Свобода людям, независимость нациям!

Ana dilindən kəsilmək

1664 01.04.2023 10:22 Колумнисты A A

“Mələkdən bərk şey mələkül-mövtdür ki, mələki qəbzi-ruh edir. Hı ... gülərsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mələkül-mövtdən də bərk olan şey bilirsiniz nədir? Ölümdür, ölüm! Hı ... gülərsiniz! (Dəxi də hirsli). Bəs bilirsiniz ki, ölümdən bərk şey nədir? Bilirsinizmi, ey lüğət yazanlar?... Ölümdən bərk şey xudavəndi-aləmin əmridir ki, lazım olan yerdə ölüm varid olur, lazım olmayanda olmur”

(Mirzə Cəlil, “Anamın kitabı”)

Uşaqlar şikayətlənir ki, imtahanda suallar çətin olmuşdur. Hətta buna görə Dövlət İmtahan Mərkəzinin qabağına gedib etiraz aksiyası keçirmişlər. Deyirlər axı necə olur, ingilis dilindən, riyaziyyatdan suallara qısa müddətdə, asanlıqla cavab yazırıq, ancaq Azərbaycan dilinə çatanda ilişirik. İnsan da öz ana dilindən kəsilərmi?

Doğrudan da bizim ana dili işimiz çox çətindir. Məsələn, indi sizə bir sitat verəcəyəm, görün bunu oxuyanda nəsə başa düşürsünüzmü: “Qeyd edilib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi (Agentlik) və tabeliyində olan qurumlarda (seçmə qaydada) 2022-ci ilin iş Planına uyğun olaraq keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri peşə təhsilinin təşkili, təlim fəaliyyətinin həyata keçirilməsi, həmçinin qəbul edilmiş strategiya və planların icrası istiqamətində ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, eləcə də mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının tərtibinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb”.

Şəxsən mən bu abzası iki gündür dərk etməyə çalışıram, heç zad çıxmır. Halbuki adam dilində bir cümlə yazmaq olardı ki, Hesablama Palatası peşə təhsili Agentliyində yoxlama aparıb, yeyintilər aşkara çıxıb. Ancaq, yox, niyə elə yazılsın? Bəs möcüzə? Bəs mistika? Dərinlik hanı e, dərinlik!? Cümləni mümkün qədər elə quraşdırmalısan ki, oxuyanın anası ağlar qalsın, gözü təpəsinə çıxsın, yediyi burnundan gəlsin, üzünü cırsın, qarnına şiş soxsun və sairə. Hətta bu müsibətdən sonra da sağ qalsa gedib özünü bulvarda dənizə atsın.

Nəsə, bu dil teması çox uzundur, qalsın başqa vaxta, indi bulvar yazdım, ağlıma belə bir şey gəldi: güllə ilə vurulan deputatın vurulmazdan qabaqkı ən son açıqlamasına niyə diqqət edilmir, axı həmin açıqlama bulvar haqda olmuşdu! Bildiyimiz kimi, deputat Razi müəllimə bulvarda intervü verməyə qadağa qoyulmuşdu. Bunu hamı tənqid elədi, o cümlədən vurulan deputat. Hətta axırda bulvarın mühafizə xidmətinin başçısını işdən çıxardılar. Deməli bizdə nəsə yazanda, tənqid edəndə nəticəsi olurmuş.

Yeri gəlmişkən, bulvarın özünün ayrıca mətbuat xidməti vardır. Avtovağzalın mətbuat xidmətindən sonra bunu xüsusi qeyd etmək borcumuzdur. Kaş Həsən bəy Zərdabi bu günləri görəydi, ürəyi açılardı. Bəlkə qəzetinin adını dəyişib “Gəzinti” qoyardı - bulvarın şərəfinə.

Sonda bir təkzib: “31 mart 2023-cü il tarixli yazınızda Hacı Xaliq Bəşər haqqında reallıqdan və həqiqətdən uzaq, qeyri-obyektiv, əvvəldən sonadək iftira, böhtan, şantaj xarakterli məqalə dərc elətdirmisiniz. Əvvəla, mən heç vaxt AR cinayət məcəlləsinin 178 (dələduzluq) maddəsiylə məhkum olunmamışam. Şəxsi karyeramda nəinki məhkumluq, heç inzibati xəta qaydasında 10 manat məbləğində cəriməm belə yoxdur. Barəmdə heç bir yerdə DTX-da, DİN-də, DSX-da və AR baş prokurorluğunda cinayət işi açılmayıb. 2017-ci ildə Ədliyyə Nazirliyinin mayoru Telman İbadovun cinayət işi ilə bağlı şahid qismində dindirilmişəm. Bu cinayət işinin mənimlə heç bir aidiyyəti olmayıb. Yazdıqlarımın hamısı təkzibolunmaz hüquqi sübutlardır. AMEA-da isə heç vaxt, heç kimə qarşı dələduzluq etməmişəm... Barəmdə yazdıqlarınızın hamısı iftira, şantaj və böhtandır. Xahiş edirəm, zəhmət olmasa təkzib verin!!! Hörmətlə, Beynəlxalq Elm və Mədəniyyət Mərkəzinin sədri, h.e.d., prof. sizin Hacı Xaliq Bəşər”.

P.S. Xaliq müəllim həyatda qazandığı titul və sairənin uzun siyahısını sadalamışdı, təəssüf ki, qəzetdə hamısını yazmağa yer olmadı. Mən özüm də, sözgəlişi, liberal-bozqurdam. Hamınıza bu əziz 1 aprel günündə gülüş və sevinc arzu edirəm, ilahi, amin.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости