Свобода людям, независимость нациям!

ABŞ-ın Qarabağ üçün “turşulu pəhriz” siyasəti – Bakıda quzu, İrəvanda əjdaha?

1718 21.06.2022 13:02 Колумнисты A A

Amerika rəsmiləri nə sirdirsə, dünya dağılsa da heç vaxt erməni ayağını tapdamırlar. Bu da növbəti fakt.

Az öncə Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Kerri Donfrid İrəvana çatan kimi ermənipərəst mövqe sərgiləyib. Donfrid “Azadlıq” radiosunun erməni müxbirinə deyib ki, “ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətlərini kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün ATƏT-in Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır”.

“Biz Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləyirik və inanmağa davam edirik ki, bu, xüsusilə Dağlıq Qarabağ məsələsində çox vacib formatdır”, - amerikalı yaşlı arvad çərənləyib. Ardınca o, Rusiya ilə bu yöndə əməkdaşlığın nəzərdə tutulub-tutulmaması barədə suala təsdiqi cavab verib: “Bəli. Rusiya Minsk Qrupunun həmsədridir. Fransa, ABŞ və Rusiya bu formatı davam etdirəcək”.

Diplomat İlham Əliyevin Minsk qrupuna ehtiyac olmadığı haqda məlum prinsipial və sərt bəyanatına da münasibət bildirib: “Azərbaycan Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləmir. Birləşmiş Ştatlar isə dəstəkləyir və biz bu prosesdə iştirak edirik, bundan sonra da iştirak edəcəyik”.

Necədir? Gör neçənci dəfədir ki, Azərbaycana qarşı belə riyakar davranışının şahidi oluruq. Bakıda özlərini az qala quzu kimi aparır, İrəvanda isə öz əsl xislətlərini, simalarını ortaya qoyurlar. Sanki bizi qıcıqlandırmaq üçün “Minsk Qrupu”, “Dağlıq Qarabağ”, “konflikt” ifadələrini işlədirlər.

Yaxşı. Görəsən, xanım Donfrid Bakıda niyə “Minsk Qrupu” söhbəti eləmədi? Axı bu məsələdə iki tərəfin adı hallanır. Hələ bu dəqiqə Azərbaycan Qərb üçün, ABŞ üçün Rusiya neft-qazına alternativ baxımından guya xüsusi dəyərdədir. Siyasi ikiüzlülüyün zirvəsi yəni.

Bu xüsusda Donfridin açıqlamasındakı son sitat daha çox diqqət çəkir. Belə çıxır ki, ABŞ gorbagor olmuş Minsk Qrupunu bizə zorla sırıyacaq? Nə demək “Azərbaycan Minsk Qrupunu istəmir, biz istəyirik”. Necə başa düşək bunu, Bakıya təhdid, yoxsa ərazi bütövlüyümüzü şübhə altına almaq cəhdi?

Heyrətamizdir. Rusiya ilə qanlı-bıçaq olan və barışmaları yaxın illərdə belə gözlənilməyən ABŞ ermənilərin xətrinə Rusiya ilə bir araya gəlməyə hazırdır! Çox maraqlıdır Azərbaycan Minsk Qrupunu rədd edirsə, o zaman həmsədr dövlətlər - ABŞ, Rusiya və Fransa kiminlə kimin arasında vasitəçilik edəcək, erməni ilə erməni arasında? ABŞ Bakıya həmsədrliyini zorlamı qəbul etdirəcək?

Başqa yandan, Ukraynada, Moldovada, Gürcüstanda separatçılar ağır sanksiyalar tətbiq edən ABŞ, kollektiv Qərb erməni separatçılarına gələndə nədən onların yolunda özlərini şam kimi əridirlər? Nədir bu tükənməyən erməni sevgisinin sirri? Xristian təəssübkeşliyi? Yoxsa erməni maşası hesabına Türkiyənin, Azərbaycanın güclənməsinin önləmək, onları nəzarətdə, təzyiq altında saxlamaq cəhdi?!

Şübhəsiz, hər ikisi.

Bu yerdə yada salaq ki, Ukrayna müharibəsinin qızğın çağında Fərrux kəndi ətrafında yaşanan hadisələrə də ABŞ, Rusiya, Fransa bir-birinə düşmən kəsilsələr də, sanki sözləşibmişlər kimi, üçü də Ermənistanı müdafiə edən bəyanat verdilər. Azərbaycanı təxribatda, az qala öz ərazisində (!!) işğalçı siyasət aparmaqda suçladılar.

Yeri gəlmişkən, Suriyada abtiterror əməliyyatına hazırlaşan Türkiyəyə qarşı da indi eyni həmrəyliyi görürük - ABŞ, Rusiya və hətta İran vahid mövqedən çıxış edir, qardaş ölkəni bu əməliyyatdan çəkindirməyə çalışır, hətta hədələyirlər. Təsadüfmü?

Qətiyyən. Biz bu ortaq türk düşmənçiliyini Qarabağ məsələsində illərlə görmədikmi? Amma baxırsan ki, onların üçü də ayrı ayrılıqda bir birinə qənim kəsilib. Amma Türkiyəyə, Türkə gələndə o dəqiqə birləşirlər. Erməni məsələsində o saat müttəfiqlərə çevrilirlər. Çünki Türkün, Türkiyənin, Azərbaycanın daşı ağırdır.

Odur ki, güclənməli, güclənməli və güclənməli, bir an belə mürgü vurmamalı, sayıqlığı əldən verməməli, sadiq dost-müttəfiqlərimizlə - Türkiyə, Pakistan və İsrailə, türk dünyası ilə əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmalıyıq. Zira, bir daha qənaət hasil olur ki, Rusiya və ABŞ (Qərb) bir-birini nə qədər qırsa, zəiflədib taqətdən salsa, bizim üçün, Türkiyə-Azərbaycan birliyi üçün bir o qədər yaxşıdır. Qoy erməni də yana-yana baxıb qalsın...

Nəhayət, bir nonsens haqqında. Denfrid İrəvanda əleyhimizə təxribatçı açıqlama verirkən xəbər gəldi ki, ABŞ Azərbaycan və Türkiyənin Ermənistanlı barışığı üçün maliyyə ayırıb. Bu haqda Amerikanın Ermənistandakı səfirliyinin saytındakı məlumatda deyilir. Səfirlik 5 layihə olmaqla ümumilikdə bu il üçün 400 min dollar vəsait ayırmağı nəzərdə tutub. Qeyd edilir ki, təşəbbüsün məqsədi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə xalqları arasında sülh üçün lazımi şəraiti təmin etməkdir.

Qışqırmaq istəyirsən: sülh naminə maliyyə köməyiniz başınıza dəysin, siz elə bircə ermənini üstümüzə qudurtmayın, sönən konfliktin üzərinə benzin töküb revanşist-radikalları şirnikləndiməyin, onlara cürbəcür “konfetlər” vəd eləməyin, ayaqlarının altında torpaq olmayın, erməni özü sülhə, barışığa gələcək!

Sülhə ən böyük töhfəniz də elə bu olar! Yoxsa ki, adama deyərlər, “o nə turşu, bu nə pəhriz...”

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости