Свобода людям, независимость нациям!

“Arzuolunmaz şəxs”lərin şəxsi arzuları

1256 06.05.2022 09:30 Колумнисты A A

Özümdən götürürəm, bir gün səhər işə gələndə, kompüterimi açıb elektron poçtumdakı mesajı oxusam və bilsəm ki, bir neçə ölkənin sanksiyasına məruz qalmışam və daha oraya gedə bilmərəm, bu, mənim xətrimə dəyər, yoxsa dəyməz?

Əlbəttə, dəyər, mütəəssir olaram. Fikirləşərəm ki, axı niyə belə oldu, nə günahın sahibiyəm.

Ancaq burada incə məqamlar və yoğun nüanslar var. Məsələn, mən görsəm ki, Türkiyəyə, ABŞ-a, Ukraynaya, Avropa ölkələrinə, Özbəkistan və Qazaxıstana səfər etməyimə qadağa qoyulub, bərk pəjmürdə olaram. Deyərəm, vah, vah, heyif, Parisdə Eyfelə dırmaşmaq, “Dumanlı Albion”un dumanında azmaq (öz türkcəmizdə), Venetsiyada qondolaya minmək, Alp dağlarında xizək sürmək (hər il olduğu kimi) əldən çıxdı. 

Amma məni eyni imkandan Vanuatu, Uollis və Futuna, Törks və Kaykos adaları, Tokelau, Esvatini, Syerra-Leone,  Sent-Lüsiya, Sen-Marten, Sen-Pyer və Mikelon, Sent-Vinsent və Qrenadin, Svazilend kimi dövlətlər (bunların adını internetdən götürmüşəm,) məhrum etsə, vecimə də olmaz.

Hərçənd elə adamlar da olar ki, harada yerləşdiyini bilmədiyi, heç vaxt yolu düşməyəcəyi ölkənin bu hərəkəti ona toxunar. Bu, təxminən ona oxşayır ki, imkanlı biri olur, kasıb tanışının toy etməyə hazırlaşdığını görür və öz-özünə qərar verir ki, dəvət etsə də, onun toyuna getməsin. Sonra məlum olur ki, kasıb onu toyuna çağırmayıb və adam pərt olur. İndi işə baxın, dəvət olunsa, toya getməyəcəkdi, dəvət olunmayıb, xətrinə dəyir. Eqo məsələsi. Yəni sən məni say, toyuna çağır, amma mən səni saymayım, getməyim, qoy sənin xətrinə dəysin. Belə bir psixoloji məqam.

Hazırda, bildiyiniz kimi, əksər Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya və başqa dövlətlər Rusiya və Belarusun dövlət adamlarına, bəzi gicqulu jurnalistlərinə, biznesmenlərinə səfər qadağası qoyub. Bu, onları narahat edir və xətirlərinə dəyir. Çünki çoxunun o ölkələrdə biznesi, qoyum-əqrəbası, övladları var. İndiyəcən, bir ayaqları oradaydı, həftəaşırı gedirdilər. İndi gedə bilmirlər. Əvəzində Rusiya da adıçəkilən ölkələrin dövlət adamlarına, senatorlarına, biznesmenlərinə ölkəyə girişi yasaqlayıb. Amma bu, onların vecinə deyil, çünki Rusiyaya səfər etməkdən ötrü əldən getmirdilər. Yay tətili üçün daha gözəl ölkələrə gedirlər, qış tətilində isə Alyaska, Kanada, İsveçrə və Avstriyanın dağları bəsləridir.

Başqa sözlə, ölkəyə girişin yasaqlanması məsələsində uduzanlar ruslar və türkün sözü, bəyaz ruslardır. Amma neynirsən, Moskva və Minsk belə sanksiyalara dərhal bənzər sanksiya ilə cavab verir.

Məmmədyarovun nazir olub xarici işlərə baxan vaxtında bizdə də eləydi, xaricdən Qarabağın ermənilərin əlində olan hissəsinə gələn siyasət, elm və şou-biznes adamlarına, jurnalistlərə sanksiya tətbiq edirdik və adlarını “arzuolunmaz şəxslər” siyahısına salırdıq. O adamların bəziləri buna görə narahat olurdu və bir neçə aydan sonra bizim XİN-imizə müraciət edirdilər ki, onların adını o siyahıdan çıxaraq. XİN-imiz isə bu “arzuolunmazlar”ın o arzusunu dərhal çin edirdi, adlarını siyahıdan çıxarırdı və o şəxslərin bəziləri ölkəmizə gəlirdi, bəziləri isə gəlmirdi.

Belə hadisələri tez-tez müşahidə etdikcə, qədirbilən xalqımızda iki sual əmələ gəlirdi: 1. O adamların təqsiri asanca bağışlanacaq türdəndirsə, adlarını qara siyahıya  niyə salırsınız?; 2. Yox, bu şəxslər əfvedilməz hərəkət ediblərsə, o zaman niyə bağışlayırsınız və adlarını siyahıdan çıxarırsınız? 

Nə o vaxt, nə də sonra bu iki sualın heç olmasa birinə cavab verən olmadı. Güman ki, bu, siyasət məsələsi idi. Bildiyiniz kimi, XİN siyasətə qarışmır.

İndi rusların çoxu da ümidlə gözləyirlər ki, müharibə bitən kimi sanksiya tətbiq edən ölkələrin XİN-lərinə şəxsən müraciət edəcəklər və adları qara siyahılardan çıxarılacaq. Deyəsən, ağılları bizə gedib. Hərçənd nə bilmək olar? Əcnəbilər də daş-qaya deyillər...

P.S. Xəritədə baxdım, Vanuatu Avstraliya tərəflərdə, Yeni Zelandiya yolunun üstündə, okeanın ortasında bir yerdədir. Ola bilər, Vellinqtona gedəndə gəminiz orada dayanar, ona görə də heç o ölkənin sanksiyasına məruz qalmaq da yaxşı olmaz.

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости