Свобода людям, независимость нациям!

452 xalq artisti

1865 11.05.2023 11:14 Колумнисты A A

 

Yaxud mədəniyyət nazirinin yetimləri

Aktyor Natiq Fərzəliyevin şikayətini oxudum, ürək ağrıdan mövzuya toxunub. Deyir 61 yaşım var, hələ də heç bir fəxri ad və mükafat üzü görməmişəm. Sitat: “On il qabaq əməkdar artist adı almaq üçün Mədəniyyət Nazirliyinə müraciət elədim. Heç xeyri olmadı. Hər il çoxlu artistə prezident mükafatı verilir, orada da bizim adımız olmur. Eyni adamların siyahısını yazıb rəhbərliyə göndərirlər. Yetiməm deyə adım heç yerdə yoxdur”.

Mən Natiqi şəxsən tanıyıram, onu 90-cı illərdə rejissor Hüseynağa Atakişiyevin Gənclər Teatrında oynayarkən görmüşəm. İndi də, deyəsən, Gənc Tamaşaçılarda çalışır. Şikayət elədiyi məsələdə haqlıdırmı? Yüz faiz. Ancaq niyə bizdə aktyorlar hökumətin, siyasi liderlərin verdiyi ənamlardan asılı olmalıdır? Bunun üzərində düşünmək lazımdır.

Təsadüfən, eyni gündə aktyor Yaşar Nurinin xanımı da şikayətlənib. Deyir mən xalq artistinin xanımı ola-ola mədəniyyət nazirinin qəbuluna düşə bilmirəm, gör başqaları nə çəkir. Onun dərdi Natiqin dərdindən bir az fərqlənir, deyir rəhmətlik Yaşara diqqət lazımdır, bunu nazirlikdən görmürəm: “Yaşarın adı qanunla küçəyə verilməlidir, evinin qarşısında lövhə vurulmalıdır” və sairə.

Belə çıxır bizdə artistin nə dirisinə, nə ölüsünə hörmət qoyulmur. Ancaq ümumilikdə hər il onlarla artist aylıq 500 manat mükafat alırsa (prezident mükafatının məbləği bu qədər olmalıdır), fərdi təqaüdlər, başqa təltiflər, evlər verilirsə, şikayətin əsası varmı? Mübahisəli məsələdir.

Doğrusu, Yaşar Nurinin xanımının üsyanı diqqətimi çəkdi və “doğrudanmı xalq artistlərinin belə hüquqları vardır” deyə düşündüm (o, “liqotlar” demişdi, ya da jurnalist belə yazmışdı - Z.H.) Heç bir qanunda belə haqqa, güzəştə rast gəlmədim. Bizim fəxri adlar haqda qanunda yalnız əməkdar artist adı alana sonradan xalq artisti adı verməyin mümkünlüyü qeyd olunub. Bunun üçünsə “müstəsna dərəcədə dərin ideya və bədii cəhətdən yüksək ustalıq, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmaq” (qanundan sitatdır) lazım imiş. Xalq artisti alana döş nişanı verilir, sinəsində haradan asmalıdır və sairə detallar da vardı, lakin xalq artistinin adı mütləq küçəyə qoyulsun, evinə lövhə yapışdırılsın, nazir mütləq onun xanımını qəbul etməlidir - qanunda belə şeylər yoxdur.

Üstəlik, Yaşar Nurinin sənətkarlığına bütün hörmətimizə baxmayaraq, mədəniyyət nazirinin onun ailə üzvlərini qəbul etməyə imkanı olmaya bilər. İzah edim.

Azərbaycan Respublikasının Xalq artisti fəxri adı 1991-ci ildə təsis edilib və o vaxtdan 2021-ci ilə qədər bu ada 197 nəfər layiq görülüb (bu, internet resurslarından əldə edə bildiyim təxmini və minimum siyahıdır, say daha çox ola bilər). Müqayisə etmək istəyirsinizsə, ondan qabaqkı fəxri adı - Azərbaycan SSR xalq artisti adı alanların sayını yazıram: 255 nəfər. Ancaq bu 255 nəfərə xalq artisti adı 1931-1990-cı illərdə verilib. Qısa yazsam, sovet hakimiyyəti dönəmində əgər 59 ildə 255 nəfərə bu ad verilibsə (yeri gəlmişkən, Yaşar Nuri də əslində həmin “Azərbaycan SSR xalq artisti” adını alıb - 1989-cu ilin martında), müstəqillik dövründə 30 ilə artıq 197 nəfər bu adı alıb.

Maraqlıdır ki, bizdə xalq artisti adı ilə təltiflər adətən seçkilər ilində çoxalmışdır, məsələn, 2005-ci ilin parlament seçkisindən az öncə 22 nəfərə bu ad taxılmışdır. Ancaq mən siyasətə qarışmıram, ona görə dərinə getmirəm.

İndi qayıdaq Yaşar Nurinin xanımının dərdli şikayətinə. Yazdığımız rəqəmləri toplasaq, Azərbaycanın 452 nəfərdən çox xalq artistinin olduğu ortaya çıxır. Bunların hamısının adını küçəyə versək, Bakıda küçə qalmaz. Evlərinə lövhə vursaq, bürünc çatmaz. Mədəniyyət nazirinin də yerinə mən olmayım, sən ol - bu qədər xalq artistinin dul qalmış xanımını, oğul-uşağını qəbul eləsə, bədbəxtin başqa iş üçün vaxtı qalmaz ki. 

Hələ xalq şairləri, xalq yazıçıları, xalq rəssamları da var ey... Maşallah. Hər cür fəxri adımız var, fəxr eləməyə vaxtımız çatmır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости