Свобода людям, независимость нациям!

Amazonlar üçün zona

1290 02.04.2024 10:31 Колумнисты A A

Vasif müəllim Naxçıvanda taxtdan salınandan sonra ərazidən parlaq xəbərlər almaqdayıq. 4-5 gün qabaq belə xəbərlərdən biri hətta Britaniya mətbuatında - ünlü “Qardian” qəzetində dərc edildi. Yazıda Naxçıvanda amazon qadınların qəbrinin tapılmasından danışırlar. 

Bettani Hyuz adlı ingilis tarixçi zənən vardır, gəlib Naxçıvan şəhərinə, qədim nekropolu (hesab elə pir) qazıb, oradan döyüşçü zənənlərin skeletini çıxardıb. Bunu belə isbat edir ki, zənənlərin barmaq sümükləri əyridir, sanki daim ox yayının ipini çəkməklə məşğul olmuşlar. Həmçinin qəbirdə mərhumələrin böyrünə bürünc qılınc, toppuz, ox kimi şeylər qoyulub. At çapdıqları üçün omba sümükləri genişlənibmiş. Bəzi döyüş yaraları da varmış sümüklər üzərində. (Hərçənd Vasif müəllim ərazidə xan işləyən dövrlərdə belə yara ilə dəfn edilənlər çox olmuşdur, lakin biz arxeologiyamızın inkişafına, bölgəyə turist cəlb etmək imkanlarına mane olmayaq və qaşınmayan yerdən qan çıxarmayaq. Keçənə güzəşt deyərlər. Qız yükü, duz yükü. Naxçıvanın qızı, duzu, qarpızı. Ya xan ölər, ya eşşək).

İngilis alimlərin ilkin mövqeyinə görə, bu məzarların haradasa 4 min il yaşı vardır, bürünc dövrünə aiddir. Mümkündürmü? Əlbəttə. Oralar qədim yurddur, bunu hamı bilir. Elə Vasif müəllim sağlığında (vəzifəlini ya öldür, ya işdən çıxart - el məsəlinə əsasən yazıram) Nuh peyğəmbərin məzarını aşkara çıxarmış, üstündə kamali-ədəblə qəbir daşı qoydurmuşdu. Sübut eləmişdi ki, Nuh qətiyyən əfsanəvi şəxsiyyət-filan deyil, real insan olub, Ordubadın Kələki kəndində yaşayırmış, sonra 4 iyunda güclü yağış yağıb, gəmiyə minib Arazla üzüb Salyan tərəflərə. 

Məsəl üçün yazdım - Nuhun qəbri haqda rəsmi versiyanı dəqiq bilmirəm. Örnək üçün, bir adamın Nuh olduğunu məzar, sümük əsasında necə müəyyən etmək olar? Yenə İsa olsa deyərsən çarmıxın yerləri qalıb. Yəqin Nuhun qəbrindən də islaq paltar tapılıb. Bizim tarix elmində belə kəşflər çoxdur. 

Vaqif Mustafayevin “Fransız” filmində belə səhnə var: bir nəfər gözlüklü, tumançaq adam gəlir, Yaşar Nurinin qəhrəmanı soruşur ki, sən kimsən, alə, adam deyir Dədə Qorqudam. “Yaşar” qımışır, deyir: “Heç sən görkəmdə Dədə Qorqud olar?” Adam haqlı olaraq deyir: “Dədə Qorqudu görmüsən bəyəm?”

Qayıdaq amazonların Naxçıvanda tapılmasına. Prinsipcə, qadın döyüşçülər qəbiləsi - amazonlar haqda qədim yunan miflərində onların Qafqaz bölgəsində yaşadığı göstərilib. Guya bu qadınlar ildə bir dəfə dağdan enir, ətraf qəbilələrin kişiləri ilə əlaqəyə girir, sonra öz yerlərinə çəkilirdi. Doqquz ay sonra doğulan qız uşaqlarını özlərinə saxlayır, döyüşçü kimi böyüdürdülər, erkək uşaqları isə öldürürdülər. Elə qəbilənin adının qədim farsca “həmmə zən” - “hamısı qadınlardan, zənənlərdən ibarət” ifadəsindən yaranması versiyası var. Yəni, biz indi “hamısı zənən” deyəndə əslində “amazon” sözünü işlədirik. 

Ancaq mövzunun bir ironik, tragikomik cəhəti də var. Qədimdə qadın döyüşçülərin hər mənada at oynatdığı bu ərazilərimizdə indi qız uşaqları doğulmadan, UZİ ilə qətlə yetirilir. Azərbaycan keçən il bu selektiv aborta görə dünyada 1-ci yeri tutmuşdu. Bu, bizim xalq olaraq üz qaramızdır. 4 min il qabaq amazonların yaşadığı ərazidən, 4 min il sonra UZİ-abort qurğuları tapılacaq. 

O cümlədən mənə aydın deyil ki, “aslanın erkəyi, dişisi olmaz”, “hər kişinin oğlu olar, igidin qızı” kimi ata sözləri olan yurdda hansı yad küləklərin təsiri ilə “qız yükü, duz yükü”, “qızını döyməyən dizini döyər” kimi pis məsəllər yaranıb? 

Amazonların yuxarıda yazdığım dağdan enmə tədbirini isə indi tərsinə, Rusiyadan ildə bir dəfə gələn ərlər həyata keçirir. 

Hər gün xəbər lentində döyülən, öldürülən qızlar, gəlinlər, arvadlar... Sayını itirmişik. Adiləşib artıq. Məncə, arxeoloqlar nədəsə yanılırlar. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости