Свобода людям, независимость нациям!

Ağsaqqalın videosu

2199 19.10.2023 12:51 Колумнисты A A

Yaxud qaçanlar və qovanlar haqda

Öncə adamı bütöv bir bölgənin ağsaqqalı elan edirlər, çünki pulu çoxdur. Sonra isə ellikcə oturub ağsaqqalın intim videosunu izləyirlər və heyfsilənirlər. O nə alça turşusu, bu nə pəhriz? Adam da heç öz ağsaqqalının intim videolarını izləyərmi? Yaraşan hal deyildir. Gördün belə başlıq var, baxma. Qədim mentalitetimizdə həmişə bu cür olubdur. Ağsaqqal öz yerini, qarasaqqal da öz yerini bilibdir, heç kəs yaşına uyğun gəlməyən videolara baxmayıbdır. Bunlar hamısı şəxsi məsələlərdir. Ayıbdır.

Üstəlik, yaxşı toplum öz ağsaqqalının cikinə-bikinə öncədən bələd olmalıdır, ta videonun çıxmağını niyə gözləyirdilər? Sonra utanmaz-utanmaz gəlib ağsaqqaldan məsləhət istəyəcəklər. Versə heç adam deyil. Bəzi toplumlar məsləhətsiz, yolsuz-yolağasız qalsalar yaxşıdır. Hörmət qarşılıqlı olmalıdır. Şəxsən mən bu el ağsaqqalının bir neçə il qabaq türmədən buraxılışını heç vecimə almamışdım, ortada üfürülüb şişirdilmiş, yalan-palan əhvalat, mif dolaşdığını dərhal anlamışdım. O üzdən nə həmin dövrdə, nə indi bu çirkin mövzuya münasibət bildirmək istəmirəm. Son olaraq, bir daha qeyd edirəm ki, istənilən şəxsin intim dünyasını bu cür müzakirəyə çıxartmaq düşüklükdür.

Beynəlxalq mövzuların müzakirəsi də təxminən belə gedir. Qəfil görürsən hamısı terrorçu təşkilatın müdafiəçisinə çevrilir. Təsəvvür elə, qonşusunun başına bombalar yağdıran, neçə vilayətini xaraba qoyan biri dünən BMT-də iclas çağırmağı tələb edirdi. Ki, dinc əhalini öldürürlər, ay aman, qoymayın. Ona züy tutan isə uzun illərdir şimal bölgəsindəki müsəlman türklər üçün rəsmən islah koloniyası, açıq hava altında həbs düşərgəsi qayırmış dövlət idi. Anekdotdurmu? Təəssüf ki, yox. Başqa planetdə yaşasaq, qıraqdan baxıb gülərdik. Amma içindəyik. Bombanın trayektoriyasından asılıyıq. Azca səhv getsə, hamımız potensial ölüyük.

İnternetdə bir mem var, Adolf müəllimə aiddir. Qısa ifadə eləsək, məzmunu təxminən belədir ki, nəsə zibil iş olubsa mütləq Hitlerdən sitat gətirirlər və Hitler bundan bezib deyir: “Yenə mən?!” Bir növ, artıq Hitlerlə müqayisə siyasi debatların, beynəlxalq müzakirələrin klişesinə, yorucu şablonuna dönübdür və sitat gətirənə şərəf gətirmir. Ancaq nə edəsən? Zalım balası elə “parlaq” həyat yaşayıb ki, hər situasiyaya girən söhbəti vardır. Buyurun, indi sizə bəzi sitatlar verirəm:

“... ABŞ özü son 19 ildə 26 qanlı və zorakı müdaxilə, intervensiya edib, bunların heç birisinə Almaniyanın dəxli yoxdur...

... Mərakeşlilər, bərbərlər, ərəblər, zəncilər və başqaları - onlar hamısı xarici qüvvənin qurbanı olublar, həmin xarici qüvvənin qılınc və bombaları üzərində “Almaniyada istehsal olunub” deyil, “Demokratiyalarda istehsal edilib” yazılmışdır...

... Cənab Ruzvelt bir faktı qəsdən unudur ki, hazırda Fələstini alman qoşunları yox, ingilis ordusu işğal edib, Fələstinin azadlığı ən qəddar zorakılıq vasitələrilə məhdudlaşdırılıb, öz müstəqilliyini itirib və yəhudi işğalçıların xeyrinə ən qəddar münasibətə dözməyə məcburdur".

Bu, 1939-cu ilin 28 aprelində Adolf Hitlerin Almaniya reyxstaqında - deputatlar önündə çıxışından sitatlar idi. Həmin çıxışında Hitler ABŞ prezidenti Ruzveltin teleqramına cavab verir. Bəzi sözləri dəyişsən, elə bilərsən hazırkı dünya xəbər lentində müzakirələri oxuyursan.

Ruzvelt Almaniyanı, Hitleri Avropa ölkələrini işğal etmək niyyətindən çəkinməyə çağırmışdı. Sonrası məlumdur.

Ancaq haradan məlumdur? Heç zad məlum deyil. İnsanlar min illərdir bir-birini qırırlar, süni intellekt qalib gəlməsə, yenə qırmağa davam edəcəklər (robotlar qalib gələndə onlar bizi qıracaqlar - nikbin sonluğa ümid etməyin).

Bir məsəl var, məncə, durumu ideal izah edir: “Qaçan da Allahı çağırır, qovan da”. Niyə yadıma düşdü? Xəstəxana partlayıb, ortalıq qan gölünə dönüb, müzakirə mövzusuna baxın: “Raket haradan atılıb, bunu dəqiqləşdirməliyik”. Əlbəttə. Ekspertiza lazımdır. Məhkəmə qurulmalıdır. Nürnberqdə qurulmuşdu axı. Gör nə qədər dərs alınıbdır...

P.S. Amma hansısa zəhləmgetmiş ekspert yaman deyibdir: “Ola bilər xəstəxananı HƏMAS-ın əli ilə İsrail partladıb. Hamı İsrailə nifrət eləsin deyə”. Məncə, o, ironiya eləmirdi.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости