Свобода людям, независимость нациям!

Arılar, Eynşteyn və deputat

1597 19.07.2022 09:30 Колумнисты A A

Sosial şəbəkələr çıxandan hər bir zəhmətkeşimiz filosofa, yazıçıya, alimə, cürbəcür dahi şəxsiyyətlərə çevrildilər və bu istiqamətdə gərgin fəaliyyətə başladılar. Ən geniş fəaliyyət üsullarından biri də elə görkəmli şəxslərin adından sitatlar, aforizmlər, afyorizmlər uydurmaqdan ibarətdir.

Həmin duzsuz dələduz kəlamlar sayəsində çox asanlıqla ateist fiziki müsəlman mollasına, on qram beyni olan bir fotomodeli el anasına, ən böyük qabiliyyəti ayağını başı hündürlüyə qaldırmaq olan karateçini qədim yunan filosofuna çevirmək mümkündür. Dərhal, anındaca. Soruşsan bu kəlamın mənbəyi nədir, mal kimi adamın üzünə baxarlar. Gözlərini döyərlər. Hələ bəzisi səni borclu çıxarar, səfeh hesab edər: “O boyda internetdə yazılıb, feysdə min dəfə paylaşılıb, tik-tokda videosu çəkilib, instaqramda fotosu gedib. İndi bunlara yox, sənə inanmalıyıq?”

Belə nəticə çıxacağına görə artıq mən ulu xalqımızla mübahisə eləmirəm. Nə desələr razılaşıram. Deyirəm, haqlısınız. Sən də düz deyirsən, Çörçill də, Eynşteyn də, lap elə deputatlar da.

Yeri gəlmişkən, internetdə adına yalançı sitat çıxarılanlar arasında birinci yeri böyük ehtimal Eynşteyn tutur. İkinci yerdə, nə qədər absurd olsa da, davalı kinolar artisti Ceyson Steytemdir. Hətta bir aralar bizim camaat Eynşteynin “aforizmlərinin” şitini elə çıxarmışdı, gənclər buna etiraz əlaməti kimi özlərindən Eynşteynin adında daha cəfəngiyyat və gülməli aforizmlər düzəldirdilər. Məsələn, biri belə idi: “Mebeli qız evi almalıdır. Eynşteyn”.

Bu uzun-uzadı girişdən sonra Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yoldaşın açıqlamasına diqqətinizi yönəldək. Tahir müəllim srağagün qəfildən diqqəti kənd təsərüfatına yönəltmişdir. Sitat: “Kənd təsərrüfatını inkişaf etdirməyən ölkə intihara doğru gedir. İnkişaf etmiş bir ölkənin səmasında nə qədər çox təyyarənin deyil, nə qədər çox arının üçması önəmlidir. Əgər arılar ölərsə, insanlar da öləcəkdir. Albert Eynşteyn.”

Məncə, Tahir müəllim bu sitatı paylaşmazdan öncə bapbalaca araşdırma aparsa bilərdi ki, Albert müəllimin adından yayılan bu aforizm uydurmadan, feyk-xəbərdən başqa bir zad deyildir. İlk dəfə Eynşteynin ölümündən 40 il sonra, 1994-cü ildə bir xarici jurnalda yayılan bu fikirlərin alimə məxsus olmadığı dəfələrlə isbata yetirilib və hətta internetdə “Eynşteyn və arılar” adlı xüsusi məqalələr bölməsinin yaradılmasına gətirib çıxarıb. Yəni bu temada yüzlərlə məqalə var. Ancaq neynirsən? Yenə bu yalanı yaymaqda davam edən şəxslər var. Həmişə doğru danışan deputatlarımızın bu yalançılar sırasına qoşulmasını istəmərik. Birdən gələn seçkidə camaat onlara səs vermədi? Məsələn, deputatı kənddə tutub deyərlər, ay filankəs müəllim, o nədir, keçən il Eynşteynin adından yalan danışırdın, ayıb döyülmü, hıy? Arı çalsın səni!

Həmçinin Eynşteynin botanika, biologiya elmlərindən başı çıxmadığı, həmişə bu imtahanları çətinliklə verdiyi də bioqraflarına yaxşı məlumdur. İndi necə olur, biologiya bilməyən durub arılardan, onların bəşəriyyət üçün fısqırıq önəmindən danışır? Sözgəlişi, indi çiçək tozlanması işində də insanlar çox qabağa gediblər, bəzən heç arıya-zada ehtiyacları olmur, türkün məsəli, çiçəkləri özümüz tozlandırırıq.

Ancaq arılar və təyyarə temasında üstünlüyü arılara verməklə deputat AZAL-ın baha biletlərindən şikayətlənən həmkarlarına və seçicilərə söz atırdı. Deyirdi qoy arılar uçsun, siz qaxılın oturun yerinizdə. Mən bu afyorizmi belə qandım.

Sonda onu da bildirim ki, Eynşteynin ən güclü aforizmi vətənpərvərliyə aiddir: “Qazinin şikayətinə baxmayan icra başçısından qara dəlik abırlıdır”.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости