Свобода людям, независимость нациям!

Ailə podratı

1694 22.11.2022 09:40 Колумнисты A A

 

“Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri ilə müxtəlif vaxtlarda Yasamal və Nəsimi rayonlarında, marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş - Elnur, Faiq və Ruslan Süleymanovlar müəyyən olunaraq saxlanılıblar”.

Bugünlərdə bu xəbəri saytda oxuyanda dərin fikirlərə qərq oldum. Gör nə qədər ailəvi peşəyə yiyələnmişlər... Sovetin dağılana yaxın vaxtlarında Qorbaçov təzə bir hoqqa kəşf etmişdi, adını “ailə podratı” qoymuşdular. Guya müəyyən qrup ailələrə kiçik biznesdə, kənd təsərrüfatında şəxsi təsərrüfat qurmağa icazə verilmişdi. İndi isə dövlətçiliyimizin inkişafı, iqtisadi dirçəlişimiz ailə podratının müxtəlif sahələrdə tətbiqinə yaşıl işıq yandırır.

Ancaq antiinhisar komitəsi üçün maraqlı faktdır. Əgər bir ailədən 3 qardaş telefon oğrusudursa, deməli, nəsə düz getmir. Yaxşı olardı böyük qardaş oğru, ortancıl qardaş korrupsioner, kiçik qardaş isə bələdiyyə üzvü olsun. Milli mentalitetimiz, el adətlərimiz, folklorumuz da bu cür tələb edir, məsələn, nağıllarda necə olurdu? Böyük qardaş ağacın dibində yatırdı, cavanlıq almasını gömrüyün divləri gəlib aparırdı. Ortancıl qardaş da ondan betər avara, yarıtmaz çıxırdı, yalnız kiçik qardaş - şərti olaraq onu Məlikməmməd adlandıraq - barmağını kəsib duz basırdı, səhərəcən oyaq qalıb AzTV-yə baxırdı və nəticədə divin canını alırdı, almanı dərib padşah atasına hədiyyə edirdi.

Bəlkə dərin araşdırma aparsaq bu üç qardaşın ata-anasının da telefon əkişdirmə biznesində hansısa əlinin olması aşkara çıxacaqdır. Yenə nostaljiyə dalsaq, qədim zamanlarda “Avara” adlı hind filmi vardı, baş rolda Rac Kapur oynayırdı. Xalqımız o artisti böyük məhəbbətlə sevirdi, hazırda Azərbaycanda “Rac” adlı xeyli insanın yaşaması, biləsiniz, ordan irəli gəlir. Nəsə, həmin filmdən belə bir aforizm məşhur olmuşdu: “Oğrunun oğlu oğru olmalıdır, prokurorun oğlu isə prokuror”.

Ailəvi biznes temasında aktual bir əhvalat da yaşamaqdayıq. Rayonlarımızdan birində hələ sovet dövründə konserv zavodunun direktoru olmuş yoldaş vardı, onu korrupsiya adı ilə, ya da nəsə başqa maddə ilə şərləyib tutmuş, hətta yaddaşım məni aldatmırsa, güllələnmə cəzası kəsmişdilər (açığı, işin detallarını bilmirəm, lakin SSRİ-də ədalət məhkəməsi mümkün deyildi, çünki hakim, prokuror və vəkilin üçünü də hökumət özü təyin edirdi - eynilə bizim yuxarıdakı telefon oğrusu üçlük kimi çalışırdılar). Sonra müstəqillik-zad dövrü gəldi, bu kişinin oğlu yekəlib yekə biznesmen oldu. Milyarder. Mənim bir uşaqlıq dostum demişkən, mırtımilyoner. Fağır “multi” sözünü elə bilir. 

Xülasə, bu övlad ata ocağını unutmadı, gəlib həmin zavodu aldı, başladı bala-bala işlətməyə. İndi isə xəbər çıxır ki, əlaqədar orqanlar oğulun evində-eşiyində yoxlamalara başlamışlar, qurdalayırlar. Ya pulunu alıb kiriyəcəklər, ya da içəri basacaqlar, üçüncü yol mümkün deyilmi? Mümkün deyil. Çünki yuxarıda izah elədim, bizdə sahələr bölüşdürülmüşdür.

Bəlkə mövzumuza dəxli yoxdur, ancaq mən bu cızmaqaranı edən zaman İngiltərə futbol yığması dünya çempionatında İranı darmadağın eləməklə məşğul idi, artıq birinci hissədə üç cavabsız qol vurmuşdular. Mən arzu edirdim ki, ingilislər ikinci hissədə də İranın qapısına azı altı-yeddi top qoysunlar. Bu da belə bir əcaib regiondur - öz qonşunun darmadağın olmasını istəyirsən, çünki ondan namərdlikdən başqa heç bir hərəkət görməmisən.

Çünki namərdlik də İranın inhisarındadır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости