mütləq bir qanacaqlı komanda yoldaşı yaxınlaşır, “eybi yox, canın sağ olsun, əvəzini çıxarıq” jesti ilə avtqolçunun başına, çiyninə toxunur.

Bu doqquz gündə avtoqolçuların içində ən qeyrətlisi Albaniyanın oyunçusu Qyasula oldu. O, Xorvatiya millisi ilə oyunun 76-cü dəqiqəsində öz qapısına qol vuraraq hesabı bərabərləşdirdiyi kimi, matçın son dəqiqəsində də rəqibin qapısına qol vuraraq yenidən hesabı bərabərləşdirdi. Necə deyərlər, adam günahını təri ilə yudu.

Amma Türkiyə millisinin müdafiəçisi Sametin avtoqolu çox kuryoz oldu. And içərəm ki, o, rəqib qapısının qarşısında eyni vəziyyətə düşsəydi, qol vura bilməzdi, öz qapısını isə yaxşı nişan aldı.

Sametin belə bir potensiala malik olduğunu sosial şəbəkə dostlarımızdan bir neçəsi hələ Gürcüstanla oyundan sonra yazmışdı. Allah tərəfi, Samet həmin oyunda bir neçə qurtarış etmişdi. Amma yenə də bir futbol bilicisi yazmışdı ki, “Samet hər an partlaya biləcək bombadır, nə edəcəyi bəlli olmaz”. O deyən oldumu? 100 fazi oldu. Demək, həmvətənimizin müşahidələri Türkiyə millisinin “teknik direktoru” Montellanınkından daha iti və dəqiqdir.

Yeri gəlmişkən, eyni sözü qapıçı Mərt haqqında da demişdilər. Onun birinci oyunda buraxdığı qol göstərirdi ki, o, sonrakı oyunlarda da analoji səhvlər edə bilər. Bu dəfə də başqa qapıçı - Altay komandanı becərdi. Şahruddin belə o cür səhvlər etməzdi.

Bir də bu çempionat Belçika yığmasının forvardı Lukakunun sayılmayan qolları ilə yadda qalacaq. Adam sayılmayan qollar üzrə bombardirdir. Hələlik Romelunun 3 qolu hesaba alınmayıb. İkisini ofsayddan vurub, birini qayda pozuntusundan sonra. Hər üç qol VAR-ın güdazına gedib. Yazılmış qaydalara görə qolların qeydə alınmaması ədalətlidir. Amma burada bir “əmma” var.

O “əmma” ondan ibarətdir ki, yazılmış, razılaşdırılmış qaydaların özü səhvdir. Forvard öz 90 kiloluq canıyla meydanda can qoyur, corabına qədər tərin-suyun içində olur, zülm-zillətlə qol vurur, amma VAR-da baxılanda məlum olur ki, top ona ötürüləndə çeçələ barmağının dırnağı qapıya 1 santimetr yaxın olub, ona görə də qol keçərli deyil. Bu, ədalətsizlikdir. Adamın ayağı geridə, başı arxada, arxası öz qapısına yaxın, bu halda o çeçələ barmağın dırnağı nəyi həll edir ki, adamın qolu qeydə alınmasın?

Bu məntiqlə yanaşsaq, İsveç millisinin sabiq oyunçusu Zlatan İbrahimoviç müasir futbolda qol vura bilməzdi. Çünki Zlatanın burnu uzun idi, əksər hallarda VAR-ın radarına düşəcəkdi və vurduğu qol heç-puç olacaqdı.

Bu ədalətsiz durumdan çıxmağın yolu odur ki, ofsayd qaydalarına xırda-para düzəliş edilsin. Məsələn, o qaydalarda belə düzəliş etmək olar ki, hücum edən tərəfin oyunçusu rəqibindən bütöv korpusla irəli olduğu halda oyundankənar vəziyyət sayılsın – necə ki topun tamamı qapı xəttini keçəndə qol sayılır. Mübarizə aparan oyunçular yanaşı olduqları zaman uzun buruna, bir barmağa və ya hörüyə görə ofsayd sayılmasın. Çünki o burun, barmaq, hörük qolun vurulmasında həlledici rol oynamır.

Yerdə qalan hər şey yaxşıdır. Oynayırlar, baxırıq. Bəzən də işimiz olur, baxmırıq, sonradan qısa icmalı, qolları izləyirik, oyuna baxmış kimi oluruq.

Ancaq oyunlardakı tempə, sürətə baxanda öz-özümüzə düşünürük ki,atdanıb-düşməklə deyil, bizdə bu qıç yoxdur, türkün sözü. Bizim milli oyunçular futbolu şahmat kimi, fikirləşə-fikirləşə oynayırlar. Ona qədər Kukurella topu əlimizdən iki dəfə alar.

Hərçənd biz milli komanda olaraq bu çempionatda iştirak etsəydik, adımızdan söz etdirərdik. Ən azı, avtoqol bombardiri olmaq bizlik idi. Bizim bu xüsusda əngin təcrübəmiz var.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости