Свобода людям, независимость нациям!

“Arsax”dakı sarsaqlara 2 milyonluq müjdə və “o sizinçün ölüb, bizimçün sağdır” mesajı

1066 02.07.2022 10:40 Колумнисты A A

Amerika Erməni Assambleyası ermənilərə xoş xəbər çatdırıb. Bildirilir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əməliyyatlar üzrə Təxsisatlar üzrə Alt Komitəsi 2023-cü maliyyə ili üçün Xarici Yardım haqqında Qanun layihəsi çərçivəsində ABŞ-ın Ermənistana 60 milyon dollar və Dağlıq Qarabağın minalardan təmizlənməsi üçün (ermənilərin on illərdir qeyri-qanuni yaşadığı, separatçı-terrorçu rejimin mövcud olduğu ərazilərdə minanı kim basdırıb?!) 2 milyon dollar məbləğində yardım göstərməyə çağırıb…

Bərəkallah! Neçə ay idi ki, erməni lobbisinin döymədiyi qapı qalmamışdı, narahat idilər, ABŞ Qarabağ ermənilərinə 30 ildir davam edən maliyyə yardımını kəsəcək, deyə. Üstəlik, Azərbaycana maliyyə yardımının artırılacağı, Ermənistanın yardımının isə azaldılacağı söhbəti yuxularına haram qatmışdı ermənilərin. Amerika dövləti işğalçının da, separatçıların da üzünü güldürüb. Hesabatın mətnində deyilir ki, Komitənin tövsiyəsinə “Dağlıq Qarabağ”da minatəmizləmə fəaliyyəti üçün ən azı 2 milyon dollar da daxildir. “Dağlıq Qarabağdakı münaqişənin humanitar təsiri və mənzil, ərzaq təhlükəsizliyi, su təchizatı və kanalizasiya, səhiyyə və digər insanların ehtiyaclar”ın ödənməsi üçündür guya ki...

Məntiqlə, işğalçı ölkəyə maliyyə vəsaiti ayrılmamalıdır. Necə ki, ABŞ prezidenti Con Bayden elə srağagün Rusiyanı diz çökdürməklə bağlı daha ciddi addımlar atılacağını, Ukraynaya 800 milyonluq yardım göstəriləcəyini bəyan etdi. Yardım Rusiyanın əhalisinə, humanitar məqsədlər üçün ayrılmır ki? Yox. Elə isə niyə Azərbaycan ərazilərini - elə Rusiyanın köməyi ilə - işğalda saxlamış Ermənistan indiyəqərki yardımlar azmış kimi, gələn il üçün də maliyyə vəsaiti ayırırlar?

ABŞ səfiri bir neçə dəfə Qarabağ bölgəsində olub, hələlik Şuşaya ayaq basmasa da. Şübhəsiz ki, diplomat qeydlərini yazıb ölkəsinə yollayıb. Ermənistan 44 günlük müharibə günlərində Azərbaycanın dinc əhalisini hədəfə aldı dəfələrlə, bütün dünyanın gözləri qarşısında. ABŞ bu faktları bildiyi halda, terrorçu ölkəyə niyə maliyyə vəsaiti ayırır?

Yaxud “Dağlıq Qarabağ” dedikləri separatçıların mövcud olduğu əraziyə 2 milyon dollar ayrılmasını necə anlayaq? Separatçı, terrorçu rejimə maliyyə ayrılması hansı dəftər-kitabda yazılıb? Bu gün ABŞ Rusiya ilə beynəlxalq hüquqa əsaslanaraq əlaqələr qurmuş, ortadakı müqavilələrə əməl edən ölkələri belə, təhdid edir, sanksiyalarla hədələyir. Belə olduğu halda 44 günlük müharibə zamanı “Gəncənin raketlə vurulmasını mən əmr etdim” iddiası ilə çıxış edən Araik Arutyunyanın başçılıq etdiyi terrorçu rejimə milyonlar ayrılmasının adı nə? Terroru, separatçılığı maliyyələşdirmək? Axı Azərbaycan illərdir antiterror əməliyyatlarında iştirak edib ABŞ-la çiyin-çiyinə, Əfqanıstanla bağlı proseslərdə misilsiz xidmətlər göstərib. İndi bunun mükafatıdırmı erməni terrorçularına maliyyənin ayrılması?

“Hayastan” Fondunun terrorçuluğu dəstəklədiyi faktdır, özü də on illərdir Qarabağdakı erməni terrorçu qüvvələri yemləyir. İndinin özündə qanunsuz tikinti işləri aparırlar Qarabağın rus sülhməramlıları yerləşmiş bölgəsində. ABŞ Azərbaycanla həqiqətən də səmimi münasibətlər qurmaqda maraqlıdırsa, o halda “Hayastan” təşkilatının baş ofisinə möhür vurmalıdır birdəfəlik, adını “qara dəftər”ə salmalıdır. Amma Qarabağa qanunsuz səfərlər edən bu təşkilatın üzvləri qanunsuz məskunlaşma üçün əlindən gələni edir. Ermənilər heç Ermənistanın özündə yaşamaq istəmirlər, qaçıb gedirlər, bu fondun tikdiyi evlər kimlər üçündür? Bu dəfə haradan gətirəcəklər erməni köçünü?

ABŞ Ermənistana maliyyə yardımı ayırır, Ermənistan da... Qarabağdakı separatçı rejimə. Nonsesdir. Dolaysı ilə Azərbaycan ərazisindəki separatçıları himayə edirlər. Bu vaxtadək 2 milyarddan çox vəsait ayırıblar Qarabağ separatçılarına!!! Məntiqlə necə olmalı idi? ABŞ İrəvanın qarşısında şərt qoymalı idi: sənə maliyyə ayırıram, amma bir sent də Qarabağ ermənilərinə vəsait göndərməyəcəksən, çünki Qarabağ Azərbaycan ərazisidir! Amma nəinki bu şərti irəli sürmür, qeyd etdiyimiz kimi, “artsax”dakı sarsaqlara da maliyyə ayırır. Hansı yolla? Bu vəsaitlər Ermənistanın üzərindən yönəldilirsə, bunun özü Azərbaycanın suveren hüquqlarına kobud müdaxilədir.

ABŞ dövləti bu günlərdə Minsk Qrupundakı həmsədrini yenilədi. Təsəvvür edin, Azərbaycan Qarabağ məsələsini həll edib, həmsədrlərə ehtiyac olmadığını dəfələrlə bəyanlayıb, Minsk Qrupunun öldüyünü Rusiya XİN rəhbəri də etiraf edir, amma okeanın o tayından deyirlər ki, yox e, “o, sizinçün ölüb, bizimçün sağdır”.

Bu cür addımlardır erməniləri şirnikləndirən. Əks təqdirdə, kabinetində belə izlənildiyini deyən araikkimilər “fəsiləsi”nin nümayəndələri indiyədək Azərbaycanın ovcunun içində duruş gətirməyə cəsarət etməzdi.

Belə vasitəçilik olmur, ser...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости