Свобода людям, независимость нациям!

Ailə qurmaq istərkən zorlama üstündə həbsə düşmək...

2463 30.05.2024 09:50 Колумнисты A A

 

Üç il əvvəl Ağcabədi rayonunda 18 yaşlı qızı evlənmək məqsədilə zorla qaçıran oğlana və ona kömək edən 5 nəfərə kəsilən cəza, söz yox ki, çox ağırdır. Bir nəsildə nə qədər başıpapaqlı var (ata, əmi, dayı, oğul), hamısına həbs cəzası kəsilib – 10-13 il. Hələ qızqaçırma olayında birbaşa iştirak edən iki qadın da cəzalandırılıb. Məhkəmə onların qadınlığını nəzərə alıb, humanist davranıb, içəri göndərməyib.

Beləcə, uzaq qohumlar olan iki ailə qohumluqlarını yaxınlaşdıracaqları yerdə ömürlük düşmənə çevriliblər. Çünki məqsəd qohumlaşmaq, iki gənci evləndirmək olsa da, ortada riza, könüllülük olmayıb, təşəbbüskar tərəf öz məqsədinə vəhşi üsullarla çatmaq istəyib, nəticədə ağır cinayətlər törədilib – girovgötürmə və zorlama.

Belə cinayətin də bu cür ağır cəzası olur.

Rayon yerlərində bu cür vəziyyətlərdə bir qayda olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfləri barışdırmağa çalışır, münaqişənin məhkəmə və həbsxana ilə bitməsindən ötüşmək yolu tuturlar. Ancaq bu dəfə zərərçəkən tərəf özünü haqlı olaraq necə təhqir olunmuş sayıbsa, heç cür barışığa gəlmək mümkün olmayıb.

Nəticədə təzəbəy olası oğlan ömrünün ən yaxşı vaxtlarını türmədə, həm də Allah bilir, hansı şərtlər altında keçirəcək.

18 yaşlı qızın oğurlanmasına və zorlanmasına şərait yaratmış atanın, əminin, dayının halı necə olacaq, kim bilir. Onların hərəsi bir ailənin başçısıdr. Ailələri nə zülm-zillətə düşəcəklər. Hələ zərərçəkən tərəfə, necə deyərlər, bir ətək pul da ödəməlidirlər.

Bütün bu faciəvi durum bir cavan oğlanın ağılsızlığının, qızmışlığının nəticəsi deyil, bu məsələdə ağıllı hərəkət edən bir nəfər belə olmayıb. Ata bu işə qol qoyurdusa, əmi çəkindirməliydi, onlar höcətlik edirdisə, dayı “etməyin, eləməyin” deməliydi. Heç biri cinayətin törədilməsinə qarşı olmayıb, hamısı bu işdə kollektivcəsinə, qəbilə təfəkkürü ilə iştirak edib.

Güman ki, həbsə düşən qohumlar zərərçəkən nəsllə prinsipə düşüb, intriqaya girib, “xoşluqla vermirsiniz, görün, o qızı necə aparırıq” havasına uyublar. Elə zərərçəkən tərəf də intriqaya düşüb, “iş ki belə oldu, namusumuza sataşdınız, sizin hamınızı tutdurmasaq, bizi belə-belə olaq” deyib, sona qədər gediblər.

Ortada isə irz-namus söhbəti var. 18 yaşlı qızın nəinki onu qaçıran oğlana meyli, könlü olmayıb, belə anlaşılır ki, hətta nifrəti olub.

Bu cür ailə qurularmı? Bu yolla qurulan ailənin axırı necə olar? Adamlar heç qəzet, sayt oxumur, televizora baxmırlarmı, görmürlərmi, qarşılıqlı razılıq əsasında, sevgi-məhəbbətlə qurulan, təmtəraqlı toy büsatına 4-5 yüz adamın yığışdığı yeni ailələrin hər üçündən biri 1-2 ildən sonra dağılır, belə olan halda zorakılıqla qurulan ailə necə uzunömürlü ola bilər.

Görünür, hamının ağlı köhnə vaxtlara gedir. 5-10 il öncəyə qədər öz razılığı ilə qoşulub qaçan qızlarla yanaşı, zorla qaçırılan qızlar da olurdu, amma qaçırılma olayının üstündən bir sutka keçəndən sonra zərərçəkən tərəf acı fakt qarşısında qalaraq taleyi ilə barışır, şikayətçi olmurdu.

İndi elə deyil. Artıq nə qaçırılan qızlar, nə də onların valideynləri “qaçırılmış qız” töhmətinin altında əzilmək istəmirlər. Əvvəlki vaxtlardakı “el nə deyər, əldən alınmış qıza kim yiyə duracaq” deyə fikirləşənlər çox azdır. İndi adamlar bu cür hallarla üzləşəndə şikayətçi olurlar, təcavüzkarın və ona kömək edənlərin ağır şəkildə cəzalandırılmasını tələb edirlər və nəticə də belə olur.

Deməli, bu kimi ailəqurma üsullarından birdəfəlik imtina edilməlidir. Bu, yaxşı yol deyil, ən pis variantdır. Hətta ailələrin dil tapa bilmədiyi, bir-birini sevən gənclərin qovuşmasına izn vermədiyi hallarda da tərəflər elə davranmalıdırlar ki, iş sonradan hüquq-mühafizə orqanlarına, məhkəməyə düşməsin, peşmançılıq olmasın.

Nə yazıq ki, Şərq ölkələrində bu kimi geridəqalmış, müasir həyatla uzlaşmayan, qanunlarla təqib olunan əməllərdən əl çəkmək istəmirlər. Bir sıra ölkələrdən gələn xəbərlər göstərir ki, hələ də insanlar nə düz-əməlli ailə qura bilirlər, nə də ailə həyatı alınmayanda salamatlıqla boşanmağı bacarırlar. Hər il Türkiyədə onlarla kişi boşadığı qadını öldürür və ya ağır yaralayır, yüzlərlə kişiyə məhkəmə tərəfindən keçmiş ailəsinə yaxınlaşmamaq qadağası qoyulur.

İnsanlar anlamaq istəmirlər ki, birlikdə yaşamaq məsələsi yalnız iki tərəfin qarşılıqlı rizası əsasında mümkün olan işdir, nə zaman tərəflərdən birinin üzü döndüsə, fikri dəyişdisə, məsələ bitdi deməkdir, iki mədəni insan kimi hər kəs öz yoluyla getməlidir. Qərb insanları bunu çoxdan anlayıblar. Şərq insanı da anlamalıdır.

P.S. İnşallah, həbsxanada nəzərə alarlar ki, 24 yaşlı oğlanın məqsədi ailə qurmaq olub.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости