Свобода людям, независимость нациям!

Ağ Evin “Azərbaycana dəstəyi kəs, “F-16” al” siyasəti və ya ABŞ səfiri Şuşaya gedəcəkmi?

7560 28.11.2023 11:35 Колумнисты A A

Bəzi qərbpərəstlər ABŞ-ın bu günədək ölkəmizə səfir göndərməməsinə də “əsaslı don” geyindirməyə çalışırlar. Ermənistanın ABŞ-dakı səfiri Avropa İttifaqının Müşahidə Missiyası ilə birlikdə gecə-gündüz Göyçə-Zəngəzur, hərdən də Vedibasar tərəflərdə patrul xidmətinə çıxır, amma Ağ Ev il yarımdır ki, Bakıdakı səfirliyini səfirsiz qoyub. Bizi yeni sanksiyalarla hədələyirlər. Sanksiyanın buynuzu olmur ki…

Demək, ABŞ-ın Azərbaycandakı keçmiş səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb. 2022-ci ilin may ayının 25-də ABŞ prezidenti Cozef Bayden Mark Libbinin namizədliyini ölkəsinin Azərbaycandakı yeni səfiri olaraq təqdim edib. Senat (Konqresin yuxarı palatası) səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib. Diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif verilib. Di gəl ki, bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Ancaq ardınca yenə də Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb. Nəhayət, noyabrın əvvəlində Libbinin namizədliyi “daşdan keçib”. Hələ də Bakıdakı səfirlik onun yolunu gözləyir...

LİBBİ.jpg (81 KB)

Gözləyək, görək 2019-2022-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olan Örl Litzenberger kimi, xələfi də “iki ayağını bir başmağa” dirəyib, Şuşaya getmək təklifindən imtina edəcəkmi? Əgər Şuşaya getməyəcəksə, bəlkə heç əziyyət çəkib Bakıya da gəlməsin. Çünki bizim sözümüz sözdür: “Şuşasız Azərbaycan, Azərbaycansız Şuşa yoxdur!” Erməni lobbisinin və diasporunun təzyiqlərindən qorxub Şuşaya səfirlərini göndərməyən ABŞ və Fransanın son aylar hansı oyunlardan çıxdığını isə hər kəs görür. Bəli, Şuşa dəvətindən imtina etmək sıradan məsələ deyil, bizimçün münasibətləri dəyərləndirmək testidir. Kimlər ki, Şuşaya xor baxır, demək Azərbaycana baxışı da anormaldır və qəbulolunmazdır.

Odur ki, Senatdakı iyun dinləmələri zamanı “Terrorizmlə mübarizə, sərhəd, enerji və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə xidmət edəcək. Bu sahələrdə səylərimizi ikiqat artıracağam” - deyən Mark Libbin Bakıya gəldikdən az sonra Şuşaya səfər izni istəməlidir: həm öz ölkəsindən, həm də bizim ölkədən. Şuşa bizim qırmızı xəttimizdir və münasibətlərimizi müəyyənləşdirən əsas faktordur.

HİKMET SON.jpg (57 KB)

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ Səfirliyinin Azərbaycan hökumətinin Şuşaya getməklə bağlı dəvətinə açıq şəkildə etinasızlıq göstərdiyini bildirmişdi. Cənab Hacıyev avqustun 27-də Azərbaycanda akkreditə olunmuş çoxsaylı diplomatların, beynəlxalq təşkilatların əməkdaşlarının Azərbaycan hökuməti tərəfindən Şuşa şəhərinə təşkil edilmiş səfəri zamanı demişdi ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri Şuşaya təşkil edilən səfərdə iştirak etmir:

“Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.

Ötən müddət ərzində ABŞ Səfirliyindən rəsmi irada reaksiya belə oldu: “ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik. Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur. Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”.

SEFİRLİK.jpg (61 KB)

Biz deyirik Şuşaya niyə getmirsiniz? Cavab verirlər ki, Ağdam, Zəngilan, Füzuliyə... A kişi, Şuşa! Bir tamaşada deyildiyi kimi: “Subota!!!” İndi Mark Libbin yol üstədir, baxaq, görək onun mövqeyi necə olacaq... Baxın, Türkiyə, Özbəkistan, Qazaxıstan Qarabağın yenidən qurulmasında iştirak edirlər. Bəzi başqa ölkələrin də marağı var, hətta İrandan da mesajlar alırıq. Amma ABŞ “müdrikcəsinə” susur, niyə, ermənilərin xətrinə dəyəcəklərindən ehtiyatlanırlar? ABŞ-dakı erməni lobbisi çirkli pullardan məhrum ola biləcəyindən çəkindiyi üçün Qarabağ və Şərqi Zəngəzur tərəflərə ancaq Ermənistan tərəfdən boylanmağa üstünlük verir. Hə, bir də ara-sıra Azərbaycanın guya Zəngəzur dəhlizi istiqamətində hərbi əməliyyata başlayacağı barədə adına-sanına yaraşmayan şəkildə yalanlar yayırlar, Ermənistanda hərbi cəhətdən də möhkəmlənmək imkanı qazanmaqdan ötrü. ABŞ il yarımdan sonra Azərbaycana səfir göndərməyə hazırlaşır, amma diplomatın qoltuğuna Azərbaycana qarşı sanksiya qətnaməsini verməyi düşünür. Hər halda Senatda “erməniləri müdafiə aktı”, Azərbaycana qarşı 907-ni yenidən diriltmək cəhdləri, ölkəmiz əleyhinə hər cür iyrəncliyə əl atılması başqa qənaəti yaratmır. Səfir iki ölkə arasında münasibətlərin daha da yaxşılaşdırılması, irəli aparılması üçün mühüm personadır. Amma Ağ Evin qərarı ilə davranışları arasında kəskin ziddiyyətlər və məntiqsizlik var. Münasibətləri pozmaqda davam edən Bayden administrasiyasının göndərdiyi səfir burda əli-qolu bağlı qalacaqsa, Azərbaycanla normal əməkdaşlıq istiqamətində qarşıya qoyduğu planları icra edə bilməyəcəksə, daha ona niyə əziyyət verirlər ki?..

BAYRAQLAR SON.jpg (99 KB)

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına “maraqlı” olduğunu iddia edən rəsmi Vaşinqtonun əslində Qarabağda erməni terrorizminin kökünü kəsməyimizdən məmnun olmadığı ortaya çıxdı. Əgər belə olmasaydı, 19-20 sentyabr antiterror tədbirindən, separatçı xunta rejimi ağ bayraq qaldırandan sonra Ağ Evdən Azərbaycana təbrik mesajı gələrdi. Lakin 30 ildir Qarabağ məsələsinin guya həlli ilə məşğul olan həmsədr ABŞ Azərbaycana qarşı bütün istiqamətlərdən təzyiq və şantaj siyasətinə əl atdı, erməni revanşizminə stimul verən davranışlar sərgilədi.

Daha bir utandırıcı fakt bu günlərdə aşkarlandı.

OMER.jpg (64 KB)

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik mətbuat konfransında deyib ki, ABŞ 44 günlük müharibədə Türkiyədən Qarabağın azad edilməsi üçün Azərbaycana dəstəyi dayandırmasını tələb edib!

Ömər Çelik bildirib ki, Vaşinqtonun o vaxtkı tələbi “F-16” qırıcılarının Türkiyəyə göndərilməsi üçün şərt kimi irəli sürülüb. Yəni Azərbaycana dəstəkdən imtina et, “F-16”ları sənə pulla satım! Buna nə ad vermək olar?! Çelikin açıqlamasını Ermənistan mediası da məmnunluqla tirajlayıb. Bir ölkənin özünün ərazi bütövlüyünü təmin etməsinə yardım etmək əvəzinə... Adamlar kimi dövlətlər də dar gündə tanınır. Biz ABŞ-ı növbəti dəfə tanıdıq. 1992-ci ilin “907”sindən sonra düzələcəklərini zənn etmişdik, yanılmışıq. 44 günlük müharibə zamanı Türkiyənin Gəncədəki “F-16”ları da bir çox dairələrin gözlərinə girmişdi, bunu da unutmamışıq...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости