Свобода людям, независимость нациям!

5 il öncə Paşinyana “azarkeşlik” edənlərimizin gözləntisi...

1947 13.02.2023 10:33 Колумнисты A A

 

5 il əvvəl bu vaxtlar ölkəmizin ictimai-siyasi fəallar kəsimi yenə iki tirəyə bölünmüşdü. Bu dəfə “nifaq alması” Ermənistandaydı. Fəallarımızın mülahizələri qonşu və düşmən ölkənin siyasi həyatına münasibətdə toqquşurdu.

Bir tirə əlində meqafon, çiynində heybə, əynində hərbi kamuflyaj olan, saqqallı, çox adamın tanımadığı Nikol Paşinyana azarkeşlik edirdi, istəyirdilər, o, başlatdığı inqilabi hərəkətlənmənin nəticəsi olaraq qalib gəlsin, Ermənistandakı “Qarabağ kıanı”nın hakimiyyətini çökdürsün.

İkinci tirə hakimiyyətinin ömrünü uzatmaq üçün konstitusiyada dəyişiklik etdirən, prezident postundan sıçrayıb baş nazir vəzifəsində oturmaq istəyən Serj Sarkisyanın hakimiyyətdə qalmasını, onu yeni qüvvələrin əvəz etməməsini istəyirdil.

Birincilərin istəyinin motivi ilə ikincilərin arzularının səbəbi çox fərqliydi.

İkincilər bu arzusu heç də Sarkisyana şəxsi rəğbətlərindən qaynaqlanmırdı, əksinə, hamısı ona nifrət edirdi. Ümumiyyətlə, onlar dünyanın istənilən yerində “məxməri”, rəngli inqilablar yolu ilə hakimiyyət dəyişikliyinə qarşıydılar və hesab edirdilər ki, qonşu ölkədəki inqilabi hərəkətlənmə Azərbaycana da siçraya bilər. Bundan əvvəl bu “milli mühafizəkarlar” Ukraynada Yuşşenkonun, Gürcüstanda Saakaşvilinin əleyhinə olmuşdular, hətta “ərəb baharı”na qarşı da çıxış etmişdilər.

Paşinyanın Sarkisyanı devirib hakimiyyətə gəlməsini istəyənlər də əslində Paşinyana simpatiya bəsləmirdilər. Onlar Ermənistanda hakimiyyət dəyişikliyinin olmasını, köhnə komandanın iş başından getməsini, hakimiyyətə yeni qüvvələrin gəlməsini, xalq kütlələrinin iradəsi ilə baş verən bu dəyişikliyin ölkəmizə də sirayət etməsini arzulayırdılar.

“Paşinyançılar”ın özü də iki yerə bölünürdü. Onun öz ölkəsindəki qələbəsinin bizim ölkəmizdəki “yatmış xalqı” oyadacağını, inqilabi hərəkətlənməyə stimul verəcəyini (“qonşu qonşuya baxar, özünü oda yaxar” məsələsi) düşünənlərlə yanaşı, “Soros uşağı” kimi tanıdıqları Paşinyanın hakimiyyətə gələcəyi təqdirdə Ermənistanın Rusiya ilə münasibətlərinin soyuyacağını, Avropaya yaxınlaşacağını, bu zaman Moskvanın İrəvana dəstəyinin azalacağını, bunun Azərbaycan üçün revanş fürsət olacağını ehtimal edənlər vardı.

Ayrıca onlar düşünürdülər ki, əli məsum azərbaycanlıların qanına batmış “Qarabağ klanı” heç vaxt Qarabağ məsələsində Azərbaycana heç bir güzəştə getməyəcək, onun yerinə gələn qüvvələrlə isə bəlkə də necəsə anlaşmaq olar.

888.jpg (63 KB)

Beləcə, Azərbaycanın ictimai-siyasi fəalları iki tirəyə, üç yarımqrupa bölünmüşdülər və sosial şəbəkələrdə sürəkli mübahisə aparırdılar. Bu mübahisə-müzakirə oraya qədər davam etdi ki, Paşinyan Sarkisyanı devirdi, özü hakimiyyətə gəldi. O, əvvəlcə ölkəmizə qarşı bir az mülayim danışdı, sonra Ermənistan ictimaiyyətinin gözündən düşəcəyini hesablayaraq qəfildən sərtləşdi.

Paşinyanın hakimiyyətə gəlməsi ilə bizim fəalların bəzi gözləntiləri doğrulsa da, bəziləri doğrulmadı. Məsələn, “erməni inqilabı” ölkəmizə sirayət etmədi, heç kəs əlinə meqafon, çiyninə heybə götürüb ortaya çıxmadı və bunu umanlar umsuq oldular. Eyni zamanda “inqilabi sirayət”in baş tutmadığını gözləyənlər sevindilər ki, nə yaxşı, ermənilərin ayağa qalxması Azərbaycanda eyni prosesə təkan vermədi.

Bu məsələdə yalnız birinci tirənin ikinci yarımqrupunun gözləntisi doğruldu – Paşinyan tezliklə ölkəsinin üzünü Avropaya çevirdi, Rusiya Ermənistana üzünü bozartdı, iki dövlətin münasibətlərində çat əmələ gəldi, tarixi fürsət yarandı, Azərbaycan həmin çatı dronla doldurdu, Şuşa başda olmaqla işğal altındakı rayonlarımız geri alındı.

Məlum oldu ki, ölkəmizin mənafeyinə uyğun olan variant məhz Paşinyanın hakimiyyətə gəlməsi imiş. Onu da qeyd edək ki, bu qrupa daxil olanlar hətta Ermənistanda vətəndaş müharibəsinin başlanacağını gözləyirdilər və düşünürdülər ki, bu halda Azərbaycanın işləri daha avand ola bilər. Ancaq nəzərdə tutulan şey bunsuz da başa gəldi.

999.jpg (245 KB)

Bizim ictimai-siyasi fəalların bu xasiyyəti hələ də dəyişməyib. Sadəcə, ölkələr dəyişir. Hansı ölkədə seçki olursa və ya inqilabi hərəkat baş qaldırırsa, biz azı iki tirəyə bölünürük və həmin ölkədə hakimiyyət dəyişikliyinin ölkəmizə mənfi-müsbət təsirləriini götür-qoy edirik.

Bir iş pisdir ki, hər dəfə korporativ siyasi maraqlar önə çıxır, çoxları həmin ölkədəki hakimiyyət dəyişikliyinin təmsil olunduqları siyasi partiyanın, blokun, düşərgənin gələcəyinə edə biləcəyi təsirə nəzərən tərəf tuturlar.

Yalnız kiçik bir qrup var ki, onlar qonşu və uzaq (qüdrətli) ölkələrdə olası hakimiyyət dəyişikliyinin bütövlükdə ölkəmizə xeyir və ziyan olacağını hesablayırlar və onların əsas düşüncəsi budur ki, hansı ölkədə hakimiyyətə kim gəlir-gəlsin, hakimiyyətdə kim qalır-qalsın, təki bundan bizə ziyan gəlməsin.

Hazırda eyni situasiya olmasa da, mövzu qardaş ölkədəki seçki olsa da, həmin qrupun sosial şəbəkələrdə izhar etdikləri ümumi fikir belədir ki, Türkiyədə Rəcəb Tayyib Ərdoğan və komandası ən azı 2 il iş başında qalsa, bunun ölkəmizin haqq işinə, gələcəyinə və təhlükəsizliyinə böyük faydası olar. Gerisi təfərrüatlı söhbətdir, xırdalanması sonraya qalsın.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости