Свобода людям, независимость нациям!

Allahın qəzəbi

2037 29.06.2022 09:50 Колумнисты A A

“Dedilər: - Ol xudayi-biminnət

Harda görmüşdü min tümən rüşvət?"

(Seyid Əzim Şirvani)

Uşaq pulu işində ciddi irəliləyiş vardır, bu münasibətlə Azərbaycan müxalifət platformasını təbrik edirəm. Təzə doğulan uşaqlara verilən müavinətin illik büdcəsi 20 milyon manatdan 24 milyon manata qaldırılacaqdır. Bu haqda zəhmətkeşlərimizə Milli Məclisdən xəbər verilmişdir. Gilas haqda qanunun müzakirəsindən, öz maaşlarını artırandan sonra deputatlar dərindən nəfəs alıb bu qərarı qəbul etmişlər.

Çox insaflı, ədalətli qərardır. Davamlı sosial siyasətimizin təzahürüdür. İlin əvvəlində hər doğulan uşağa görə pul 200 manatdan 300 manata qaldırılmışdır. Nəticədə uşaq doğumuna, əhali artımına müsbət yanaşma hiss edilir. Zəhmətkeşlərimiz, türkün sözü, dizini yerə atıb uşaq əkməklə məşğuldur. Bu dəqiqə uşaq əkinçiliyi istənilən digər təsərrüfat üsullarından daha səmərəlidir. Məsələn, tutalım sən pomidor əkdin, onu da cücü yedi, Rasiya sərhədi bağladı, gübrə bahalaşdı, parnikin qazı kəsildi, qaişnik yolda maşına mız qoydu, nə bilim, sel gəldi sahəni basdı. Nə xeyrin olacaq? Aldım qoz, satdım qoz. Ancaq uşaq işində yaxşı qazanc var. İldə hər uşaqdan 300 manat gəlsə, 20 il davamlı uşaq əksən, 6 min manat eləyir. Ye, iç, kef elə. Üstəlik, prosesin özü də maraqlıdır, xoşagələndir. Buna görə də hökumətə dərindən minnətdarıq, çünki bəzi başqa ölkələrdə insanlar heç uşaq əkinçiliyi işindən ləzzət ala bilmir. Yeganə Niger-də xalq bu işə maraqlıdır, hər qadın orta hesabla 7 uşaq doğur.

İndi görüm bizim cırtqoz müxalifətçilər “Uşaq pulu!” şüarının yerinə nə söz tapacaqlar. İstədiyin yar idi, yetirdi pərvərdigar. Doğrudur, onlar hər ay uşaq pulu istəyir, bu isə birdəfəlik ödənişdir, lakin sənə kim deyir o 300 manatı dərhal xərclə, başına daş sal? Lazımi yerlərə investisiya qoymaqla, Ələt Azad Ticarət zonasında, Bakı Formula-1 yarışlarında, Qarabağ qızıl yataqlarında, canım sənə desin, Kürqırağı zonalarda istifadə edərək pulu artırmaq, faizi, gəliri ilə yaşamaq olar. Uşağın pulunu dərhal verib niyə qudurdursan? Rokfeller hər uşağına təzə velsəbet almazmış, deyirmiş balaca yekənin velsəbetini sürsün. Belə-belə camaat uşağı əməyə, faydalı olmağa öyrəşdirir. Yaxşı oğul neylər ata malını?

Ümumiyyətlə, bizdə hökumət humanistdir, hər insanın qayğısına qalmağa çalışır. Odur, Laçında təzə yol çəkirik. Kimin üçün? Qarabağ erməniləri üçün. Bizə fərqi yoxdur Azərbaycan vətəndaşının milliyyəti nədir. Hər kəsin yolunu düzəldəcəyik. Təki vətəndaş yolagələn olsun, ictimai-siyasi sabitliyə əməl eləsin.

Adamın üstündə Allah var. Nainsaf danışmağın, xaricdən maliyyələşən qara qüvvələrin toruna düşməyin anlamı yoxdur. Şər atanların axırını görmüşük. Bax, son həftələr bəzi destruktiv qüvvələr Allahın təhqir edilib söyülməsi haqda söz-söhbətlər yaydılar. Xeyrimiz nə oldu? Heç nə. Hidromet... Qısası, hava idarəsinin müdirəsi Umayra xanım xəbər verir ki, bəzi rayonlarda sel gözlənilir. Kür daşacaq.

Təsəvvür elə. Bir ara Kür nə təhər qurumuşdusa, Xəzər üzü yuxarı axırdı, az qalmışdı suitilər Tiflisdən çıxsın. İndi isə çay daşır. Hər gün orada-burada sel-su millətin ev-eşiyini, paltar-palazını yuyur. Bəzi rayonlara armud boyda dolu düşür. Hamısı o təhqir temasının nəticəsidir.  Şeyxin idarəsi nə qədər təkzib göndərdisə də, yuxarılarda açıb oxuyan olmadı. Allah-təala qəzəblənibdir. İstəyir çiçəklənən respublikamızı yuyub aparsın. İndi mən yuxarılara yanlış informasiya göndərən o şəxslərə üzümü tutub demək istəyirəm: sizə bu lazım idi? Xeyriniz budur? İmkan verin camaat yaşasın.

Nə qədər adam var, əkdiyi uşağın çıxmağını gözləyir. Dezinformasiya yaymaq olmaz. Allah-təalaya düz xəbər getsə, bəlkə oradan da uşaq puluna artım gələcəkdi, ikiqat sevinərdik.

 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости