Свобода людям, независимость нациям!

5 dəfə siyasi uğur qazanan partiyanın bağlanması...

2490 23.03.2023 17:35 Колумнисты A A

 

Xanhüseyn Kazımlının partiyasının öz fəaliyyətini dayandırması yaxşı xəbər olmadı. Yeri görünəcək. Zarafat deyil, bu partiya 29 il idi fəaliyyət göstərirdi və açığı, heç vaxt bəziləri kimi özfəaliyyətə yol verməmişdi.

Köklü partiya idi, aydın konsepsiyaları, düzgün xətti, dəyişməz mövqeyi vardi, prinsipial məsələlərdə həmişə öz sözünü deyirdi, böyük kadr potensialına malik, geniş elektoratı olan siyasi təşkilat idi. “Partiya ötən dövrün hər anında dövlətin, cəmiyyətin və öz tərəfdarlarının yanında olub”.

İndi qədirbilən və diqqətli oxucu bu kəlmələri oxuyur, bir anlıq fikirləşir, dönüb bir partiyanın adına, bir də yazı müəllifinin imzasına baxır və anlayır ki, müəllif zarafat edir. Nə konsepsiya, nə kadr bazası, nə elektorat... yox bir, kişmişli bulka. Ayrıca yuxarıdakı abzasın dırnaq arasında verilən son cümləsi ASRP-nin özünün yaydığı bəyanatdan götürülüb.

O partiyanın əz böyük məziyyəti elə adıydı - Azərbaycan Sosial Rifah Partiyası. İnandırıram sizi, bəlkə də hakim Yeni Azərbaycan Partiyası o ada həsəd aparırdı. Bu adda partiya istənilən ölkədə azı üç dəfə ard-arda seçki birincisi ola, təkbaşına iqtidara gələ bilər.

Nədən ki, dünyada sosial rifahdan önəmli şey yoxdur. 29 il əvvəl Xanhüseyn müəllim partiya qurub bu adı seçəndə düz onluqdan vurub. Ya da ola bilər, bunu ona müşavirləri məsləhət görüb, müəllim də ixtisasca iqtisadçı olduğundan dərhal anlayıb ki, millətin səsini yalnız sosial rifahı yaxşılaşdırmaq yolu ilə almaq olar.

Çifayda, bizim elektorat ideyalara, konsepsiya və proqramlara yox, şəxsiyyətlərə, xüsusilə də onların daha xarizmatik olanlarına, bəzən isə populustlərə diqqət yetirir. Xanhüseyn müəllim populist adam deyil, heç xarizmatk lider də deyil, ona görə də partiyası siyasi arenada ciddi uğur qazanmadı.

“Uğur qazanmadı” demək də bir az insafsızcasına çıxır. Sosial Rifah Partiyasının özünə görə uğur qazanmışlığı da olub, sədr Xanhüseyn müəllim beş dəfə (1995, 2000, 2005, 2010, 2015-ci illərdə) parlamentin deputatı seçilib. Yəni əslində, pandemiyaya qədər SRP parlament partiyası olub.

Hətta bu prizmadan baxsaq, SRP-nin iqtidar partiyası da saymaq olar, birbaşa və təkbaşına hakimiyyətə gəlməsə də, bir güncdən bir yeri vardı və bu ona hərtərəfli bəs idi. Müəllim arada Azərbaycan Respublikasının Prezidentliyinə namizəd də olub və əsas rəqibləri onun xeyrinə seçkidən çəkilsəydilər, prezident seçilə, texnokrat-prezident ola bilərdi.

İndi bədxahları deyəcəklər ki, SRP də “bir sədr – bir partiya” kateqoriyasından idi. Ola bilər. Amma guya ki, o biri partiyalar çoxsaylı olub nə edirdilər ki? Yenə Xanhüseyn müəllim tək canıyla hər seçkidə qalib gəlib parlamentə düşür, 100 faizlik göstərici ilə siyasi nailiyyət qazanırdı, çox üzvü olan partiyalar isə seçkiyə 100 namizədlə girir, hər dəfə “mənəvi qələbə” qazanır və seçkidən 0 mandatla çıxırdılar.

Bu yerdə uzun çəkən mübahisə düşə bilər ki, bəs seçkilər... qanunlar... pozuntular... reallıqlar və s. Bəli, reallıq beləydi ki, Xanhüseyn müəllim parlamentin üzvü seçilirdi...İndi yaxşı təqaüd alacaq.

Hazırda belə bir partiya bağlanır. Sədr də yaşlı adamdır, 81 yaşı var, düşünür ki, qoy gənc nəsil qabağa çıxsın, bir az da dövlətçiliyin keşiyində onlar dursun, milli maraqları qorusunlar.

Doğrusu, adam əndişələnir ki, belə nüfuzlu partiyaların bir-birinin ardınca siyasi səhnədən çəkilməsi siyasət arenasında boşluq yarada bilər və onların yerinə sağı-solu bilinməyən yeni qüvvələr gələr. Nə də olmasa, bu partiyalar 25-30 il idi ki, ortadaydılar. Təzələri nə bilmək olar?

Bir tərəfdən yaxşıdır ki, partiyalar minimuma qədər azalacaq, yerdə qalanların adlarını yadda saxlamaq asan olacaq. (Yeri gəlmişkən, gərək axıra qalan partiyalardan biri danışıb bu adı Xanhüseyn müəllimdən alsınlar – gül kimi addır).

Əslində bizdən olsa, ölkədə cəmi iki partiya olar – ABŞ-dakı kimi. Respublikaçılar və demokratlar. Amma reallıq belədir ki, bu, heç vaxt olmayacaq. Çoxallahlılıqdan imtina edərək təkallahlılığı qəbul etməyimizə baxmayın, biz heç vaxt çoxpartiyalılıqdan vaz keçmərik.

P.S. Yazı başa gələndə məlum oldu ki, daha bir gözəl adlı partiya (Təkamül Partiyası) qapanır...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости