Свобода людям, независимость нациям!

Aristidi iqtidara gətirənlər, hərbi təyyarədə qaçıranlar - tarixi ibrət

2747 13.04.2022 14:20 Колумнисты A A

Birbaşa mətləbə keçək və iki ad çəkək: Viktor Yanukoviç və Jan-Bertran Aristid. Birincini ölkəmizdə tanıyan çoxdur. İkincini tanıyanlar isə, əl-əlbət, az olar.

Bu şəxslərin ikisi də öz ölkələrinin prezidenti olub. Yanukoviç Ukraynanın, Aristid - Haitinin.

Həm Yanukoviç, həm də Aristid devrilmiş prezidentlərdir. Fərq ondadır ki, ABŞ Jan-Bertran Aristidi öz vəzifəsinə qaytarıb, Rusiya isə 8 ildir Viktor Yanukoviçi öz postuna bərpa edə bilmir.

Əgər Haitidə çevriliş edərək hakimiyyətə gəlmiş hərbçilər ABŞ-ın hərbi müdaxilə hədəsindən qorxub, devirdikləri adamın yenidən hakimiyyətə gəlməsinə razılaşdılarsa, Ukraynada elə olmadı.

Söz yox ki, haitili hərbçilər ABŞ-ın müdaxilə təhdidini qulaqardına vursaydılar, çox çəkmədən Pentaqon Haitidə xüsusi əməliyyat keçirəcəkdi və 48 saatın içində müqavimət göstərənləri zərərsizləşdirərək, Aristidi öz vəzifəsinə bərpa edəcəkdi.

Əslində Rusiya da məsələni təhdidlə həll etmək istədi, Ukraynanı çox hədələdi, prezident Zelenskinin qaba güclə hesablaşacağını, hakimiyyətdən əl götürəcəyini gözlədi. Bu olmayınca, Kreml sözdən işə keçdi, 48 saata işi bitirmək istədi, amma alınmadı. 2014-cü ilin fevral ayının 26-da Ukraynanı tərk etməyə məcbur olmuş Yanukoviç 2022-ci ilin həmin günü Kiyevə varid olacağı ümidilə Belarusa gəlsə də, umsuq və pərt olaraq sərhəd qapısının dalında qaldı.

On-This-Day-Jean-Bertrand-Aristide-returns-to-Haiti-after-coup.jpg (114 KB)

Aristidin başına gələn qaçma-qayıtma hadisəsi isə iki dəfə olub. Birinci hadisə 1991-ci ildə baş verib. Azad və qanuni seçkilərin nəticəsi olaraq hakimiyyətə gələn və ölkəsinin 36-cı prezidenti olan Aristid səlahiyyətlərinin icrasına 1991-ci ilin 7 fevralında başlayıb. Ancaq bir neçə aydan sonra Haitidə həlledici sözə malik olan hərbçilər hesab ediblər ki, Aristid yaxşı işləmir. Onlar prezidenti istefa verməyə məcbur ediblər. Aristid devriləcəyini və öldürülməsə də, həbs ediləcəyini bildiyindən əvvəlcə Venesuelaya qaçıb, sonra ABŞ-a keçib.

Bir neçə il Haitidəki xuntaya yumşaq şəkildə hakimiyyəti öz qanuni sahibinə qaytarmaq tələbi irəli sürən və imtina cavabı alan ABŞ, nəhayət, 1994-cü ildə hərbçiləri seçim qarşısında qoyub: ya Aristidin öz vəzifəsinə qayıtmasına şərait yaradırsınız, ya da o şəraiti Pentaqon yaradacaq. Generallar anlayıblar ki, Aristid adaya ABŞ desantlarının paraşütü ilə düşsə, özləri adanı Haitini tərk etməli olacaqlar. Odur ki, Aristidin yenidən prezident olmasına razılıq verirlər.

Beləliklə, 36-cı prezident 1994-cü ilin oktyabrından 1996-cı ilin fevralına, səlahiyyət müddəti bitənə qədər Haitiyə rəhbərlik edib. Sonra o seçkiləri uduzub və hakimiyyətdən çəkilib. Ancaq Aristid siyasətdən getmıyib və 2000-ci ildə yenidən prezident seçilib. Rəsmi informasiyada göstərilib ki, Aristid 92 faiz seçici səsi alıb. Xalqın,demək olar ki, yekdilliklə seçdiyi prezidentin hakimiyyət müddəti bu dəfə də yarımçıq alınıb. 2004-cü ildə ölkə parlamentində çoxluqda olan müxalifət onu korrupsiyada ittiham edib, xalq da o tərəfdən ayağa qalxıb, hökumətə qarşı mitinqlər, nümayişlər təşkil olunub. Avtoritar idarəetməyə və siyasi repressiyaya üstünlük verən Aristid bu üzdən xalqın və Qərbin dəstəyini itirib. Haitidə kütləvi iğtişaşlar, qarət və soyğunçuluq başlayıb və bu cinayətlərdə həm prezidentin əleyhdarları, həm də tərəfdarları aktiv iştirak ediblər.

55.JPG (37 KB)

Belə bir durumda vaxtilə Aristidi Haitiyə və hakimiyyətə gətirən ABŞ öz səhvini düzəldib, prezidenti hərbi təyyarədə əvvəlcə MAR-a, sonra isə CAR-a qaçırıb. Sonradan Aristid etiraf edib ki, amerikalılar onu Haitidən zorla, öz iradəsinin ziddinə çıxarıblar.

Artıq 11 ildir ki, Jan Bertran Aristid yenidən Haitiyə qayıdıb. Ancaq daha vəzifəsi yoxdur, prezident işlədiyi vaxt yol verdiyi korrupsiya cinayətlərinə görə onu ev dustağı ediblər.

Burada diqqət yetirilməli iki məqam var. Biri odur ki, ABŞ bir lider haqqında yanıldığını biləndə, həmin şəxsin etimada malik, prezidentliyə layiq olmadığını anlayanda ziyanın yarısından geri qayıdır və öz səhvini düzəldir. Fəqət eyni situasiyada Rusiya fərqli davranır, öz adamını layiq oldu-olmadı sona qədər müdafiə edir, bu zaman uğursuzluğa düçar olur, özünə çoxlu düşmən qazanır.

İkinci məqam isə ortabab və kiçik ölkələrin prezidentlərinin böyük dövlətlərin əlində oyuncaq olmasıdır. Gün gəlir, onları istefa verməyə məcbur edirlər, bu olmadıqda, devirmək istəyir, çox vaxt devirirlər, hətta gecə ilə hərbi təyyarəyə basıb uzaqlara aparırlar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости