Свобода людям, независимость нациям!

8 may xəcaləti...

2910 01.05.2022 13:46 Колумнисты A A

(Bizi bu utancdan qurtaran şəhidlərimizin əziz xatirəsinə)

8 may. 1992-ci il. Şuşanın işğalı. Azərbaycan tarixinin ən qara səhifələrindən biri... 29 il hər 8 mayda yaşamışıq bu utanc tarxini. Əslində utanc demək də bəlkə doğru deyil, birinci Qarabağ savaşında Şuşa uğrunda canından keçənləri necə unutmaq, bizim sıraya necə aid etmək  olardı ki? Onların da boynumuzda haqları olub həmişə, onlara da borcluyuq... 

8 may tarixini həmişə fərqli yad etmişik. Fərqli münasibət olub Şuşaya. Pasportumuzda heç dəyişməyən Şuşa qeydiyyatını görən yol polisi də cəriməmizi görməzdən gəlib. Həmin adama görə yox, Şuşaya görə... Hələ “şuşalıyam” adını qorumaq da var- indi qəribə gələ bilər, amma bu da olub. Şuşalı yalan danışmaz, şuşalı adamı aldatmaz, şuşalı toyda oynamaz... Sonuncusu mənim “kəşfimdir”, oynaya bilməməyimi Şuşa adı altında gizlətmişəm əlbət. İşə yarayıb, hamı anlayışla qarşılayıb, bəlkə də üzə deməsələr də, şuşalı oynayanda qıraqdan baxıb qınayıblar da...Şuşa işğaldaykən, necə oynamaq olardı axı Allahım? 

1443073.jpg (125 KB)

8 may. Hər bu tarix yer öz oxu ətrafında fırlanıb gələndə dünya adamın başına yıxılardı. Son illər ümumiyyətlə, həmin gün heç televizoru yandırmağa daha hey də qalmırdı. Nə qədər olardı bu həsrətlə yaşamaq? Ermənilərin  Şuşada yeyib-içməklərini, orada genəlib dicəlməklərini, bizə acıq vermələrini heç zaman unutmaq olmaz...Sənin vətənində yadellilərin qol götürüb oynamasından daha böyük utancmı olardı? Ata-babanın işğaldakı qəbirlərində sümükləri də yanırsa, sən ümumiyyətlə necə “yaşayıram” deyə bilmisən? 

Hər ötən il bizi Şuşadan uzaqlaşdırmırdı, əksinə bu dərd daha da adamı özünə çəkər, yaxasından yapışar, çərlədərdi. Pirşağıdakı “şuşalılar qəbiristanlığı” son nəfəsində “Şuşada ölə bilmədik” deyənlərlə doludur...

a1071cce5fad.jpg (220 KB)

Heç Şuşanı görməyən uşaqlarımıza hər şeydən öncə “şuşalıyam” deməyi öyrədirdik. Amma “məni Şuşaya niyə aparmırsan” sualı qarşısında ürəyimizi ovuşdurmaqdan başqa çarəmiz qalmazdı. Uşaqlar da böyüyər, gerçəyi öyrənər, elə biz qədər dərdlənməyə başlayırdlar. Biz uşaqlarımızı bu boyda ağır yükün altında qoyub getməməliydik! 

Son illər tez-tez “ Şuşa daha getdi...” eşitməkdəydik. Gəlib-gedən Minsk Qrupuna, mənasız danışıqlara daha inam qalmamışdı. “Şuşanı erməni müharibəsiz qaytarmaz”-bu da son illərin ən çox  işlədilən fikirlərindən biri, bəlkə də birincisi idi. Müharibə isə illərlə Səfər Əbiyevin “lazım gələrsə...”ninin ümidinə qaldı. 

3263063.jpg (341 KB)

2016-cı ilin aprel döyüşlərində “niyə hərbi əməliyyatlar yarımçıq dayandı, niyə irəli getmədik” dedik. Yenə ümidsizlik, yenə həmsədrlər...Şuşa sən demə, o müzakirə masasında heç yoxmuş- həmsədrlər  və ermənilər əlbir olub bu tarixi şəhərimizi “mənimsəyiblərmiş...” “Şuşada Azərbaycan bayrağı o zaman dalğalanacaq ki, burada bəlkə konsulluq binası açasız”-ermənilər deyirmişlər bunu da. Düşmən Şuşanı əbədi caynaqlarına keçirdiklərinə özlərini elə inandırmışdılar ki...

27 sentyabrda başlayan Vətən müharibəsinin hər saatını  “Şuşa da işğaldan mütləq qurtulacaq” ümidi ilə yaşadıq. Hər işğaldan azad kənd bizi Şuşaya yaxınlaşdırırdı. “Amma”lar, “bəlkə...”lər də vardı. Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deməklə “amma” və “bəlkə”lərin üzərinə xətt çəkdi. 

Çətin oldu “ŞUŞA, SƏN AZADSAN!” xəbərini gözləmək. O xəbəri qulağınla eşitmək xoşbəxtliyi...29 illik ayrılığın bitdiyini bildirən 8 noyabr günü! Qələbəyə həsrət, Şuşaya həsrət xalqın bayramı! Möcüzə kimi bir gün...

susa(4).jpg (142 KB)

Şuşa azaddır! Doğrudan, yəni?! Ali Baş Komandana Şuşadan məruzə edilir, bayrağımız Şuşada! Gövhərağa məscidində xüsusu təyinatlımız azan oxuyur...Belə bir möcüzəni yaşamaq qismətimizdə varmış sən demə... 8 may utancından, 8 noyabr zəfərinə aparan yol uzun, ağrılı oldu. Amma oldu!  

Biz yaşayaq, başımızı dik tutaq deyə, canlarından keçən şəhidlərimizə borcluyuq, qazilərimizə minnətdarıq...Onlar Şuşanı Azərbaycana qaytarmardılar təkcə, xalqın 29 illik əzilmiş, təhqir edilmiş qürurunu xilas etdilər! 

Şuşa və digər torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında baş əyirik!  Başımızı onların qarşısında əymək nə böyük qürur!!!

Nazim SABİROĞLU, 
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости