Свобода людям, независимость нациям!

“Apardı sellər Saranı”dan “Xu-xu-xu xumar apardı”ya…

2676 07.04.2023 10:05 Колумнисты A A

 

4-5 il öncənin söhbətidir, Astanada bir türk lokantasında 5 həmvətən və jurnalist (Cavid İsmayıl, Fadil Paşayev, Füzuli Məcidli, Əli Verdiyev və mən) oturub yemək yeyə-yeyə söhbət edirdik, 20-ci əsrin əvvəllərində yaşamış korifey ziyalılarımızdan danışırdıq.

Bizdən 5-6 metr aralıdakı masada azərbaycanlıya oxşayan bir gənc, bir rus-qazax metisi qız, bir qazax və bir metis yeniyetmə oturmuşdu, öz aralarında söhbət edir, telefonda qurdalanırdılar. Bizim söhbətimiz Əli bəy Hüseynzadə və Mirzə Cəlildən dolanıb Üzeyir Hacıbəyova gələndə, bir də eşitdik ki, həmin masadan Üzeyir Mehdizadənin “Ay, balam, gül balam” mahnısı səslənir və masadakılar gözaltı bizi süzürlər. Yəni Üzeyiri biz də tanıyırıq.

Sadəcə, onlar bilmirdilər ki, tanıdıqları Üzeyirlə bizim tanıdığımız və sevdiyimiz Üzeyir fərqli adamlardır.

Dünən Dövlət Dil Komissiyasının yanındakı monitorinq mərkəzinin xalq üçün zərərli saydığı mahnıların müəlliflərinin sırasında Üzeyir Mehdizadənin də adı vardı.

Bər başdan deyim ki, o siyahıdakı mahnıların heç birini dinləməmişdim, amma sırf bu siyahı yayılandan sonra 14-15-ni fraqmental (1 dəqiqə-filan) dinlədim ki, görüm, monitarinqçilər haqlıdırlarmı?

Söz yox, onlar yerdən göyəcən haqlıdırlar. Bu heç. Həm də aydın oldu ki, 57 mahnının yer aldığı siyahıda elə düz-əməllisi Üzeyirin oxuduqlarıdır. Qalanları daha beşbetərdir.

Əslində “Yutub”da 1 milyardı aşan baxış sayı toplamasına və türk dünyasında olduqca populyar olmasına baxmayaraq, Üzeyirin də oxuduqları bir şey deyil. Sizi bilmirəm, amma mənə həmişə elə gəlir ki, bu yaxşı oğlan səsini lentə yazdıranda ya mikrofondan 2-3 metr aralıda durub oxuyur, ya da mikrofonla onun ağzının arasında kimono parçası kimi bir materiya olur, nəticədə qardaşın səsi quyu dibindən gəlirmiş kimi çıxır.

“Mahnılarımız monitorinq aynasında” adlı kitabda yer almış mahnıların içində elələri var ki, narkotiki, xuliqanlığı, cinayəti təbliğ etdiyi üçün onu oxuyanları cələkləyib içəri qoymaq, oxuduqlarını da bütün platformalardan özlərinə sildirmək lazımdır. Belə sənət ola bilməz. Sənət cinayəti, qəbahəti öyməməlidir. Birmənalı.

Məsələn, “Aparır, kayf aparır”, “Bomba kayfda”, “Kayfim zor olanda”, “Zır kayfdayam bu gün”, “Nə, nə, nə nəşəni çəkdim, xu, xu, xu xumar apardı” kimi mahnılar var. Sonuncunu oxuyanlar heç də pəltək-zad deyillər, öz aləmlərində elə nəşələniblər ki, belə oxuyurlar. Bayağılığın dibi.

Yenə onlara baxanda Elçin Göyçaylının “Ley-pey olmuşam”, Toğrul Göyçaylı və Nurlan Göyçaylının “Adam nə qədər ley-pey içib gəzər hey-hey” mahnılarının zərəri azdır. Görünür, Göyçayda adamı xu-xu-xumar aparmağın yo-yo-yolu nə-nə-nəşədən yox, bölgədəki araq-lükör zavodunun lisenziyalı məmulatlarını istemal etməkdən keçir. Bəlkə də Şamil Vəliyev “İçirəm mən”, İlqar Dəniz “İçirəm”, Elvin Elcan “Kefliyəm”, yenə Elçin Göyçaylı “Mey gətir” oxuyanda sırf həmin regional zavodun gizli reklamını aparırlar.

Amma Fərəcov və Cavidin “Nivalar dəlilərindir”, Fərhadın “Şəhər xuliqanları”, İlqar Dəniz və Orxan Eşqinin “Xuliqanski” və “O yana, bu yana”, Samir Ilqarlı və Tural Sədanın “Avtoşlar”, Fərid Biləcərili və Hakimin “Sür, ay qardaşım”, Məhəmməd Fǝda və Elnur Ağdamlının “Avtoşdur bunlar” mahnıları yol-hərəkəti qaydalarının aşkar surətdə pozulmasına çağırış olduğundan cəza yemələri şərtdir. Hətta yaxşı olar ki, onların sürücülük vəsiqələrinə əl qoyulsun.

Bir də nakam və düşük eşq şərqiləri var. Məsələn, Narana Paşayeva “Əmim oğlu, neylədin?” mahnısı ilə əmisi oğlunu insest şübhəsi altında buraxır, kişinin adına söz çıxarır, Ülviyyə Namazova isə yanıqlı-yanıqlı “Evli insan sevirəm” oxuyur, axırda da klipdə camaatın ailəsini dağıdır. Ona Azəri oğlu Cəfər “Evli qadın sevirəm” mahnısı ilə cavab verir, amma yaxşı ki, ad çəkmir, yoxsa, kriminal xəbərlər bülletenində belə bir xəbər başlığı da oxuyardıq: “Evli qadınla intim ilişkisi olan gənc müğənnini yortdular”.

Dərya Eyvazovanın “Nə gedər” mahnısının sözləri və melodiyası bir şey olmasa da, hovuz qırağında 4 qızla birlikdə çəkdirdiyi klipdə göz oxşayan mənzərələr var.

Oxuduqlarının demək olar ki, hamısı bayağı şeylər olan və bayağılıq reytinqində birinci yeri tutan İlqar Dəniz və Orxan Eşqinin “Qız tuturam” mahnısı, deyəsən, çay və ya göl qırağında, balıq tutduqları yerdə yazılıb.

Sözü gedən, özü getməyən siyahıda elə mahnılar var, adlarını burada yaza bilmirəm, eldən ayıbdır. Onları internet resurslarında dinləyənlər isə şərh bölümündə “super”, “bomba”, “əla”, “efir”, “zor” kimi təriflər yazıblar.

Bunlar təkcə pozğunluğun, əxlaqsızlığın, avaralığın təbliği deyil, həm də zövqsüzlüyün, səviyyəsizliyin, savadsızlığın tam özüdür.

“Sona bülbüllər”dən, “Yar bizə qonaq gələcək”dən, “Dərələr”dən, “Apardı sellə Saran”dan, “Nəğmə dolu bir ürəyəm”dən, “Eşqimə şahid zaman”dan, “Gəl, ey səhər”dən, “Cavan olmam bir də mən”dən, “Bu ayrılıq nədən oldu”dan, “Nə gəlməz oldun”dan, “Qal, sənə qurban”dan enib gəlib yuxarıda adlarını çəkdiyim və çəkmədiyim mahnıların yer aldığı plintus səviyyəsinə, belə bir epoxaya düşmüşük.

Bir zamanlar müğənnilər oxuyardı:

“Yazın, baharın nəfəsi var gülüşündə,
sevib-sevilmək həvəsi var gülüşündə” .

İndi belə oxuyurlar:

“Ona elə bir dağ çəkərəm,
Qalar partdıya-partdıya…”

Ta hessad. Zövqlər ildən ilə-ilə zaylaşır. Gələn il bunlara şükür edəcəyik. Yazın bir yerə.

P.S. Müjgan Ayxanın “Rəisim” mahnısı şedevr olduğundan siyahıya salınmayıb.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости