Свобода людям, независимость нациям!

Ağdərə andı: “Müzəffər xalq kimi, qürurlu xalq kimi yaşayacağıq!”

1167 14.01.2026 17:56 Колумнисты A A

Prezident İlham Əliyevin azad Qarabağa hər səfəri bir hadisəyə çevrilir. Dövlət başçısının yanvarın 13-də Ağdərə bölgəsinə səfərini də qürur və fəxarət dolu hisslərlə izlədik. Öz evlərinə qayıdan sakinlərin Ali Baş Komandana səmimiyyət dolu sözlərini dinləmək çox xoş oldu. Zəfərimizdən sonra yenidən qurulan, bərpa edilən evlərinə əli çatan sakinlərdən birinin səmimi şəkildə ifadə etdiyi arzusu da çox gözəl idi:

“Getdiyim bütün yerlərdə deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq. Mənim əlim çatdı. Ən böyük sevincim, cənab Prezidentlə görüşməkdir”.

Hətta gələcəkdə bir dəfə də Ağdərədə, Çaparda evində qonaq olmasını xahiş edəndə dövlət başçısı “Gələrik, əlbəttə, hələ çox görüşəcəyik”, deyərək cavab verdi.

rnkAhA4icjmOY2cAcMXivSqm7vuJgKUmdZXInXWK_825.jpg (127 KB)

Bundan gözəl nə ola bilər: yağılardan təmizlənmiş yurdun sahibləri Qarabağ fatehini evinə dəvət edir! Prezident Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Zəngilanda, Cəbrayılda, Kəlbəcərdə, Ağdamda...digər azad və abad edilmiş torpaqlarımızda da yurduna qayıdan sakinlərlə görüşüb, onlara gözaydınlığı verib, onların səmimi alqışlarını, dualarını eşidib. Bu dəfə nəzərlərimiz Ağdərəyə dikildi. Ermənistanın uzun illər ərzində işğalda saxladığı, sərvətlərini taladığı, bizimçün əlçatmaz görünən daha bir bölgəmizə... 

1930-cu ildə yaradılmış Ağdərə rayonu erməni separatizminin əsas sığındığı, dövranını sürdüyü ərazilərimizdən olub. Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt edilən rayon minlərlə şəhidlərimizin qanı-canı bahasına 1992-ci ilin 4 iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad edilsə də, ölkə daxilində baş verən hadisələr səbəbindən 27 iyun 1993-cü ildə Ağdərə şəhəri və ətraf ərazilər yenidən düşmən tərəfindən işğal edilmişdi. Ancaq 44 günlük Vətən müharibəsindən sonra düşmənin başına Dəmir Yumruğunu endirən Azərbaycan dövləti çox keçmədi ki, Ağdərənin də qisasını aldı. 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatından sonra separatçılardan və işğalçı ordudan azad edilən Ağdərədə Azərbaycanın Dövlət Bayrağı həmin ilin 15 oktyabrında Prezident tərəfindən ucaldılıb. 90-cı illərdə rayon statusu ləğv edilən Ağdərə yenidən özünün əvvəlki statusunu bərpa edib. Artıq Ağdərəyə və kəndlərinə Böyük Qayıdış başlayıb! Şəhidlərimizin ruhu şaddır...

C6gXZuH1wNWwyNjJ68HeLisvKETjasyypsSeZKXA_825.jpg (130 KB)

Ağdərə şəhərinin Baş planı Prezidentə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tərəfindən təqdim olundu. Baş plana əsasən, şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə terras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır. Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Şəhərin mənzil fondunun 420 min kvadratmetr olması, həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin, 840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib. Baş planla tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və göstərişlərini verib.

Vaxt var idi Azərbaycan Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarından ölkəmizə qarşı silah kimi istifadə olunmasına, düşmənin yayda suyun qarşısını kəsərək, ətraf rayonları susuz qoymasına etirazını dünyaya çatdırmağa çalışırdı. Hətta Avropa Şurası Parlament Assambleyası da ölkəmizə qarşı su terroru ilə bağlı qətnamə qəbul etsə belə, Ermənistana qarşı hər hansı təsir mexanizmləri işə salınmadı. Əksinə, sonrakı illərdə Azərbaycan əleyhinə absurd iddialar irəli sürüb, əlaqələrin pisləşməsinə səbəb oldular. Amma bütün bu haqsızlıqlarla təkbaşına mübarizə aparan dövlətimiz torpaqlarımızla birlikdə, su mənbələrimizin də işğaldan azad olunmasına nail oldu.

9OCYu7EtQCWiSmmvMnVk7eLRLBbpSFsvmpcNAUiW_825.jpg (110 KB)

Yeri gəlmişkən, Azərbaycan Prezidenti Ağdərə bölgəsinə səfərdən bir gün qabaq ölkənin su təchizatı ilə bağlı toplantı keçirmişdi. Həmin toplantıda bildirmişdi ki, vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi.

“Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Dövlətimizin başçısı qeyd etmişdi ki, Azərbaycan torpaqları azad etməklə özünün böyük su ehtiyatlarına da sahibləndi. İndi belə münbit torpaqlarda, təmiz havanın və saf suların əsl sahibləri əbədi yaşayacaqlar.

Artıq doqquz kəndi abadlaşdırılan Ağdərə rayonu və Ağdərə şəhəri də yenidən qurulacaq. Dövlət başçımız buranın çox gözəl bir sənaye və turizm mərkəzi olacağını söylədi. Prezident çox gözəl təsvir elədi: “Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar...”

Ermənilərin vaxtilə talan etdiyi Ağdərənin gələcək inkişafının çox parlaq olacağını da söylədi. Ölkə başçısı “Dəmirli” filiz yatağından düşmənin təxminən 2 milyard dollar dəyərində, bəlkə də çox mis apardıqlarını da söylədi. Bildirdi ki, bu, talançılıqdır, qanunsuz istismardır. Sitat:

“İndi biz qayıtmışıq, orada işlər qurulub. Qeyd etdiyim kimi, orada 900-dən çox, təqribən 1000-ə qədər iş yeri yaradılacaq. Özü də tapşırıq vermişəm ki, oraya cəlb olunacaq vətəndaşlar bu bölgədə yaşayan vətəndaşlar olmalıdır. İndi oranı genişləndirmək üçün mütləq əlavə sərmayə də qoyulacaq”.

Təsəvvür edin, hətta Vətən müharibəsindən sonra separatçılar və Ermənistanın tör-töküntüləri Ağdərədəki mədənləri talan edirdilər. Ekoloqlarımızın başlatdığı aksiyalar da məhz sərvətlərimizin talan edilməsi, ekologiyamıza dəhşətli zərbələrin vurulmasına etiraz idi. “Dəmirli” və “Qızılbulaq” yataqlarının ərazisinə girişin təmin edilməsinin razılaşdırılması da asan başa gəlməmişdi. Antiterror əməliyyatından sonra Ermənistan mediası yazırdı ki, Dəmirli və Qızılbulaq yataqları İkinci Qarabağ müharibəsinə qədər separatçı rejimin gəlirlərinin 30%-ni qarşılayıb. Bu il yataqları işlədən “Valleks qrup”un büdcəyə 45 milyard dram vergi verdiyini də etiraf edirdilər. Ermənilərin taladığı yeraltı-yerüstü sərvətlərə Azərbaycan sahiblənib. Qarabağa qayıdan sakinlərimiz üçün iş yerlərinin açılmasında bu ünvanlardakı müəssisələrin mühüm yeri olacaq. Yeri gəlmişkən, vaxtilə Ruben Vardanyan həm də Ağdərədəki qızıl, mis yataqlarının “iyi”nə Xankəndidə peyda olmuşdu, sümürürdü sərvətlərimizi. “Dəmirli” yatağını sümürən erməni milyarderin burnundan gətirdi dövlətimiz və bu gün Bakı təcridxanasında “çay içərək” ədalətli cəzasını gözləyir.

rvncGKu9vb4k60cwkdQJR5ME47JjgUb21XyW3R0j_1200.jpg (336 KB)

Ağdərə şəhərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binalarının da istismara verilməsi sakinlərimizin güvənli, təhlükəsiz yaşamasına əlavə təkan verir. Bildirilib ki, Ağdərədə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün ümumilikdə 3 binada təmir-bərpa işləri görülüb. Dörd və beşmərtəbəli binalardakı 72 mənzildən 8-i birotaqlı, 36-sı ikiotaqlı, 24-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Burada hərbçilərin və onların ailə üzvlərinin yaşaması və asudə vaxtlarının səmərəli təşkili üçün bütün şərait yaradılıb. Mənzillər su, qaz, elektrik enerjisi, internet, həmçinin mebel dəstləri ilə təchiz edilib. Binaların ətrafında da geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin istirahəti üçün guşələr yaradılıb. Qalib ordunun Ali Baş Komandanı əsgər və zabitlərimizin də rahat şəraitdə yaşaması üçün zəruri tədbirlərin görülməsini hər zaman qarşıya mühüm vəzifə olaraq qoyur. 30 il ərzində düşmən ordusunun at oynatdığı torpaqlarda indi Zəfər tarixi yazmış ordumuzun hərbçiləri xidmət keçəcək, rahat yaşayacaqlar.

Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə keçirilən görüşdə təsirli anlar da yaşandı.

dK7OlqQui27KLj44dTBGJpaXIJmpqP9GoCbdThSW_825.jpg (120 KB)

“Oğlum məni Sizə əmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə “Qarabağın qəhrəman oğlu” deyirəm”, deyən ananın Müzəffər Ali Baş Komandana minnətdarlığı, dövlət başçımızın, tarix yazan Liderin də öz növbəsində qəhrəman anasına böyük ehtiram göstərməsi hər kəs, o cümlədən səlahiyyət sahibləri üçün nümunədir, ibrətdir.

Prezidentin Ağdərə camaatına xeyir-duasının möhtəşəm yekununu da yazıya əlavə edək:

“Bundan sonra ancaq müzəffər xalq kimi, qürurlu xalq kimi yaşayacağıq!”

Amin! Öz evlərinə dönən həmvətənlərimizə “xeyirli-uğurlu və əbədi olsun”, deyirik!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости