Свобода людям, независимость нациям!

Ahılı kəndinin ağıllı qərarı – Biz onu alqışlayırıq, amma adətlər zəncirini qıra bilmirik

4506 09.01.2024 08:00 Колумнисты A A

Dünən pedaqoq-alim Siracəddin Hacı illərdən bəri aktual olan, ictimai-mənəvi əhəmiyyət daşıyan məsələyə dair yazdığı statusda hüzr məclislərində təmtəraqlı, zəngin ehsan süfrəsi açılmasndan bəhs edib.

S.Hacı Türkiyənin Kastamonu bölgəsinin Ahılı kəndinin sakinlərinin müvafiq məsələnin optimal həllini tapdıqlarını yazaraq qeyd edib ki, bu günlərdə kənd sakinləri ümumi yığıncaq keçiriblər, hərtərəfli müzakirə aparıblar və sonda qərar veriblər ki, bundan sonra yas məclislərində yemək verilməsin.

Bu qərara gələn sakinlər “islahat”larını belə əsaslandırıblar ki, Allahın belə bir əmri yoxdur, Məhəmməd peyğəmbər vəfat edən əzizləri üçün yas məclisi keçirməyib, ehsan verməyib.

Bu məsələnin dini-mənəvi və adət-ənənə tərəfidir. Ahılı camaatı ehsan süfrəsinə çəkilən xərci israfçılıq sayıb, razılaşıblar ki, insanların buna maddi gücü çatmır, borc alıb, kredit götürüb ehsan süfrəsi hazırlayırlar, daha sonra uzun illər borc ödəyirlər. Bunu edə bilməyənlər isə psixoloji sıxıntılar yaşayırlar, özlərini başqalarından əskik sayırlar və s.

İndi Ahılı kəndinin sakinləri istəyirlər ki, bu, bir presedent olsun və hüzr məclisində ehsan verilməməsi qaydası bütün Türkiyəyə yayılsın.

Əslində hələ pandemiyanın ilk vaxtlarında öz ölkəmizdə belə bir qayda qoyulmuşdu və bəzi rayonlarda hələ də ona riayət edirlər. Xüsusilə də Vasif Talıbovun dövründə Naxçıvanda bu qaydaya ciddi riayət olunub. Fəqət bir müddətdən sonra camaat yavaş-yavaş hüzr məclislərində ehsan verməyi əvvəlcə qeyri-leqal şəkildə, daha sonra açıq halda bərpa etdi və bu qaydanın pozulmamasına nəzarət edən hüquq-mühafizə orqanları da “xalqın iradə və arzusu”na anlayışla yanaşdılar. Çünki bu, yerlərdə münaqişələrə səbəb olurdu, hüzr sahibləri itaətsizlik göstərirdilər.

Həttə bəzi kəndlərdə belə bir hadisə olmuşdu: dövlət qulluğunda orta və aşağı ranqlı vəzifələr tutan, şəxsi təsərrüfatları etibarilə varlı-hallı sayılan qardaşların atası rəhmətə gedəndə hüzr məclislərində yüngülvari ehsan (çay-xurma, qoğal, şirniyyat) vermişdilər, onlardan bir neçə ay sonra kəndin kasıb adamlarından birinın anası rəhmətə gedəndə isə o, borca girib hüzrə gələnlərə daha zəngin ehsan süfrəsi açmışdı.

Açığı, bu məsələ ölkəmizdə mənəvi-psixoloji aspektə dayanır. Bəziləri hesab edir ki, dilənçi gününə düşsələr də, öz üzərlərinə “atasına ehsan vermədi” töhməti götürə bilməzlər. İmkanı olanlar da hesab edirlər ki, onların böyüməsində, iş-güc sahibi olmasında əvəzsiz rolu olan valideynləri üçün xeyrat vermək onların övladlıq borcudur. Hər iki halda “el adama nə deyər” fikri əsas götürülür.

Ruhanilər, ağsaqqallar nə qədər “bir stəkan çay da ehsandır” desələr də, xeyri yoxdur, əzizi vəfat edən hər kəs çalışır ki, onun ehsan süfrəsi daha zəngin olsun. Burada bir bəhsləşmə, yarışma, “heç kəsdən əskik kişi olmama” yarışması da var. Bu, zatən, sonradan qazanılmış milli xüsusiyyətlərimizdən biridir. İnsanlar bu müstəvidə özlərinə böyük problemlər yaradırlar – ev tikdirəndə də, avtomobil alanda da, övlad oxutduranda da, onlara toy-nişan edəndə də.

Əslində heç kəs bir nimçə plovun və ya bir stəkan dovğanın acı deyil, rəhmətə gedən şəxsə və ya onun başsağlığı qəbul edən əzizinə ehtiram göstərərək hüzrə gələn heç kəs yemək-içmək hayında olmur, ona bir stəkan çay da kifayətdir. Belə məclislərdə çay verilməsi həm xüsusi bir ortam yaradır, həm də istər-istəməz insanların mayeyə olan ehtiyacını ödəyir.

Təmtəraqlı toy-şənlik keçirmək məsələsində olduğu kimi, “layiqli hüzr məclisi” təşkil etmək də elə bir zəncirə çevrilib ki, kimsə onun bəndini qırmaq, ortaya nümunə qoymaq istəmir. Söz yox ki, bunu yalnız yüksək vəzifəli, varlı adamlar, həm də 10-15-i ard-arda və el-obaya göstərə-göstərə edə bilər. Onlar vəfat edən əzizləri üçün keçirilən hüzr məclislərində zəngin ehsan verməməklə xalqa göstərə bilərlər ki, bax, kifayət qədər pulumuz-malımız var, amma ehsan vermirik, buna xərclədiyimiz pulu uşaq evinə, qocalar evinə veririk.

Bu, ibrətlik nümunə olar və ardı gələr. Heç kəs belə iş tutan milyonçunun ardınca o cür hərəkətlər etməz, etsə də, el qınağına tuş gələr.

Fəqət, burada diqqət yetirillməli iki məqam da var. Biri odur ki, heç bir hüzr sahibi uzaq şəhərlərdən, rayonlardan sayıb onun qapısına gələn qonaqları ac yola salmaq istəməyəcək. Bu, ayıb olar ki, adamın qonağı Lənkərandan durub Qazaxa hüzr yerinə gəlsin, amma qayıdanbaş Şəmkir tərəfdə yolqırağı restoranda nahar etsin. Ona görə də, görünür, uzaq yoldan gələnlərə ehsan verilməsi məsələsi istisna hal sayılmalıdır.

İkinci məqam isə odur ki, Kastamonu bölgəsinin Ahılı kəndinin sakinlərinin bu qərarını düzgün sayan, onunla ikiəlli razılaşan və alqışlayan şəxslər də nümunə olmaq istəməyəcəklər, sabah əzizləri vəfat edəndə mütləq uzaqdan-yaxından gələnlərə ehsan süfrəsi açacaqlar.

Bizim bir çox problemlərimizin həll olmamasının açarı buradadır: təşəbbüskar olmamağımızda, qabağa düşmək istəməməyimizdə, dilə-ağıza düşməkdən qorxmağımızda.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости