Свобода людям, независимость нациям!

Ailəvi nökərçilik

1937 13.01.2023 09:43 Колумнисты A A

“El üçün ağlayan göz kor olar”

(ata sözü)

Öncə mən hörmətli oxucularıma məsləhət görürəm bu gün evdən bayıra çıxmasınlar. Çünki yanvar ayının 13-ü, üstəlik, cümə günüdür. Ayın 13-ü cümə gününə düşəndə cəhənnəmdən yer üzünə xüsusi qapı açılır, şeytanlar və əcinnələr həmin VİP keçiddən maneəsiz dünyamıza doluşurlar. Tarixi təcrübə göstərir ki, 13-ü cüməyə düşəndə rüşvət almaq, yaltaqlıq eləmək, yalan danışmaq, ev yıxmaq, yetimin çörəyini qapazlamaq tipli ictimai fəaliyyətlərə ara verməliyik. Həmçinin bu gün 12 yaşlı qızları ərə vermək də qəti qadağandır.

İndi keçək həlli vacib digər mövzulara. Birinci mövzu budur ki, xalqımız məmurlarını bəyənmir, lakin onlar öz ömürlərini xalq yolunda məşəl edir, hətta ailə-uşaqlarını bizim üçün işlədirlər. Biz bəzən etibarsız şəkildə bundan çox gec xəbər tuturuq. Məsələn, götürək elə Vasif Talıbovu (qrıjası olanlar qırağa dursunlar). Vasif müəllim vəzifədə çalışarkən biz onun xalq üçün bu qədər ailəvi əziyyət çəkdiyini qətiyyən ağlımıza gətirməzdik. Uzağı elə fikirləşirdik bir oğlu Naxçıvan Ali Məclisində deputat və yerli universitetdə prorektordur, o biri oğlu da Bakıda miqrasiya idarəsində rəisdir. Bir ailədən 3 nəfərin xalqın qulluğunda durmasına bəlkə dözmək olardı. Lakin sən saydığını say... İndi ortaya çıxır ki, Vasif müəllimin qızı “Naxçıvanbank”da müşahidə şurasının üzvü, qardaşı Naxçıvan prokurorunun müavini, kürəkəni polisdə mayor, qudası təcili yardımda baş həkim, qudasının qardaşı yerli səfərbərlikdə rəis, yenə qudası daxili işlər naziri, başqa qudası deputat, bacısının əri yerli gömrükdə sədr müavini, həmin yeznənin qardaşı sosial müdafiənin rayon şöbəsinin müdiri işləmişdir. Bunlardan bəziləri, deyəsən, artıq istirahətə göndərilib.

Hətta Vasif müəllim qayınanasını belə evdə oturub nəvələri ilə oynamağa qoymurmuş, qovurmuş ki, get xalqa xidmət elə! Nəticədə yazıq qadın uzun illər Naxçıvan VVAQ-ın (el dilində yazsaq zaks) müdiri işləməyə məcbur olubdur.

Hələ bu harasıdır, Vasif müəllimin oğlu Seymur müəllim eyni zamanda Naxçıvan Şahmat Federasiyasının sədri idi. Onun uğurlu fəaliyyətini görən Azərbaycan Şahmat Federasiyasının sədri Elman Rüstəmov 2019-da Seymur müəllimi AŞF vitse-prezidenti təyin etmişdi. Ömür, daha doğrusu, vəzifə vəfa etsə, Seymur müəllim Naxçıvanın Nyu Vasyuki kəndində qalaktikalararası dünya çempionatı keçirmək fikrində idi.

Mənim naxçıvanlı dostlarım danışır ki, bəzən Vasif müəllimin ailəsində toy, ad günü, cürbəcür xeyir-şər mərasimlərində məclisə qohum-əqrəbanı yığmaq mümkün olmurmuş. Hamısı iş başında, xalqın qulluğunda durduqları üçün. Ailə üzvlərini işdən ayırmaq üçün Vasif müəllim bir neçə dəfə ümumrespublika tətili elan etməyə məcbur qalmışdır. Biz isə belə ailənin qədrini bilmədik. İndi hara baxırsan, nankor adamlar görürsən.

Sonda daha bir vəzifəli şəxsin başına gələn əhvalatı şərh etməyə zərurət duydum. Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevə prokurorluq cinayət işi açmışdır. Rafail müəllimin “2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib”.

Doğrusu, mən “musiqi kolleci” ifadəsi altında nə durur, bilmirdim, internetdə tapıb baxdım. Orada yazmışdılar ki, Rafael müəllim 2019-cu ildə bu vəzifəyə keçmək üçün 200 min manat rüşvət veribdir. Görünür, bu pulu çıxartmaq istəyirmiş. Lakin bu, problemin bir tərəfidir. O biri tərəfi odur ki, kollecdə instrumental və xalq çalğı alətləri ifaçılığı, xanəndəlik, aşıq, vokal sənətləri üzrə təhsil verilir. Əgər bir tələbə mahnı oxumağı bacarmırsa, diplom almaq üçün direktora rüşvət verirsə, o sənəd axırda onun nəyinə lazımdır? Saxta diplomla aşıq, tarçalan, nə bilim, manıs olmaq mümkündürsə, mənim uca xalqımıza daha sözüm yoxdur.

Yəqin indi adamı toya çağırmağa diplom istəyirlər. Vasif müəllim də belə xalq üçün canını, ailəsini qurban verirdi... Dəyməzmiş.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости