Свобода людям, независимость нациям!

ABŞ-ın “katalonlara dirsək, ermənilərə dəstək” siyasəti – Çoxüzlü standart

2280 29.09.2022 14:45 Колумнисты A A

Hər dövlətin etnik separatizmə öz baxışı, yanaşma standartı var.

Elə ölkələr var ki, özlərində belə bir problem yoxdur və onlar separatçılığa dözümlü yanaşırlar, ayrılmaq istəyən bölgənin müstəqilliyindən yana olurlar.

Bəzi ölkələr isə etnik separatizmin bütün təzahürlərinə qarşı çıxırlar, çünki özlərində o problem var və ikili standart daşıyıcısı olmaq istəmirlər. Məsələn, Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan separatizmə qarşı birmənalı mövqedədir. Bu dövlətlər başqa ölkələrdəki analoji hərəkatları dəstəkləmirlər.

Rusiya bu xüsusda ikili standart tətbiq edir. Bu ölkə yaxın ətrafındakı ölkələrin az qala hamısında dəstəkləməyə bölücü qüvvələr tapır, bəzən isə özü yaradır və var gücü ilə dəstəkləyir.

627e9dfc4ae0e627e9dfc4ae0f1652465148627e9dfc4ae0c627e9dfc4ae0d.jpg (187 KB)

Postsovet məkanındakı Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya, Abxaziya, eləcə də sonrakı Donetsk, Luqansk kimi etnik separatizm nöqtələrinin himayədarı Rusiyadır.

Bu qondarma “respublika”ların müstəqilliyinə dəstək verən, hərtərəfli kömək edən, onları hərbi qüvvələri ilə qoruyan Rusiya öz daxilindəki separatizm ocaqlarını isə qanla, repressiya, taktiki soyqırımla boğmağa hazırdır. Ötənlərdə “həddən ziyadə” müstəqillik istəyən Tataırstan və Dağıstanın yüngülvari “şapalaqlanması”, daha irəli getmiş Çeçenistanın isə qırğınlarla ram edilməsi buna əyani sübutdur.

ABŞ-ın separatizmə münasibəti ikili standarta da əsaslanmır, çoxstandartlı və qarışıqdır.

Rusiya etnik separatizmi dəstəkləyərkən öz nüfuz dairəsini, “arxa bağçası”nı, konkret desək, keçmiş SSRİ hüdudlarını bu yolla öz nəzarətində saxlamaq istəyirsə, ABŞ-ın niyyətləri daha uzaqmənzilli və çoxşaxəlidir. Bu dövlət həmin siyasətilə indiyədək olmadığı, yaxud zəif olduğu bölgələrə sızmaq, orada möhkəmlənmək, digər qüdrətli dövlətləri oradan sıxışdırmaq məqsədi güdür.

090.png (569 KB)

Bəzən elə iddialar çıxır, amma hər hansı bir bölgədə hansısa bölücü qüvvəni dəstəkləyərkən ABŞ heç də təkcə xristian təəssübkeşliyi və ya islamofobiya motivi ilə hərəkət etmir.

Elə olsaydı, ABŞ Serbiyada müsəlman albanların Kosovo dövləti qurmasına həlledici dəstək verməzdi, əksinə, Bosniya və Herseqovinada xristian serblərin Serb Respublikası elan etmələrini alqışlayardı.

Hazırda ABŞ-ın Qarabağdakı ermənilərə “yiyə durması”, bu məsələdə Rusiyanı üstələməyə çalışması sırf dini identiklik və ya erməni lobbisinin gücü üzündən deyil (hərçənd bu amillərin də müəyyən rolu var), əsasən Rusiyanı Qafqazdan sıxışdırmaq niyyətinə görədir.

Bu baxımdan ABŞ-ın 4 ən yüksək vəzifəlisinin (prezident Cozef Bayden, vitse-prezident Kamala Harris, parlament spikeri Nensi Pelosi, dövlət katibi Entoni Blinken) dördünün də ermənipərəst mövqedə olması nə qədər “xalqların azad yaşaması və hüquqlarının qorunması” prinsipinə aid cümlələrlə pərdələnsə də, bu dövlətin ayrı-seçkiliyə yol verməsi bariz şəkildə ortadadır.

kataloniya_protest_031017.jpg (78 KB)

Elədirsə, ABŞ nədən İspaniyadan ayrılmaq istəyən Kataloniya separatizmini dəstəkləmir, hətta buna qarşı çıxır? Kataloniya İspaniyadan qansız-qadasız, Avropada dəb olan “iki mədəni insanın sakitcə boşanması və dost qalması” təqdiri ilə ayrılmaq istəyir, terrora, silahlı qarşıdurmaya əl atmır. Ancaq Qarabağ erməniləri üçün özlərini ülgüclədiyi ABŞ və Fransanın Kataloniyanın müstəqilliyi üçün tükləri tərpənmir. Ona görə ki, bu dövlətlər İspaniya ilə dost-müttəfiqdirlər, sayları 10 milyon civarında olan və dünyanın heç yerində öz müqəddaratını təyin etməmiş katalonların taleyi onların vecinə deyil. Ermənilər isə öz müqəddaratlarını bir dəfə (Ermənistan Respublikasını yaradaraq) təyin etdikləri halda, kompakt yaşadıqları Qarabağda ikinci dövlət qurmaq istəyirdilər. Əslində isə burada “dövlət qurmaq” söhbəti də şirmaydı, məqsəd Qarabağın Ermənistana birləşdirilməsiydi.

Yaxşı, baxaq, görək, ABŞ və Fransanın keçmiş SSRİ-nin ərazisindəki digər, Qarabağ münaqişəsi ilə yaşıd olan separatizm ocaqlarına münasibəti necədir? Bu dövlətlər Moldovadakı qondarma “Dnestryanı respublika”nı, Gürcüstandakı Cənubi Osetiya və Abxaziyanı dəstəkləyirmi, onların təməl hüquqlarının qayğısına qalırmı? Xeyr. Əksinə, ABŞ da, Fransa da onlara qarşıdır. Niyə? Ona görə ki, bu cırtdan Qafqaz “respublika”larını onların düşməni Rusiya yaradıb və onlara dost Gürcüstanı parçalamaq istəyir.

kipr (1).jpg (50 KB)

Eyni siyasət illərdir Türkiyəyə qarşı da yeridilir. Bu ölkənin cənub-şərqində “Kürdüstan” dövləti qurmaq istəyən etnik separatçılara nəinki ABŞ və Fransa, eləcə də Avropanın digər ölkələri siyasi, hərbi, maddi dəstək verirlər, ayrı-ayrı terrorçuları qoruyur, gizlədirlər. Amma bunun onda biri qədər diqqət və qayğını 50 ilə yaxındır ki, müstəqil və demokratik dövlət qurmuş Şimali Kipr türklərinə göstərmirlər. Nədən? Çünki onlar Türkiyənin parçalanmasını, zəifləməsini istəyirlər, yunan Kiprinin parçalanmasını istəmirlər.

Halbuki 2004-cü ildə Kipr adasının hər iki hissəsində keçirilən referendumda türklər yunanlarla birgə yaşayışa razı olduqları halda, yunanlar türklərlə birlikdə yaşamaq istəmədiklərinə dair səs vermişdilər. Bu, artıq ŞKTC-nin rəsmən tanınmasına yol açırdı. Fəqət, ABŞ və Avropa ölkələri türklərin xoşməramlılığından, yunanların isə korafəhmliyindən pərt olsalar da, yenə Kipr türklərinin halal haqqını tanımadılar.

1647360347_tt.jpg (101 KB)

Beləliklə, bir ölkədə separatizmi var gücü ilə dəstəkləyən, başqa bir ölkədə separatizmə yumşaq şəkildə qarşı çıxan, o birində separatçılara loyal yanaşan, başqa birində separatizmi terrorizmə tay tutan ABŞ var və o, analoji situasiyalarda özünə necə sərf edirsə, elə mövqe tutur. Sabah, Kvebek əyaləti Kanadadan ayrılmaq istəsə, ABŞ bunu avantüra adlandıracaq, amma İran kürdləri “Mehabad respublikası”nı bərpa etsələr, ABŞ kömək edəcək.

Bu baxımdan Qarabağın dağlıq hissəsindəki sönməyən separatizm ocağı o biri “qarayara”lara bənzəməz. Bizimkinin xəmiri çox su tələb edir. Bir güclü dövlət bu xüsusda bir az neytrallaşan kimi yerini başqa bir qüdrətli dövlət tutur və haqsız təcavüzkara dəstək verir.

Ona görə də gah belə, gah elə bəyanatlar verən, ikili standartlara dair irad tutulduqda isə “müqayisə qüsurludur” deyə separatizm ocaqlarnı “doğma”lara və “yad”lara bölən ölkələrin bəyanatlarını çox da ciddiyə alıb, onlarla hesablaşmaq olmaz. Mütləq müqavimət göstərmək lazımdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости