Свобода людям, независимость нациям!

Avtobusları təyyarələrə birləşdirməliyik

2378 31.07.2022 15:36 Колумнисты A A

Budur, elmlə təhsilin qovuşmasından inkişaf edən ölkəmizə açılan ilk müjdəli səhər... Nəsə, çox əlləm-qəlləm cümlə alınır, baş prokurorluğun mediaya yüksək diqqət yetirdiyi günlərimizdə sadə cümlələr yazmağa borcluyuq. Həmçinin, fikirlər ikibaşlı, böhtan xarakterli olmamalıdır. Konkret yazmalıyıq.

Örnək üçün, bu dəqiqə “Azərbaycanda korrupsiya var” cümləsinə 30 sutka düşür. Nəyə görə? Ona görə ki, bizdə korrupsiya varsa, zəhmət çək, sübut elə. Birincisi, dünyanın hər yerində var. İkincisi, camaat bir-birinə hörmət edirsə, bunu rüşvətxorluq adlandırmaq nəyə lazımdır? Biz ordumuzu qorumalıyıq – korrupsiya ordusunu nəzərdə tuturam. Bizim gücümüz bir-birimizə verdiyimiz haqqdan, hörmətdən asılıdır. Heç Fransada camaat başqasına o qədər hörmət qoymur. Elə idarə var min manat hörmət qoyursan, evə gəlirsən, fikirləşirsən elə bil az oldu, qayıdıb üstün düzəldirsən.

Sözümün canı odur ki, hazırda təhsilin müddətini uzatmaq üzərində diskussiya açılıbdır. Elmi şəkildə. Əgər elm təhsilə birləşdirilməsə, biz bunu elmi şəkildə müzakirə edə bilməzdik. Allah sənə min şükür. Bilik günü Nardaran pirinə nəzir verməyə gedəcəm, əgər postdan buraxsalar.

Deyir Sinqapurda uşaqlar 10 ay oxuyur, bizim uşaqlar isə nəyə görə 9 ay oxusun? İnkişaf eləyən respublikamıza yaraşmır. (Məncə bu “Sinqapur” türk sözüdür. Yoxsa axırı niyə “qapır” sözüylə bitir? Özü də nəzərə alın, Sinqapur camaatının çoxu çinlilərdir. Yəqin bu yerin adı “Çin qapır” ifadəsindəndir. Dilçilik İnstitutu üçün maraqlı temadır. Bunu payızda keçirilən 3-cü Oylaq Festivalında kəndirbazlar arasında müzakirə eləməliyik).

Lakin Sinqapurda saqqız çeynəyib yerə atmağın ağır cəzası var, bunu niyə demirsiniz? Əgər Sinqapur təhsilinə keçsək, saqqız çeynəyənlərə də 30 sutka verilməlidir. Baş prokurorluğun işi çoxalacaqdır. Feysbuka baxsınlar, tik-toka baxsınlar, saqqıza nəzarət... Elə hamısını dövlətdən gözləyirlər. Niyə biz repetitorluğun müddətini artırmayaq? Qoy canları çıxsın, gecə də uşaq hazırlaşdırsınlar. Amerikada uşaqlar gecə oxuyur. Bizdə gündüz olanda. O səbəbdən Marsa raket göndərirlər. Biz isə burdan-bura P.xludərəyə gedə bilmirik. Halbuki, Bakının düz sentridir. Hara gedirsən, tıxaca düşürsən. Lənət şeytana. Adamın avtobus gözləməkdən ayaqları şişir. Xahiş edirəm prokurorluq buna da baxsın. Hətta yaxşı olardı sərəncamla avtobusları təyyarələrə birləşdirək. Ya da Zabratdakı helikopter bazasına. Yoxsa bu nədir, adamı məcbur edirlər özünə maşın alsın. İctimai nəqliyyatı gözləyə-gözləyə adam ictimaiyyətçi olmağa nifrət edir. Bəsdirin. Özünüzü yığışdırın. (Müəllif özünü günün altına atıb qaraldı – red.).

Ceyms Coysun şüur axını stilində fikirlərimdən sonra, bir daha bəyan edirəm ki, mən dövlət qurumlarımızın vətəndaşlarla nəzakətli davranışını alqışlayıram. Bundan kövrəlirəm. Bir az da belə davam etsələr, ağlaya bilərəm. Buyurun: “Milli Yaylaq Festivalından qayıdan jurnalistlər palçıq yolda ilişiblər. Gəncə icra hakimiyyəti onları uğurla evakuasiya edib. Mədəniyyət Nazirliyi yaranmış narahatçılığa görə media əhlindən üzr istəyir”.

Əsl mədəniyyətdir. Mən də nazirlikdən üzr istəyirəm, bizdən üzr istədiklərinə görə. Çünki dağdan qayıdanda beş-on dəqiqə yağışa düşmək böyük problem deyil. Romantikadır. Yağış yağanda göz yaşlarımız görünmür. Yeganə mənfi, neqativ cəhət odur ki, jurnalistlər yaylaqda gördükləri dəvələr, pəhləvanlar, şirniquş satanlar və yuxa salanlar haqda operativ xəbərləri öz redaksiyalarına bir neçə dəqiqə gec çatdırmağa məcbur olmuşlar.

Qalan hər şey yaxşıdır, sizi də yaxşı olasınız. Mövzu diqqətimizdədir. Hansı mövzu, hələlik bilmirəm. Buralarda olun.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости