Co Bayden hakimiyyətdən getməsinə sayılı günlər qalmış Cənubi Qafqazda sabitliyi pozmaq üçün əlindən gələni edir. Bu işdə dövlət katibi Antoni Blinken də dəridən qabıqdan çıxır.
ABŞ-ın gələn həftə sərhəd təhlükəsizliyini gücləndirmək (?) məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərmək qərarı bunun əyani göstəricisidir.
Bu qərarı ABŞ dövlət katibi Antoni Blinken bu gün Ararat Mirzoyanla görüşündə açıqlayıb.
O deyib ki, bu istiqamətdə müvafiq işləri gücləndirəcəklər.
Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəd bölgəsində yerləşdirmiş olduğu müşahidə missiyasının əhatəsini genişləndirmək qərarının ardınca ABŞ-ın Ermənistana sərhəd mühafizə qrupu göndərmək planı birmənalı olaraq təxribatdır. Faktiki olaraq bölgəyə "desantlar" yollayır.
Hələlik bu qrupun hansı sərhəd zonasına yerləşdiriləcəyi dəqiq bildirilməsə də, bu addım Azərbaycanla Ermənistan arasında sülh prosesini növbəti dəfə tormozlamaq cəhdi ilə yanaşı, bütövlükdə Qafqazda sabitliyi pozmağa hesablanıb.
Təbii ki, bu məkrli plana Azərbaycan adekvat reaksiya verəcək və heç şübhəsiz, qısa zamanda dövlət görəvliləri konkret mövqe bildirəcəklər.
Proseslərə geniş - Qafqaz maraqları, bölgədə gedən nüfuz savaşı (Gürcüstan-Qərb qarşıdurması, paralelində Ermənistanın Qərbin ruporuna çevrilmək kursu götürməsi) prizmasından yanaşdıqda isə çanaq Ermənistanın başında pis çatlayacaq.
Təkcə bir faktı qeyd edək: Amerika NATO timsalında Ukraynada, Rusiya yaxınlığında əsgəri qüvvə yerləşdirmək istədi, nəticə bəllidir: Ukrayna əraziləri işğal və ilhaq olundu, rəsmi Kiyev acı tale yaşayır.
Daha əvvəl isə Gürcüstan Qərbə qucaq açanda rus tankları Tiflis yaxınlığınadək gəlmişdi.
Amerikanın "xeyir-dua"sı ilə növbədə Ermənistandır: İndi də bu ölkəni Rusiyaya "şumlatmaqla", Cənubi Qafqazda növbəti dəfə sabitliyi pozmağa çalışırlar...
Elşad MƏMMƏDLİ,
Musavat.com