Свобода людям, независимость нациям!

Alimpaşa müəllimin qiyməti bilinməyən sənətkarlığı

1531 28.09.2023 13:02 Колумнисты A A

Dünya mədəniyyətində xüsusi, radikal cərəyanlar var, adına qısaca “aksiyaçılar” demək olar. Bunlar ənənəvi, klassik sənət ölçülərini qırıb-dağıdır, hərəkətlərdən, adi əşyalardan, adi səs-küydən incəsənət yaratdıqlarını iddia edirlər. Məsələn, hələ 20-ci əsrin əvvəlində bir bəstəkar Bakı zavodlarının fit səsini lentə yazıb bunun musiqi nömrəsi olduğunu söyləmişdi. Moris Düşan adlı rəssam unitaz növü olan pissuarı sərgiyə “Fontan” adıyla göndərmişdi. İt kimi küçədə hürən, öz nəcisini konservləşdirib satan, sözün əsl mənasında yumurtalıqlarını Qızıl meydana mıxlayan... hər cür belə dəli sənətkara rast gəlinir. Bu mövzuda 2020-ci ildə çəkilmiş “Dərisini satan adam” filmi var. Tunisli rejissorun real həyat faktları əsasında çəkdiyi kinodur.

Sözgəlişi, bizdə sözlərini Hüseyn Arifin yazdığı, vaxtilə Gülağa Məmmədovun oxuduğu “Şeir deyilmi” mahnısı təxminən elə bu aksionizm, sənətdə performans mövzuları haqdadır. Sözü aşığa verək, aldı görək nə dedi:

“Məndən təzə şeir xəbər alan dost,

Bəs yazın gəlməsi şeir deyilmi?!

Çıxanda gəzməyə-çölün, çəmənin

Üzünə gülməsi şeir deyilmi?"

Bugünlərdə isə Danimarkada maraqlı hadisə törədilib. Olborq şəhərindəki Çağdaş İncənət Muzeyi Yens Haaninq adlı rəssamı məhkəməyə verib. Səbəb isə Haaninq-in muzeyə qarşı... dələduzluq etməsidir.

Demək, bu qardaş qabaqlar 2 dəfə pullardan istifadə edərək rəsm əsəri düzəldib. Birinci dəfə 25704 avronu çərçivəyə salıb, “Avstriyada orta illik gəlir” adıyla nümayiş etdirib. İkinci dəfə isə 278500 Danimarka kronunu “Danimarkada orta illik gəlir” adıyla sərgiyə göndərib. Hər iki halda əsl pullar kətan üzərinə yapışdırılıb, çərçivəyə salınıb. Vəssalam, rəssamın sənətkarlığı yalnız bundan ibarətdir.

Olborq muzeyi də bu “rəsmlərdən” həvəslənərək Haaninqə oxşar mövzuda əsər sifariş verib, 530 min kronu (83 min dollar) göndəriblər. Gözünə döndüyüm rəssam isə pulları əkişdirib, muzeyə yalnız ağ kətan göndərib. Altında isə əsərin adını yazıb: “Pulu al, aradan cır”.

Muzey abrına qısılıb, əsəri nümayişə çıxarıb, lakin rəssamı da məhkəməyə veriblər. İndi hakim qərar verib ki, rəssam qonorarını (təxminən 6 min dollar) çıxmaq şərtiylə qalan pulları muzeyə qaytarmalıdır. Hələlik rəssamın hökmə reaksiyası məlum deyil. Dünya mediasında isə Haaninqə haqq qazandıranlar çoxdur. 

Açığı, bu əhvalatla eyni gündə Şəmkirin keçmiş icra başçısı Alimpaşa müəllimə prokurorun 13 il həbs istəməsi qəribə paralellər aparmağıma səbəb oldu. Alimpaşa müəllim bir neçə milyon manatlıq yeyinti, rüşvət kimi maddələrlə suçlanır. Bəlkə bu da onun sənətkarlığı imiş? Yeri gəlmişkən, Alimpaşa müəllimin incəsənətə biganə olmadığı əski zamanlarda romantik-sentimental hayqırtılarından da xalqımıza yaxşı məlumdur. Türmədə şeir yazdığı söylənmişdir.

Yaxud bəlkə eks-nazir Səlim müəllim sobezi yeyib dağıdarkən aksionizm nümayiş etdiribdir və bu işdə ona şair Əjdər Olun yardımı təsadüfi deyildir? Cahangir Hacıyevin Beynəlxalq Bankı sovurması müasir incəsənət sayıla bilməzmi? Doğrudur, onun əsərinə “Pulu al, türməyə düş” adı qoyulmalıdır.

Həyatdır, həyatda nə desən olar. Sənətkarlarımıza yeni yaradıcılıq uğurları diləyirəm. 

P.S. Bakı Müasir İncəsənət Muzeyi mənə 90 min manat göndərsə, “Deputatın illik maaşı” adlı rəsm əsəri qayıra bilərəm. Bəd ayaqda 9 manata da razıyam - “Brokkolinin kilosu” adlı rəsm düzəltmək üçün. İdeyalarım çoxdur, sponsorluq edən yoxdur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости