Свобода людям, независимость нациям!

Aşbaxyanın şərinə şərik olan Blinken...

2835 06.01.2024 00:35 Колумнисты A A

Yaxın tariximizə qısa ekskurs etməklə yazıya başlayırıq. Beləliklə...

Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin antisemitizmə qarşı mübarizə və monitorinq üzrə xüsusi elçisi Hanna Rozental və müsəlman icmaları üzrə xüsusi nümayəndəsi Farah Anvar Pandit bildirib ki, bu gün Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından bütün dünyaya nümunədir. Onlar bu sözləri sovet dövründə repressiyaya məruz qalan, mərhum prezident Heydər Əliyevin tapşırığı ilə yenidən bərpa olunan Bibiheybət ziyarətgah-kompleksində olduqdan sonra söyləyiblər. Söhbət 2011-ci ildən gedir...

Mark Şnayer: “İlham Əliyev mədəniyyətlər arasında sülhün təşviqində mayak  rolunu oynayıb”

Sonrakı illərdə... ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer Bakıda keçirilən “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı tədbirdə çıxışı zamanı deyib: “Azərbaycanda tolerantlıq ili elan etmək ehtiyacı yoxdur, çünki burada hər il tolerantlıq ilidir”. O bildirib ki, Azərbaycanda 100 illiklərlə tolerantlıq, dözümlülük hökm sürüb. Sitat: “Azərbaycan təkcə müsəlman aləmində deyil, həmçinin dünya miqyasında nümunəvi ölkədir. Çünki bunun bünövrəsini dahi siyasətçi Heydər Əliyev qoyub, onun üçün tolerantlıq, dözümlülük prioritet məsələsinə çevrilib. Azərbaycan dini tolerantlıq mövzusunda digər dövlətlərə örnək olmalıdır ki, onlar sizdən nümunə götürsün”. Azərbaycan nümunəsi haqda daha sonra bildirib: “Evanqirist xristianları ilə dünya müsəlmanları arasında körpü yaratmağı qarşılarına məqsəd qoyublar. Əslində, biz burda tədqiqat aparmağa gəlmişik. Müşahidələrimiz əsasında deyə bilərik ki, hələki müsəlmanlarla evanqirist xritsianları arasında anlaşma yoxdur. Amma Azərbaycan kimi dövlətdə bu tədbirə tanınmış evanqirist liderlərinin qatılması tədbirin əhəmiyyətini daha da artırır. ABŞ-da azərbaycanlılarla xristianlar arasında olan boşluq Azərbaycandakı təbliğatlar əsasında aradan qaldırıla bilər”. Yəni Azərbaycanı ABŞ-a nümunə göstərib.

Azərbaycan multikulturalizmi və dini tolerantlığı” - "İki sahil"

Digər xatırlatma: ABŞ-ın Nyu-York şəhərində nəşr edilən “Bukharian Times” qəzetində Azərbaycanın Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Azərbaycan multikulturalizmi və dini tolerantlığı” adlı məqaləsi dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycan Respublikası ən tolerant ölkələrdən biri və dünya üçün bir yerdə yaşamaq nümunəsi sayılır. Ölkədə bir-birindən 150 metr məsafədə məscid, kilsə və sinaqoqların yerləşməsi müxtəlif dinlərə və inanclara heç bir ayrı-seçkiliyin olunmadığını göstərir. Bir neçə il əvvəl Qubada avropalılar, hətta Avropa Şurasının prezidenti 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini görəndə heyrətlənmişlər.

Azərbaycan hökumətinin tarixi-dini abidələrin bərpasına xüsusi diqqət yetirdiyi, dözümlülük ənənələrini və dinlərarası əməkdaşlığı formalaşdıran bir nümunə olaraq, həm bərpa, həm də yeni ibadət evlərinin tikilməsinə dövlət dəstəyi xatırladılır. Məsələn, 2011-ci ildə Bakıdakı “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülərək bərpa edilib. Həmçinin Katolik kilsəsinin inşası, Rus Pravoslav Katedralının, Müqəddəs Məryəm katolik kilsəsinin, Kiş məbədinin və Qafqaz Albaniyasının bütün mədəni-tarixi irsinin bərpası da məhz dövlət tərəfindən həyata keçirilib.

Azərbaycana ünvanlı təbrik və müraciətlərdə adətən, dini tolerantlığın yüksək səviyyədə qorunub-saxlanması, nümunə olması prezidentlər səviyyəsində ifadə olunub. 2018-ci ilin noyabrında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edərkən bir daha ölkəmizin bu sahəyə xüsusi diqqəti vurğulanıb.

Abraham Kuper hələ sovetlər dövründə Azərbaycanda olarkən xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən dini icmaların azad fəaliyyəti üçün şəraitin yaradıldığının şahidi olduğunu deyib. Ravvin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün dini icmaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dinc və sərbəst fəaliyyəti üçün yüksək şəraitin yaradıldığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşadığını qeyd edərək, bu ənənələrin çoxəsrlik tarixə malik olduğunu bildirdi və müstəqillik dövründə bu meyilin uğurla davam etdirildiyini, multikulturalizmin dövlət siyasətinin prioritetlərindən biri olduğunu, milli və dini tolerantlığın yüksək dərəcədə təmin edildiyini vurğulayıb. 

Buna bənzər yüzlərlə misal gətirmək olar, amma məzmun eynidir. Heç bir problem yoxdur. Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların barış və görüş məkanıdır və bu mənada nümunəvi ölkədir.

Bəs, nə baş verdi ki, ABŞ Dövlət Departamenti yenə də “gözlərini yumdu, ağzını açdı” və Azərbaycanı “qara siyahı”ya saldı?

İttihamlar o qədər əsassızdır ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da etiraz etməkdən özünü saxlaya bilməyib. Sitat: “Azərbaycanda dini etiqad azadlığı ilə bağlı narahatlıqların ifadə edilməsi Azərbaycan cəmiyyətinin ən güclü tərəflərindən biri olan dini və etnik tolerantlığı pozmağa yönəlmiş yersiz cəhd kimi görünür... Azərbaycanda yaşamaq və ABŞ-Azərbaycan münasibətləri üzərində işləmək şəxsi təcrübəm göstərir ki, Azərbaycan müxtəlif dini icmalara gəldikdə təəccüblü dərəcədə müxtəlif və tolerantdır. ABŞ-ın nöqteyi nəzərindən Azərbaycanın strateji baxımdan ən güclü tərəflərindən biri Azərbaycan cəmiyyətinin əsasən şiə İslam cəmiyyətinin olduğu dünyəvi, lakin mahiyyətcə dünyəvi olmasıdır”. Brayza ardınca bildirib: “Mən Azərbaycanda yaşayanda katolik idim. Hər bazar günü Bakıdakı Roma Katolik Kilsəsindəki katolik mərasimində iştirak edirdim. Mən həmçinin fəal protestant icmaları və pravoslav xristianlarla tanışam, həm də təbii ki, dünyanın ən qədim icmalarından biri olan oradakı yəhudi icması ilə də tanışam. Düşünürəm ki, demək olar ki, bütün azərbaycanlılar Krasnaya Slobodanın dağ yəhudiləri ilə fəxr edirlər. Mən bilirəm ki, pravoslav yəhudi icması inkişaf edir və onun baş ravvinlərindən biri bir dəfə mənə dedi ki, Azərbaycanda antisemitizm yoxdur. Və təbii ki, dini müxtəliflik baxımından Azərbaycanda təkcə şiə müsəlmanlar deyil, böyük əksəriyyəti təşkil etmələrinə baxmayaraq, təbii ki, sünnilər də var, xüsusən də bildiyim kimi Azərbaycanın şimal-qərbində”.

Bir ölkənin tolerant olduğunu ifadə etməkdən ötrü bundan artıq nələr deyilməlidir ki? Özü də Azərbaycan vətəndaşı, deputatı, ya hansısa məmuru demir, Amerikanın diplomatı söyləyir. Elə isə Günəşi palçıqla suvamağa çalışan ABŞ Dövlət Departamentində bu əclaf yanaşmaya görə utanan, qızaran olacaqmı, yoxsa yenə də üstümüzə bozarmaqda davam edəcəklər?

Blinken heads back to Middle East amid regional escalation fears | Reuters

Bundan əvvəlki əclaflığın üstündən heç iki ay keçməmişdi. Xatırlayırsınız yəqin, ABŞ Senatında “Erməniləri müdafiə aktı” adlı sarsaq bir sənəd hazırlanmışdı, Azərbaycana qarşı şər-böhtan dolu. Çox keçmədi Azərbaycan dövlət başçısına xahiş-minnət məzmunlu telefon açan, üzr istəyən dövlət katibi Entoni Blinken həmin sərsəm iddiaların müəllifinin Bakıya səfərinə izn verilməsini acizanə şəkildə istədi və “bir daha belə olmasın” xəbərdarlığını aldıqdan sonra səfər reallaşdı. Yenə nə baş verdi? Bu dəfə hansı xahişlə zəng edəcək Blinken? Özü də anti-Azərbaycan hesabatında onun özünün də barmağı var...

Azərbaycana qarşı qərəzli, şər-böhtan dolu sənədin müəllifinin Daniella Aşbaxyan adlı erməninin olması faktı çox şeyi deyir. Absurda baxın ki, bu erməni Dövlət Departamenti üçün hesabat hazırlayır. Departament əməkdaşları yığışıb müharibəyəmi getmişdilər, bir erməninin ümidinəmi qalmışdı Ağ Ev?! Əslində məsələlin məğzi məlumdur. Bu qadın Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən olub və ermənilərlə “bol” ünvanda, Livanın Los Ancelesdəki konsulluğunda işləyib...Özü erməni, təşkilatı, ətrafı da həmçinin...Los Ancelsdə ermənilərin vandal hücumunu xatırlasaq, yetər... Ermənilərin Nensi Pelosi “nənə”lərini indi də Daniella əvəzləyib. Görəsən, Azərbaycana qarşı din adına şər atmağın müqabilində nə qədər çirkli pulda batmağa razılaşıb?..

Azərbaycan əraziləri 30 il ərazində Ermənistanın işğalı altında qalanda, 70-ədək məscidi, mədəni, tarixi  abidələri dağıdılanda Aşbaxyan harda ölmüşdü? Yaxud Dövlət Departamentinin o zaman nədən yadına düşmürdü Azərbaycandakı dini tolerantlığın durumu?

Nədənsə tolerantlığın təftişi də Azərbaycanın 44 günlük müharibə nəticəsində torpaqlarını azad etməsindən, sonda isə bir günlük antiterror əməliyyatla Qarabağda separatçı-terrorçu rejimin kökünü kəsməsindən sonra başladı. Xunta rejimi bəyan etmişdi ki, 1 yanvar 2024-cü ildə qanunsuz hakimiyyət orqanları fəaliyyətini dayandıracaq. “Sülh prosesi”nə evsahibliyi edən Vaşinqtonda da narahatlıq var idi, axı, oyunları, planları pozulub. Odur ki, ermənilərə revanş üçün müxtəlif cinahlardan dəstək verirlər. Guya erməni dini abidələrinə nəsə olubmuş. Nə sübut var, nə dəlil, sadəcə söz yığını...O boyda ölkəni nə kökə salıblar, bir dılğır erməni barmağına dolayıb. Bundan əvvəl prezidentliyə namizəd Kennedi Azərbaycanı təhdid etmişdi. Erməni səslərini qazanmaqdan ötrü hər cür çirkaba baş vururlar.

Qərbi Azərbaycanda minlərlə dini məbədlərimiz, tarixi abidələrimiz dağıdılıb, nə YUNESKO araşdırır, nə ABŞ Dövlət Departamenti. Qarabağa BMT missiyası gəldi və hesabat təqdim etdi, Azərbaycan tərəfindən dağıdılna bir şey yox, nə dağıdıbsa, ermənilər dağıdıb. Hətta ermənilərin Xankəndidə qoyduğu idbar sifətlilərə belə, toxunulmayıbsa, nə şüvəndir?

Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistanın birgə açıqlamasını  alqışlayır

Dövlət Departamenti (Blinken) Azərbaycanı “Xüsusi Nəzarət Siyahısına” daxil edib. Səbəb kimi olmayan “Dağlıq Qarabağ”dakı “dini obyektlərlə bağlı narahatlıqlar, şiə müsəlman dini fəallarına qarşı davam edən repressiyalar” və sair əsassız iddialar sıralanıb. Hətta fərqli motivlərlə həbs edilənlər də heç bir yeri və əsası olmadan bu hesabata daxil edilib. Yəni məqsəd birdir: “ağına, bozuna baxma, şərlə!” Beləcə, Aşbaxyanın şərinə şərik oldu cənab Blinken...

Azərbaycana qarşı böhtanların cavabını bircə faktla vermək kifayət edərdi: Bakının mərkəzində, içərisində minlərlə ermənicə kitabların saxlandığı, təmir olunmuş erməni kilsəsinin varlığı və qorunması! Amma anti-Azərbaycan hesabatı hazırlayanlar bu kimi faktlara kordurlar, kardırlar! Azərbaycanda istənilən dinin təmsilçiləri rahat yaşamaq, ibadət etmək haqqına sahibdir. Hətta Qarabağ azad ediləndən sonra alban məbədlərini ilk ziyarət edənlər onların əsl sahibləri oldular. Qarabağda, son illərdə tikilmiş erməni kilsələri də təmir olunan abidələr sırasındadırsa, ölkəmizə qarşı əbləh yanaşmalar nifrətə layiqdir. Bu qərəzə görə ABŞ-ın Azərbaycandakı səfirliyi özündə güc tapıb üzrxahlıq etməlidir! 2020-ci ilin Vətən müharibəsi başlayanda Azərbaycan Prezidentinə Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, Bakı və Azərbaycan Arxiyepiskopu,  Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri, Bakıdakı Avropa yəhudiləri icmasının başçısı, Alban-udi icmasının rəhbəri də müraciət etmişdi. Bu, dinindən asılı olmayaraq, hər kəsin Azərbaycana, onun liderinə olan münasibətin nümunəsiydi. Görünür, anti-Azərbaycan hesabatlarını sıralayanlar ölkəmizdə dini təfriqə sala bilmədikləri üçün çox pərişandırlar və bir daha cəhd göstərirlər.

Həm də bu iftiralar Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən tarixi hadisədən bir ay öncə atılıb. Azərbaycanda prezident seçkisi keçiriləcək və xalqımız 7 fevralda öz liderinə növbəti 7 illik dönəm üçün böyük etimad göstərəcək. Növbədənkənar seçki sərəncamı bir çox planları pozdu, odur ki, tələsik bir erməniyə tezislər veriblər, Azərbaycanı şərləməkdən, ölkədə qarışıqlıq salmaqdan ötrü. Amma bu dəfə də keçməyəcək. Sonda yenə də uduzacaqlar, Qarabağı auksiona çıxartmaq planları iflasa uğradığı kimi. Hə, bir də... Bu il Xankəndi və Xocalıya Böyük Qayıdış başlayacaq. Bu da çoxlarını yandırır...

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости