Свобода людям, независимость нациям!

Avropanın fitnə-fəsad yuvası

2259 14.11.2023 15:48 Колумнисты A A

 

Söhbətə idiomatika ilə girsək, bəlkə bir az təhqiramiz çıxacaq, amma Fransanın Azərbaycana yönəlik etdiyi hətəkətlər leksikonumuzdakı “İt əl çəkdi, motal əl çəkmədi” deyimini xatırladır.

Bəli, 100 faiz belədir: Ermənistan ağzının payını alıb, qolunun gücünü, dizinin təpərini sınayıb, sonda anladığını anlayıb və aşağı-yuxarı bizdən çəkib. Ən azı bu dövlət daha bizimlə cəngə girmək istəmir, döyüş meydanında itirdiyi mövqeləri də siyasi-diplomatik müstəvidə, onun-bunun basqısıyla geri almaq üçün vurnuxur.

Fransa isə nə 44 günlük (2020) müharibənin, nə də 24 saatlıq (2023, sentyabr) hərbi əməliyyatın nəticələri ilə barışmaq, məğlubiyyəti həzm etmək istəmir. Bu dövlət bütün müstəvilərdə çırpınır, sağa-sola tüyünür, BMT-dən vurub ATƏT-dən çıxır, AŞPA-dan girib Haaqadan dolanır, bütün çabaları Azərbaycanı haqsız çıxarmaq, sanksiya tətbiq etdirməkdir. Bütün bunlar yetmirmiş kimi, Fransa Ermənistana hərbi texnika, silah-sursat tədarük edir.

Bu, o deməkdir ki, ey ermənilər, məğlubiyyətlə barışmayın, sülhə gəlməyin, toparlanın, hücuma keçin, arxanızda biz varıq.

Bu, əlbəttə, avantüradır. Son üç ildə ard-arda, silsiləvi şəkildə layiq olduğu kimi hərbi məğlubiyyətlər acısı yaşayan, çoxsaylı itkilər verən azsaylı bir xalqı qızışdırıb yenidən səngərlərə itələmək həmin xalqa pislik etməkdir, onu daha böyük itkilərə məruz qoymaq cəhdidir. Çünki ermənilərin qarşısında duran dövlətin ordusunun və xalqının tüfənginə, köhnə ifadələrlə desək, qatıq dolmayıb. Ermənistan nə qədər gücləndirilsə də, qolumuza qolaydır. Döyüş ruhumuz da yerindədir, dəmir yumruğumuz da, üstəlik, strateji yüksəkliklər də əlimizdədir.

Ermənistanda bunu anlayırlar, ancaq yenə də Fransanın fitnəsinə uymuş kimi görünürlər. Təsadüfi deyil ki, bu günlərdə Fransa Ermənistanda ən populyar, ən sevimli ölkədir. Erməni xalqı Fransanı xilaskar qismində görür, ona sığınır.

Məsələnin bu yerə gəlib çıxması heç də Fransa prezidenti Emmanuel Makronun aşırı erməni sevgisinə görə deyil. Ondan əvvəlki prezidentlər (Mitteran, Şirak, Sarkozi, Olland) daima ermənipərəst siyasət yeridiblər, Makron da, sadəcə, həmin xəttin davamçısıdır. Bu gün Makronu o vəzifədə Paris meri Ann İdalqo əvəz etsə, o, daha betər ermənipərəst olacaq. Hətta Fransanın ən qatı müxalif qüvvələri, indiki hakimiyyətin siyasətini bütün istiqamətlərdə sərt tənqidə məruz qoyaraq yerlə bir edən siyasilər də hakimiyyətə gəlsələr, məhz erməni məsələsində bəyənmədikləri sələflərinin siyasi kursunu davam etdirəcəklər.

Bu, birmənalı belədir. Ona görə də burada oturub daha yaxşı, effektiv xarici siyasət yeritmək, “fransızlara Azərbaycan həqiqətlərini başa salmaq” barədə illüziyalara qapılmaqda fayda yoxdur. Onlar “Ermənistan həqiqətləri”ni də yaxşı bilirlər, “Azərbaycan həqiqətləri”ni də, öz “həqiqətlər”ini də. ATƏT-in Minsk qrupunun həmsədri olaraq 28 il boyunca bəzən üstüörtülü (guya ki, neytral vasitəçidir), bəzən də açıq şəkildə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən dövlətdən bundan artıq heç nə gözləmək mümkün deyil. Zatən, bu qrup 2020-ci ilin bu vədələri Bakıdan diplomatik çərçivədə yola salınmasaydı, fəaliyyətlərinə davam etmələrinə imkan verilsəydi, Fransa yenə də su bulandırmaqda davam edəcəkdi.

Hələ də doğru-dürüst bəlli deyil ki, Fransanın bizimlə alıb-vermədiyi nədir, nəyin davasını aparır? Bəlkə Ermənistan və onun işğal etdiyi Azərbaycan torpaqları Fransanın tarixi ərazisi imiş, hücum edib tutmuşuq? Yoxsa Paris 300 illik erməni-fransız dostluğuna (bu ifadə Jak Şiraka məxsusdur) sona qədər sədaqət göstərmək niyyətindədir? Ya da ola bilər ki, Fransa bizə ümumi “türk düşmənçiliyi” kontekstində yanaşır, necə ki, bir neçə yüz ildir Türkiyə ilə intriqa aparır, indi də onun əsas müttəfiqini xor görür.

Hər necə olsa da, Avropanın köklü, amma dünyada sevilməyən ölkələrindən biri olan Fransanın bizə münasibəti düşməncəsinədir. Fransızlar son üç üldə bunu yüksələn xətt üzrə inkişaf etdirirlər, dayanmaq, geri dönmək fikirləri də yoxdur. Görək hara qədər davam edəcək?

Bir şey məlumdur ki, Fransa dövlətini idarə edənlərin ağlı əsrlər öncəki əzəmətlərinə, okeanları aşaraq, yeni-yeni torpaqlar tutduqları vaxtlarına gedirsə, yanılırlar. İndi onları istənilən gün yerlərində oturda biləcək daha güclü dövlətlər var. Zorakılıq və zülmkarlıq hesabına Asiyanın, Afrikanın məzlum xalqlarını yüzillərlə əsarətdə saxlamaq tarixdə qalıb. Bu baxımdan Fransanın “azadlıq və insan haqları”ndan danışmağa dili yoxdur. Onun müstəmləkəçilik tarixini qurdalayanda xirtdəyə qədər qan içində olduğu görünür.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости